Mobil versiya
Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər
Tarix: 31-05-2020 | Saat: 18:17
Bölmə:Ölkə | çapa göndər

Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər


Şamaxı Rayon Ağsaqqalları Prezident İlham Əliyevə müraciət ediblər.

aia.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

Dünyanı bürüyən koronavirus pandemiyası dönəmində Sizin gərgin əməyiniz nəticəsində ölkəmizdə əhalini qorumaq üçün aparılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verir. Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması istiqamətində atılan hər bir addım bütün əhali tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Səhiyyə sahəsində həyata keçirilən effektiv tədbirlər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu işlərə bilavasitə nəzarətinin və fədakar əməyinin nəticəsidir. Dünyanın inkişaf etmiş ölkələrində COVİD-19-dan ölüm sayı 10 minlərə çatdığı halda Sizin müdrik və çevik qərarlarınız sayəsində ölkəmizdə əldə olunan ürəkaçan nəticələrə görə Sizə öz təşəkkürümüzü bildiririk.

Hətta belə çətin dövrdə Sizin və Mehriban xanımın rayonumuza səfəriniz əhalimiz tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanır.

Azərbaycan tarixində və mədəniyyətində xüsusi yeri olan Şamaxı özünün yeni çiçəklənmə dövrünü yaşayır. Bu, Sizin diqqətinizin nəticəsidir. Rayonumuzdakı tikinti quruculuq, abadlıq işləri ilə yanaşı, tarixi abidələrə göstərdiyiniz qayğı onlara ikinci həyat verir və bizi sevindirir. Pirsaat Baba, İmadəddin Nəsiminin qardaşı Şahxəndanın türbəsi və Pir Ömər Sultan ziyarətgahlarının yenidən qurulması çərçivəsində görülən işlərə diqqətiniz isə biz şamaxılılar üçün mühüm əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, bu abidələr bütün ölkə əhalisinin və başqa ölkələrdən gələn qonaqların ziyarət etdiyi müqəddəs yerlərdir. Hörmətli xanım Mehriban Əliyevanın təşəbbüsü ilə son illərdə tariximizə və mədəniyyətimizə göstərilən qayğı Sizin milli-mənəvi dəyərlərimizə həssas münasibətinizdən xəbər verir.

Sizin şamaxılılara olan diqqətiniz səfər zamanı hər addımda hiss olunur. Şamaxıda yeni binalar tikilir, zəlzələdən zərər çəkmiş minlərlə ev təzələnir, kəndlərə, qəsəbələrə yeni yollar salınır, ucqar kəndlər belə qazla təmin olunur, heç vaxt suyu olmayan kəndlərə su çəkilir, əhalimizə regionda ilk dəfə Şamaxıya hədiyyə etdiyiniz müasir avtobuslar xidmət göstərir.

Eyni zamanda, çox sevinirik ki, hər bir göstərişiniz, tapşırıqlarınız, regionlara təyin etdiyiniz rəhbərlər qarşısında qoyduğunuz vəzifə və öhdəliklər gənc kadrlar tərəfindən layiqincə həyata keçirilir. Onların hər bir addımında sizin diqqət və qayğınızı hiss edir, istənilən sahəyə nəzər saldıqda aparılan islahatların nəticəsini görürük.

Çox təəssüf hissi ilə qeyd edirik ki, son zamanlarda ölkəmizdə, o cümlədən regionlarda aparılan inkişaf prosesinə kölgə salmağa çalışanlar var. Bu ölkəmizi, vətənimizi sevməyən, süni narazılıq yaratmaq istəyən şər qüvvələrin əməlləridir və onlar bu istəklərinə çatmayacaqlar. Əmin ola bilərsiniz ki, bütün Azərbaycan xalqı, o cümlədən şamaxılılar Sizin hər bir qərarınıza güvənir və apardığınız siyasəti dəstəkləyir.

Əziz Prezidentimiz və hörmətli Mehriban xanım, Allahdan Sizə möhkəm can sağlığı, dövlətimizin və xalqımızın inkişafı naminə apardığınız şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!

Böyük hörmət və sevgi ilə,
Şamaxı Rayon Ağsaqqalları".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2024