Mobil versiya
Qəhrəmanlıq nümunəsi, fədakarlıq örnəyi – şəhid Əsəd Əsədli
Tarix: 03-12-2020 | Saat: 15:10
Bölmə:Manşet / Ölkə | çapa göndər

Qəhrəmanlıq nümunəsi, fədakarlıq örnəyi – şəhid Əsəd Əsədli




“Qarabağ Azərbaycandır!” - əgər bu gün biz bu ifadəni qürurla deyə biliriksə, əgər bu həqiqəti bu gün bütün dünya artıq baş vermiş bir reallıq kimi qəbul etmişsə, buna görə biz hamımız həm də Vətən uğrunda canlarından keçmiş şəhid övladlarımıza, öz sağlamlıqlarını qurban vermiş qazilərimizə borcluyuq.

Şəhid Əsəd Mahir oğlu Əsədli orta təhsilini Bakı şəhəri, Nizami rayonu 229 saylı məktəbdə almışdı. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu idi. 2016-2018-ci illərdə Naxçıvanda ordu sıralarında xidmət etmiş, hərbi kəşfiyyatçı peşəsinə yiyələnmişdi. Hərbi xidməti keçdiyi müddətdə iki dəfə komandanlıq tərəfindən nümunəvi xidməti qeyd olunmuş, tərifnamə ilə təltif edilmişdi.

Əsəd Vətən müharibəsinə hərbi əməliyyatlar başlayandan dərhal sonra, könüllü olaraq qatılmışdı. Hələ Tovuz hadisələri zamanı qəhrəman Vətən oğlu, hətta ailəsinə belə xəbər vermədən, Səfərbərlik Xidmətinə müraciət edib, orduya könüllü getmək üçün qeydiyyatdan keçmişdi. Sentyabr ayının 29-da isə Əsədin arzusu həyata keçdi. Səfərbərlik Xidmətindən zəng edib onu orduya çağırdılar.

Ailə üzvləri etiraf edirlər ki, onu hətta bu addımı atmaqdan çəkindirməyə də cəhd ediblər. Lakin Əsəd öz qəti qərarını vermişdi. Artıq heç nə və heç kim onu Vətənin müdafiəsində iştirak etməkdən yayındıra bilməzdi. Beləliklə Əsəd Şəmkir rayonunda formalaşdırılmış könüllülərdən ibarət dəstəyə qatıldı. Qısa müddət çəkən təlimlərdən sonra isə həmin dəstə ön cəbhəyə göndərildi. Vətən müharibəsi dövründə Əsədin keçdiyi şanlı döyüş yolu bir çox qəhrəmanlıqlarla əlamətdar olub. Həm qorxu bilməz, igid döyüşçü kimi, həm də sadiq dost kimi yoldaşlarının rəğbət və hörmətini qazana bilib. Bu, Əsədlə çiyin-çiyinə Füzuli, Qubadlı, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə vuruşmuş qazi dostlarının onun barəsində söylədiklərində də özünü açıq-aşkar göstərir. Şəhidin qardaşı Səməd Əsədli də Əsədin döyüş dostlarından eşitdiyi bəzi epizodlar barədə həm ürək yanğısı, həm də qürurla danışır: “Bir qazi yoldaşı deyir ki, iki yoldaş snayperə tuş gəliblər. Əsəd əvvəl deyib ki, o keçsin, arxasınca özü gəlsin. Sonra deyib ki, yox dayan, keçərsən birdən səni vurarlar. Qoy arxanca gəlim, sən birinci keç. Sonra nə o, nə də yoldaşı keçəsi olublar. İkisi də qol qola girib sağ-sol yayına-yayına qaçıblar. Bu minvalla snayper gülləsi də torpaqdan dəyib. Başqa bir döyüşdə isə silah- sursatları bitib. Əsəd keçib ermənilərin silah-sursatını götürüb, onların silahıyla vuruşub. Erməninin bir tankını partladıb. Döyüşlərdə hərtərəfli şücaət göstərib. Bir dəfə də 20 nəfər çöldə soyuqdan donmuş vəziyyətdə qalıb. Yorğan-döşəkləri də məntəqədə imiş. Heç kim yorğan-döşəkləri çıxarmağa ürək etməyib. Əsəd gedib gətirib, axırda öz buşlatını da çıxarıb dostuna verib. Deyib ki, o üşüyən deyil. Əslində isə mənim qardaşım çox üşüyəndi...”

