Mobil versiya
Gİ DE MOPASSANIN “GONBUL” ƏSƏRİ OXUCUSUNU ƏXLAQCA TƏKMİLLƏŞDİRİR, MƏNƏVİYYATINI ZƏNGİNLƏŞDİRİR, DAİM XEYİR ƏMƏLLƏRƏ, YAXŞILIĞA ÖYRƏDİR
Tarix: 06-07-2020 | Saat: 17:18
Bölmə:Yazar2 | çapa göndər

Gİ DE MOPASSANIN “GONBUL” ƏSƏRİ OXUCUSUNU ƏXLAQCA TƏKMİLLƏŞDİRİR, MƏNƏVİYYATINI ZƏNGİNLƏŞDİRİR, DAİM XEYİR ƏMƏLLƏRƏ, YAXŞILIĞA ÖYRƏDİR



Pedaqoji fikir tarixinə “Gömbul”, “Həyat”, “Gözəl dost”, “Ölüm kimi güclü”, “Bizim ürəyimiz” kimi misilsiz töhvə və inci bəxş edənlərdən biri də fransız maarifçisi Gi De Mopassandır. Mopassan 54 səhifə təşkil edən ilk “Gömbul” əsəri ilə oxucularının qəlbində taxt qurmuşdur. Hekayəyə giriş “başıpozuq” alman və fransız orduları arasında gedən müharibəylə başlayır. Artıq alman əsgərlərinin Fransanın Sen-Sever, Bur-Aşar, Pont Odemer şəhərlərini yağmaladıqlarını və çox yaxın gündə Ruana şəhərini də yağmalayacaqları və ya talan edəcəkləri həyəcanla dillərdə gəzir. Müharibənin bir qaydası da belədir ki məğlub olanlar “qaliblərə mehribanlıq göstərməli idilər”. Ancaq yenə də Fransa yolunda ölümə hazır olan və cəmiyyətin cüzi hissəsini təşkil edən cəsurlar sirli qəhrəmanlıqlar göstərirdilər. Zaman-zaman Kruasse, Dyepdal və Byessarın yaxınlığında daşla başı əzilmiş, ya yumruqla öldürülmüş, bıçaqla doğranmış, ya da, sadəcə, körpüdən başı aşağı çaya atılmış” şişmiş alman meyitlərinin qayıqçılar və balıqçılar tərəfindən çaydan çıxarıldığı qeyd olunur.

Mopassan qeyd edir ki, vətənin belə ağır vəziyyətində cəsur qəhrəmanlardan fərqli olaraq “yarımqaranlıq otaqlarda gizlənən obıvatellər” isə fürsət tapan kimi ticarətlərini davam etdirməyin yollarını düşünürdülər. Əsərdən bizə belə aydın olur ki, Ruana şəhərinin “on adlı-sanlı iş adamı” (Luazo və arvadı xanım Luazo, Yuber de Brevil və xanımı, Kornyude, Falonvi və arvadı Madam Folanvi, Ruan Lamadon və arvadı Karre Lamadon və başqaları arvadlarını da götürməklə və iki rahibə) vətənin belə ağır günündə vətən fədailərinə kömək, dəstək olmaq yerinə, ancaq öz mənafelərini düşünür, qazanc mənbəyi olan yollar axtarır və tapırlar. Bu yol gəlir mənbəyi sayılan Havr limanıdır. Əgər almanlar Havrı da ələ keçirsələr ordan da İngiltərəyə getməyi qərarlaşdırırlar. “Camaatın gözündən yayınmaq məqsədilə” gecə radələrində yola düşməyi planlaşdıran bu “vətən fədailəri”nin siyahılarında olmayan bir nəfər də qoşulur. Bu Mopassanın baş qəhramanı Gonbul adı ilə tanıdığımız Madmazel Elizabet Russedir. Mopassan Elizabet Russeni oxucusunun təsvirində belə yaradır: “O, balacaboy, yupyumuru, piy içində batmış cavan bir qadın idi. Ağ, yumşaq, totuq barmaqları arasından iplə boğulmuş sosiska kimi buğumlardan nazilirdi. Dərisi şəffaf və tarım idi. ...O qədər təravətli və gözəgəlimli idi ki, ...kişilər ondan gözlərini çəkə bilmirdilər, az qalırdılar ki, gözləri ilə yesinlər. Yanaqları alma kimi qıpqırmızı idi, sifəti açılmaqda olan qırmızı pion çiçəyinin qönçəsinə bənzəyirdi. İri, qara, məftunedici, canalan gözləri vardı. Bu gözləri uzun, sıx, qara kirpiklər çəpərləmişdi və haşiyədən gözləri daha tünd görünürdü. Balaca ağzı, nəm dodaqları, inci kimi parlaq dişləri vardı... Deyilənə görə, onun bunlardan başqa da çoxlu əvəzsiz, qiymətli məziyyətləri vardır”.

