Mobil versiya
Prezidentimiz bir daha xalqın yanında olduğunu hər kəsə nümayiş etdirdi
Tarix: 07-08-2020 | Saat: 15:27
Bölmə:Manşet / Gündəm / Seçilənlər-1 | çapa göndər

Prezidentimiz bir daha xalqın yanında olduğunu hər kəsə nümayiş etdirdi





190 manatlıq müavinətlərin avqust ayında da verilməsi barədə qərar bütün Azərbaycan xalqını və ayrılıqda götürülmüş hər bir vətəndaşı hər kəsdən çox məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşündüyünü təsdiq edən növbəti addımdır

Artıq xəbər verildiyi kimi, avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

Dövlət başçımızın öz giriş nitqində də qeyd etdiyi kimi, son üç həftə ərzində ölkəmizdə koronavirusa yoluxanların və bu xəstəlikdən müalicə olunub sağalanların say nisbətində, eləcədə yoluxmaların sayının azalmasında müsbət dinamika müşahidə olunmaqdadır. Əlbəttə ki, bu müsbət dinamika birmənalı olaraq dövlətimiz tərəfindən effektiv şəkildə və davamlı olaraq həyata keçirilən koronavirusa qarşı mübarizə tədbirlərinin nəticəsində əldə olunmuşdur. Bu tədbirlər bu gün də yüksək intensivliklə davam etdirilir. Xüsusilə qeyd olunmalı məqamlardan biri ölkəmizdə qısa zaman kəsiyi ərzində bilavasitə koronavirusa yoluxmuş xəstələrə xidmət göstərmək üçün yaradılmış çox sayda yeni xəstəxanalar və digər tibb müəssisələri ilə bağlıdır. Belə ki, bu günə qədər koronavirusla mübarizə məqsədləri üçün modul tipli 9 xəstəxana istismara verilmişdir. O cümlədən, Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində dövlət başçımızın iştirakıyla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə isə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə də təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Sözsüz ki, bütün bunlar qabaqlayıcı tədbirlərdir və bunu dövlət başçımız da öz çıxışında xüsusi vurğulamışdır: “Qabaqlayıcı tədbirlər deyəndə, əlbəttə ki, bütün bu amillər nəzərə alınır. Çünki biz ən kritik ssenariyə hazır olmalıyıq. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bir daha demək istəyirəm ki, son üç həftə ərzində xəstələnənlərin sayı azalmaqdadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq.”

Həmçinin bu istiqamətdə son vaxtlar öz həllini tapan vacib məsələlərdən biri də COVİD-19 üzrə mütəxəssislərin azlığı məsələsi idi. Bildiyiniz kimi, bu gün artıq Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları Azərbaycana gəlmiş və fəaliyyətə başlamışlar. Bu da, əlbəttə ki, səhiyyəmizə əlavə imkanlar yaradır. Həm xəstələrin müalicəsi, həm də təcrübə mübadiləsi məsələləri burada kompleks şəkildə həll olunur. Təbii ki, bütün bu və digər görülən tədbirlər cərəyan edən proseslərdə dövlət başçımız tərəfindən əsas prioritet kimi ilk növbədə insanlarımızın həyatlarının və sağlamlıqlarının qorunması məsələlərinin müəyyən edildiyini bir daha bariz şəkildə göstərir.

Bütün bunlarla yanaşı, dövlətimizin daima diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də iqtisadi və sosial problemlərin həlli ilə bağlıdır. Xüsusilə pandemiya dövründə istər sahibkarlıqla məşğul olan vətəndaşların, istərsə də aztəminatlı təbəqənin maddi ziyanlarının minimuma endirilməsi məqsədilə dövlət başçımızın göstərişləri əsasında bir sıra effektiv sosial-iqtisadi dəstək paketləri hazırlanaraq vətəndaşlara təqdim edilmişdir. Belə ki, bu dövr ərzində təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olundu. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmədiyi halda, onlara dövlət tərəfindən əməkhaqqı verilir. 760 min insana lazımi maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub. Bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib. Təbii ki, sərt karantin rejiminin tətbiq olunduğu şəhər və bölgələrdə ən çox maddi ziyan çəkən təbəqələrdən biri də qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insanlarımız ola bilərdi. Lakin dövlətimiz bu məsələyə də son dərəcə həssaslıqla yanaşdı. Belə ki, məhz bu təbəqəni təmsil edən altı yüz min işsiz insana artıq bir neçə aydır ki, 190 manat məbləğində müavinət verilir. Dünən keçirilmiş müşavirədə isə Ölkə Prezidenti cənab İlham Əliyev vətəndaşların yaşam səviyyələrinin yüksəldilməsi məsələsinə həqiqətən də necə böyük diqqət və qayğı ilə yanaşdığını bir daha nümayiş etdirdi. Etiraf edək ki, karantin şərtlərinin yumşaldılması ilə əlaqədar olaraq artıq heç kəs əhaliyə 190 manatlıq müavinətlərin təkrar veriləcəyini düşünmürdü. Lakin dövlət başçımız bu barədə tamamilə fərqli qərar qəbul etdi. Öz çıxışında müvafiq qurum rəhbərlərinə müraciət edən Ölkə Prezidenti dedi: “Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin.” Əlbəttə ki, bu qərar bütün Azərbaycan xalqını və ayrılıqda götürülmüş hər bir vətəndaşı hər kəsdən çox məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düşündüyünü təsdiq edən növbəti bir addımdır.

Təbii ki, bütün bunlar görülmüş işlərin yalnız bir hissəsidir. Son illər ölkəmizdə davamlı olaraq çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması ölkənin gəlirlərinə çox mənfi təsir göstərib, ancaq dövlət başçımızın da dediyi kimi, nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib.
Dövlətimiz və birbaşa möhtərəm Prezidentimiz tərəfindən görülən bütün bu işlərin müqabilində isə, biz vətəndaşların qarşısına qoyulan yeganə tələb məsuliyyətli olmaqdan, özümüzü və yaxınlarımızı infeksiyaya yoluxmaqdan qorumaq üçün bütün qaydalara ciddi şəkildə əməl etməkdən ibarətdir. Məhz tələblərə əməl etməklə biz də dövlətimizə öz dəstəyimzi göstərməliyik.

Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024