Mobil versiya
Səttar Möhbalıyev: “Ali Baş Komandanın Şuşaya səfəri Qarabağın əsl sahibinin kim olduğunu bir daha bütün dünyaya göstərdi”
Tarix: 18-01-2021 | Saat: 14:21
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

Səttar Möhbalıyev: “Ali Baş Komandanın Şuşaya səfəri Qarabağın əsl sahibinin kim olduğunu bir daha bütün dünyaya göstərdi”


Artıq xəbər verildiyi kimi, yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. İlk növbədə qeyd olunmalıdır ki, möhtərəm dövlət başçımızın indiyədək işğaldan azad edilmiş dügər rayon və şəhərlərimizə etdiyi səfərləri kimi, Şuşaya bu səfəri də Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür. Eyni zamanda da Ölkə Prezidentinin yanvarın 11-də keçirilmiş məlum Moskva görüşündən dərhal sonra ailəsilə birlikdə Şuşaya səfər etməsi Qarabağın əsl sahibinin kim olduğuna dair bütün dünyaya ünvanlanmış növbəti mesaj kimi qiymətləndirilməlidir.
Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul oldular. Lakin möhtərəm Prezidentimizin də öz çıxışında qeyd etdiyi kimi, onlar bütün bu müddət ərzində bu torpaqlarda bir daşı belə daş üstünə qoymadılar. Əksinə, uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez buralardan qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Əlbəttə ki, torpağın əsl sahibi belə etmir. Torpağın əsl sahibi həmin torpaqda yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələciyini təmin etmək üçün iş görür. Necə ki, Prezident İlham Əliyev Şuşa şəhərinə səfərindən öncə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu. Möhtərəm Prezidentimiz dedi ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.
Budur torpağın əsl sahibinin yanaşma tərzi! Dövlətimizin başçısı sadəcə yol çəkilişi, infrastruktur layihələrinin icrası barədə göstərişlər verməklə kifayətlənmir. Ən xırda məqamlar, ən kiçik incəliklər belə Ölkə Prezidentinin diqqətindən yayınmır.
Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsilə başa çatmasından cəmi iki ay vaxt keçməsinə baxmayaraq, artıq torpaqlarımıza Böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən Ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. Böyük qürur doğuran önəmli məqamlardan biri də budur ki, Şuşanın işğalı zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı erməni vandalları tərəfindən güllələnmiş və sonradan Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Bakıya gətirilmiş büstləri də artıq Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri də artıq reallığa çevrilib.
Ümumiyyətlə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə bütün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Bu reallıqlardan ən önəmlisi də budur ki, Azərbaycan xalqı artıq öz torpaqlarına qayıdıb və bu qayıdış əbədidir. Bu reallıqla barışmaq istəməyən, hələ də tarixin təkərini geri döndərmək kimi boş ümidlərindən əl çəkməyən ünsürlərə isə ən gözəl cavabı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müqəddəs üçrəngli bayrağımızı qaldırdığı Şuşa şəhərində etdiyi çıxışlarında vermişdir: “Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik.” “Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar.”
Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Səttar Möhbalıyev
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024