Gonbul “yüngül, əxlaqsız arvadlardan” biri kimi tanınır. Ancaq Gonbulun vətənindən uzaqlara qaçması elit təbəqəyə məxsus iş adamları və onların xanımlarından fərqlidir. Gonbul elə də imkansız biri deyil. Lakin alman zabitlərini evində saxlamağı, onları yeyib-içməklə təmin etməyi özünə vətənpərvər qadın kimi ar sayır. Gonbul deyir ki prusları (yəni almanları – K.C.) görəndə özümü ələ ala bilmirəm, hirsimdən dişlərim bağırsaqlarımı kəsir. Bütün günü axşamacan evdə oturub acığından, həyadan ağladığını deyir. Gonbulun almanlara nifrəti o qədər böyükdür ki, onlar gözündə çox kiçik görünür. Almanı əlləri ilə boğmağı başqa birisini boğmaqdan çox asan bilən Gonbul deyir: “Allahın altında kişi olaydım, onda onların başına bir oyun açardım ki!”.

Gi De Mopassan “Gonbul” əsərinin süjet xəttini gömrük keçid məntəqəsi olan Tot kəndində daha geniş şəkildə obrazlaşdırır. Belə ki, özünü elit nəslin nümayəndələri sayan, kübar qadın donunda gizlənən luazoları, brevil, kornyude, falonvi və lamadonların iç dünyalarını, “ləyaqətlərini” oxucularına tanıtdırır.

Əsərdə oxuyuruq ki, keçid məntəqəsi sayılan Tot kəndini almanlar ələ keçirib. Burdan keçən hər bir sərnişinin adı, soyadı, peşəsi, əlamətləri və ya nişanələri qeyd olunur. Alman zabit qoyulan tələbləri yerinə yetirdikdən sonra prus zabitinin Gonbulu yanına çağırdığını bildirir. Gonbul zabitin bir neçə dəfə olan çağırışına məhəl qoymur və çağırışı rədd edir. Belə olduqda zabit üç gündən artıq onların keçiddən keçməsinə yasaq qoyur. Əxlaqın meyarı sayılan “ləyaqət”, “şərəf”, “namus” daşıyıcıları sayılan rahibələr, iş adamları və xanımlar “sözü bir yerə qoyub” Gonbulu zabitin yanına girməsi üçün dilə tutmağa, yola gətirməyə cəhd edirlər.

Xarici görünüş etibarı ilə özlərini alicənab, ləyaqətli göstərməyə cəhd edən iş adamlarını və onların xanımlarını, həmçinin rahibələri Mopassan Gonbulun
şərəf və ləyaqətindən çox-çox aşağı olduğunu oxucularına tanıtdırmaq istəyir. Özlərini qusar, qrafinya, madam kimi göstərən, lakin düşdükləri vəziyyətdən, çətinlikdən qurtarmaq üçün Gonbulu əxlaqsız yola dəvət edirlər. Ona vətəninin, xalqının mənafeyi üçün Yudif və Oloqernin və yaxud Lukretsi və Sekstin fədakarlığından, daha sonra bütün düşmən sərkərdələri yatağına salıb öz əsirinə çevirən Kleopatranı, öz bədənlərini qüdrətli silaha çevirən, öz fədaklar nəvazişləri ilə nifrət etdikləri hökmdarları özünə ram edən, öz ismət və bakirəliklərini intiqam hissinə qurban verən bütün cəsur qadınlardan söhbət açırlar. Həmçinin, kübar ailəsindən olan bir ingilis xanımının Bonapart Napoleonu pis xəstəliyə salmaq məqsədilə bilərəkdən özünü xəstəliyə tutdurması və məşum görüş vaxtı qəribə təsadüfün – Bonapartın birdən-birə haldan düşməsi nəticəsində bu bəladan xilas olması haqqında dumanlı bir əhvalat da danışırlar.

