Mobil versiya
Beynəlxalq maliyyə qurumları Azərbaycanla əməkdaşlıqda son dərəcə maraqlıdırlar
Tarix: 03-06-2020 | Saat: 15:27
Bölmə:Manşet / Seçilənlər-3 | çapa göndər

Beynəlxalq maliyyə qurumları Azərbaycanla əməkdaşlıqda son dərəcə maraqlıdırlar





Bu gün Azərbaycanın beynəlxalq aləmdə sahib olduğu nüfuzunun gündən-günə artmasını ölkənin ictimai-siyasi həyatında gedən prosesləri müşahidə etməklə asanlıqla görmək mümkündür. O cümlədən Azərbaycanın hazırda iki mötəbər beynəlxalq təşkilata - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik etməsi də bu nüfuzun daha bir göstərisidir. Son dərəcə diqqətəlayiq bir hal kimi belə bir tendensiyanı da qeyd etmək lazımdır ki, artıq bir çox nüfuzlu beynəlxalq qurum və təşkilatlar ölkəmizlə əməkdaşlıq etmək üçün özləri təşəbbüs göstərirlər. Bu isə onun nəticəsidir ki, Azərbaycan bu gün dünyada etibarlı və arzuolunan bir tərəfdaş imicini qazana bilmişdir.

Bu baxımdan iyun ayının 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyini təmsil edən digər şəxslər arasında keçirilmiş videokonfrans da xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Azərbaycanla Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın əsası 1999-cu ildə qoyulub. Ötən illər ərzində isə bu əməkdaşlıq durmadan inkişaf edib, dərinləşib və şaxələnib. Asiya İnkişaf Bankının ölkəmizlə əməkdaşlığa yüksək dəyər verdiyini isə cənab Masatsuqu Asakavanın öz giriş nitqində ifadə etdiyi fikirlərdən də aydın görmək olar. Dövlət başçımızı salamlayan AİB prezidentinin bu sözləri xüsusilə diqqəti cəlb edir:
“Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq 1999-cu ildən bəri dərinləşməkdədir... Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının 2015-ci ildə Bakıda uğurla keçirilməsi qarşılıqlı etimad və hörmət üzərində qurulmuş tərəfdaşlığımızın bariz nümunəsi olmuşdur. Şəxsən Sizinlə və hökumətinizlə birbaşa əlaqə mən və heyətim üçün olduqca vacibdir. Biz etibarlı tərəfdaşınız olaraq COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləyirik...” Göründüyü kimi Asiya İnkişaf Bankı ölkəmizlə əməkdaşlıqda son dərəcə maraqlıdır və Azərbaycanı etibarlı bir tərəfdaş kimi olduqca yüksək qiymətləndirir. Təbii ki, bu vəziyyət özü özlüyündən formalaşmamışdır. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının maraq dairəsinə daxil olması, eləcə də ilk növbədə ölkəmizin maraq və mənafeylərinə uyğun əməkdaşlığa cəlb edilməsi birmənalı olaraq Ölkə Prezidenti cənab İlham Əliyevin səyləri və yürütdüyü düzgün xarici siyasəti nəticəsində mümkün olmuşdur. Etiraf olunmalıdır ki, Azərbaycanın beynəlxalq proseslərdə aktiv və əlbəttə ki, səmərəli iştirakı olmadan heç bir nüfuz yüksəlişindən söhbət gedə bilməzdi. AİB prezidentinin çıxışında bu məqam da öz əksini aydın şəkildə tapmışdır. Öz çıxışında cənab Masatsuqu Asakava Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə dünya miqyasında iştirakını yüksək dəyərləndirdiyini bu sözlərlə ifadə etmişdir: “Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırması da təqdirəlayiq haldır. Həmçinin bilirəm ki, pandemiyadan əziyyət çəkən 13 ölkəyə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərilib. Bununla yanaşı, fürsətdən istifadə edərək, hökumətinizin 13-cü Asiya İnkişaf Fonduna töhfə vermək qərarına görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Dünyanın yoxsul və həssas vəziyyətdə olan ölkələri bu imkandan yararlanacaqdır. Təşəkkür edirəm...”


Əlbəttə ki, bir maliyyə qurumu olaraq, Asiya İnkişaf Bankının rəhbərliyində Azərbaycan barəsində rəy formalaşmasını istiqamətləndirən ən əsas amillərdən biri də ölkəmizin məhz iqtisadi inkişafında müşahidə olunan dinamikadır. Ölkəmizin iqtisadi qüdrətinə inam olmadığı halda heç bir beynəlxalq maliyyə qurumunu əməkdaşlığa cəlb etmək mümkün olmazdı. Bütün dünyada koronavirusla bağlı iqtisadi böhranın daha da dərinləşdiyi bir vaxtda Azərbaycanda cari ilin ilk 4 ayı ərzində makroiqtisadi göstəricilər kifayət qədər sabit, dövlət büdcəsinə daxilolmalarda isə artım olmuşdur. AİB rəhbərliyi ilə keçirilmiş videokonfransda etdiyi çıxışında dövlət başçımızın da qeyd etdiyi kimi, dünyada yaranmış vəziyyətlə bağlı artıq 150-dən çox ölkə maliyyə dəstəyi üçün beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycan isə onların arasında deyil. Əksinə, Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə olunub. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə ölkəmiz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcək. Yəni bu müddət ərzində Azərbaycan demək olar ki, 30 ölkəyə dəstək verib.


Sözsüz ki, bütün bunları yalnız iqtisadiyyatı stabil inkişaf edən bir ölkə həyata keçirə bilər. İqtisadi inkişaf isə yalnız və yalnız ictimai-siyasi sabitliyin təmin olunduğu bir dövlətə xas olan göstəricidir. Müasir dünyada gedən prosesləri izləməklə belə qənaətə gəlmək olur ki, hər hansı bir ölkənin nə ərazicə böyüklüyü, nə təbii sərvətlərinin bolluğu, nə də hansısa digər göstəriciləri həmin ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasına zəmanət vermir. Bu gün Azərbaycandan dəfələrlə böyük və hətta daha çox inkişaf etmiş ölkələrin necə ağır bir durumda olduqlarının biz hamımız canlı şahidiyik. Deməli əsas məsələ yenə də uğurlu xarici və daxili siyasətin mövcud olmasıdır. Əminliklə demək olar ki, məhz Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yürüdülən bu yeganə düzgün siyasi xəttin nəticəsində Azərbaycan bu günə qədər əldə etdiyi uğurlara sahib olub və bundan sonra da öz qüdrətini artırmaqda davam edəcək.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti,
millət vəkili Səttar Möhbalıyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024