Əlbəttə ki, şəhidlik hər kəsə qismət olmayan bir nemətdir, Allahın yalnız sevdiyi qullarına bəxş etdiyi bir lütfüdür. Ancaq bu, nə qədər qürurlu olsa da övlad itkisi hər bir valideyn üçün də çox çətin sınaqdır. Əsədin də valideynləri öz qəhrəman oğulları barəsində ürəklərində əbədi yaşadacaqları xatirələrində təsəlli tapmağa çalışırlar.

Anası Səidə Abbasova: “Heç düşünmədim ki oğlum şəhid olar. Sonuncu dəfə noyabrın 7-də onunla danışmışam. Noyabrın 14-də mənim ad günüm idi. Dedim bu gün yəqin ondan zəng gələcək. Həmin gün oğlumun zəngini çox gözlədim. Ölənə qədər qulağımda oğlumun son zəngindəki yuxulu səsi qalacaq. Oğluma görə çox istəyirəm ki,

yanına gedəm, ancaq digər övladıma görə də yaşamaq istəyirəm. Elə bil ki, iki yol ayrıcındayam, bilmirəm hansını seçim. Əsəd çox xeyirxah, vətənpərvər bir uşaq idi. Övladım haqqında danışmaq çox ağırdır. Savadlı idi, orta məktəbi də əlaçı kimi bitirib. Müəllimlərinin sevimlisi idi. Onunla mənim məhəbbətim ana-övlad məhəbbəti deyildi, bir başqa sevgi idi. Ona görə Allah onu məndən çox tez aldı...”

Atası Mahir Əsədov: “Qəlbimdə hələ də bir inam var ki, oğlum nə vaxtsa qapını açıb içəri girəcək. Buna baxmayaraq yoldaşımı və digər oğlumu güclü olmağa çağırıram. Əsədin ruhu bizim başımızın üstündədir. İstəyirəm ki, onun 40 mərasimi çıxandan sonra balaca qardaşı Səmədi sevib-seçdiyi xanımla evləndirim. Onların övladları dünyaya gəlsin, adını Əsəd qoyaq. Biz qalib dövlətik, cəsur millətik. Əsəd həmişə istəyirdi ki, ailəmiz yaxşı yaşasın. Mən isə istərdim ki, göstərdiyi qəhrəmanlığa görə dövlətimiz ona ad versin...”

Əsədin ən böyük qəhrəmanlıqlarından biri isə 21 nəfər yaralı əsgərin mühasirədən çıxarılması ilə bağlı olub. Belə ki, Xocavənd uğrunda gedən döyüşlər zamanı əsil qəhrəmanlıq nümunəsi göstərən Əsəd düşmənin tankını və onlarla əsgərini məhv edərək, mühasirəyə düşmüş əsgər yoldaşlarını mühasirədən və ölümdən xilas edib.

Hər bir gənc kimi, 25 yaşlı Əsədin də arzuları çox idi. Əlbəttə ki, ailə qurmaq istəyi də var idi. Amma qismətində ailə başçısı olmaq deyil, Şəhidlik zirvəsi var imiş. Son döyüşü Xocavənd rayonu istiqamətində yüksəklikdə olub Əsədin. Axıra qədər döyüşüb, sonda ağır yaralar alaraq şəhid olub. Əsəd Əsədli II Fəxri Xiyabanda dəfn edilib.

Həqiqətən də Şəhidlər ölməz, Vətən bölünməz!

Hər bir şəhidimizn ruhu qarşısında baş əyirik!

Elman Hüseynov








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024