Gonbula danışılan hadisələr arasındakı incə, eyhamlı münasibət məsələlərinə rahibə və yaxud “müqəddəs ana” da qoşulur. Müqəddəs ana deyir ki, “müqəddəslərin (Peyğəmbərlər nəzərdə tutulur – K.C.) çoxu elə işlər görüblər ki, bu işlər bizim gözümüzdə günah hesab edilə bilərdi, amma bu işlər Allah yolunda və ən yaxın adamlarına kömək məqsədilə edilibsə, kilsə onların günahından dərhal keçib”.
Xanım Luazo söhbətin təsirini bir az da artırmaq üçün rahibəyə belə sual verir:

- Müqəddəs ana, demək, siz bu fikirdəsiniz ki, əgər günah xeyirxahlıq məqsədilə
işlənibsə, allah onu bağışlayır, eləmi?
- Bəli buna heç şübhə eləmək olarmı? Əslində, məzəmmətə layiq olan bir sıra hərəkətlər xoş niyyətlə edildiyinə görə təriflənir.
Rahibənin fikrincə, xeyirxah niyyətlə edilən cinayətin heç biri Allahın qəzəbinə səbəb olmaz. Rahibənin daha çox “Məqsəd vasitəyə bəraət qazandırır” kimi adi əxlaqi aksiomdan ibrətamiz izahatı iradəsi möhkəm, inadkar Gonbulun iradəsini sarsıdır, inadını sındırır. Bir prus zabitinin şıltaqlığına görə günlərlə Tot kəndində qalan insan üzlü iblislər artıq səpdikləri toxumun cücərməsini və meyvəsini səbrsizliklə gözləyirlər.

Nəhayət, Gonbul “müqəddəs ana”nın kömək məqsədilə edilən günahı kilsə bağışlayar – sözlərinə inanaraq alman zabitinin yanına girməyə razılıq verir. Bu razılıq hər bir kəsin böyük sevincinə, şadyanalığına səbəb olur. Luazo Tra-lya-lya-lya! Tra-lya-lya-lya! çığlığı ataraq yoldaşlarına şampan şərabı qonaqlığı verir. Göründüyü kimi, insan donunda iblis olanlar min hiylə ilə istəklərinə nail olurlar.

Artıq istədikləri məqsədə nail olan və yola düşən “kübar insan”lar utanan, qısılan Gonbula əhəmiyyət vermir, karetin içində belə ondan uzaq oturmağa cəhd edirlər. Gəldikləri yol boyunca Gonbulun öz yoluna üç günlük tədarük gördüyü cücə ətini, ciyər qiyməsini, qoğal, armud, cürbəcür şirniyyat və dörd şüşə Bordo şərabını bir neçə saata bitirən ləyaqətsiz insanlar artıq onu açdıqları süfrə arxasına belə dəvət etmirlər.
Gi De Mopassan oxucusuna çatdırır ki, kübar cəmiyyətində hər adamın rəsmi əxlaqı arxasında onun gizli əməli əxlaqı gizlənir, rəsmi surətdə o, qadın namusu uğrunda şir kimi vuruşmağa hazır olduğunu bildirir. Daldada fürsət düşən kimi isə qadının şərəfinə toxunmaqda özünü haqlı hesab edir. Lakonikliyi ilə seçilən bu əsərin sonunda qeyd edilir ki, qürurlu və məğrur Elizabet Russe tutduğu əməldən çox peşman olur, utanır və göz yaşlarına sahib ola bilmir.

Utanmaq, həya etmək, pis əməllərdən xəcalət çəkmək həqiqətən böyük mənəvi və əxlaqi qüvvədir. Əgər adam etdiyi yanlış hərəkətdən, öz-özlüyündə uzun müddət xəcalət çəkib utanırsa, yadına saldıqca vicdan əzabı çəkirsə, bu onun həyatında güclü bir kədər və ağır bir fəlakət kimi iz qoyub gedirsə, doğrudan da insanı əxlaqca saflaşdıran ciddi bir qüvvəyə çevrilir. İnsan bu cür ruhi əzab və iztirabdan sonra dünyaya daha ayıq gözlə baxır, kamilləşir, öz hərəkət və davranışlarının mümkün nəticələri haqqında daha çox düşünür, bir sözlə onda məsuliyyət hissi daha çox artır.

Əsəri oxuduğumuz zaman görürük ki, Gi De Mopassan oxucusunu sonda sanki belə nəticəyə gəlməyə çağırır: özünü əxlaqca təkmilləşdir, öz mənəviyyatını zənginləşdir, özün özünü tərbiyə et, özünü daim xeyir əməllərə, yaxşılığa öyrət. Nəcib hiss və nəcib duyğular tərənnümçüsü ol. Şərə, böhtana, bədxahlığa, pisliyə, biganəliyə, ədavətə doğru aparan hisslərin əleyhinə ol. Əgər belə olarsa onda ülvi, nəcib hiss sayılan vətən, vətənpərvərlik də səndə inkişaf edər, ideal obraza çevrilərsən.


KAMAL CAMALOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024