Mobil versiya
Koronavirusun əsl sirri nədir?
Tarix: 03-04-2020 | Saat: 20:37
Bölmə:Manşet | çapa göndər

Koronavirusun əsl sirri nədir?






İstənilən ictimai böhran - virus, epidemiya, savaş və s. - çoxsaylı şayiələrlə komplo, yəni konspiroloji nəzəriyyələr yaradır.

Postsovet məkanında konspirologiyanın qızıl dövrü 1990-cı illərdi. Lakin indi, kütləvi internet və virtualllaşma dönəmində həmin janr intibah dövrünü yaşayır.

COVİD-19 koronavirus pandemiyası ilə bağlı internet konspiroloji nəzəriyyələrlə doludur. Bəziləri iddia edir ki, rəqib Çinin iqtisadiyyatını çökdürmək üçün virusu amerikalılar yaradıb yayıblar. Başqaları buyurur ki, xeyir, Çin yaratdığı bioloji silahın laboratoriyalardan sızmasının qarşısını ala bilməyib. Üçüncülər vurğulayırlar ki, karantin bəhanəsi ilə Yer kürəsindəki insanları özünə tabe etdirmək, yaşlılarla zəifləri öldürməklə əhalinin sayını azaltmaq istəyən "qlobal hökumət"in işidir baş verənlər.

Sosial şəbəkələr "etibarlı mənbədən alınan məlumat"lar, haradasa karantin rejimini pozanların güllələnməsi, hətta vəfat edənlərin cəsədlərindən ibarət qardaşlıq məzarlarının qazılması ilə bağlı "fakt"larla boldur.



İş o yerə çatıb ki, Vanqanın koronavirusla bağlı öngörmələrindən də bəhs olunur. Əslində, mümkündür, çünki kor bolqar falçının dediklərini istənilən mövzuya və ya hadisəyə uyğunlaşdırmaq asandır.

Pis həm də odur ki, indiyədək məntiqli, adekvat kimi tanınan bir para adamlar belə, isteriyaya və panikaya qatılaraq "ən son xəbər"lər adı ilə marazmlar paylaşırlar.

Beləliklə, fiziki epidemiyanın psixi epidemiya ilə müşayiət olunduğunu görürük və burada qeyri-adi heç nə yoxdur. Adi həyat tempi, rutin yaşam modeli karantin rejimində tam dəyişən narahat, gərgin və çaşqın insanlar baş verənlərə heç olmasa hansısa səbəb aramağa, konkret suçlu kimi göstərilə biləcək subyektləri arayırlar.

Eynən orta əsrlərdə epidemiyalar zamanı insanlar su quyuluranı zəhərləyənləri aradıqları kimi.

Almaniyada, Britaniyada, İspaniyada və Rusiyada vəba qiyamları zamanı kütlə həkimlərlə məmurları xəstəliyi bilərəkdən yaymaqda ittiham etdikləri kimi.

Ümumdünya Səhiyyə Təşkilatı təlimat və məsləhətlərini yayaraq deyir ki, koronavirusa yoluxmaqdan qorunmaq üçün əllər diqqətlə yuyulmalı, küçədə və ictimai yerlərdə insanlarla aranızda məsafə saxlanmalı, mümkün qədər evdə oturmalısınız.

Koronavirus internet vasitəsilə yayılmır, amma psixi yoluxma barədə bunu demək olmur.



Psixi yoluxmadan qorunmağın əlahiddə, özünəməxsus mühafizə yolları var və nə yaxşı ki, bəşəriyyət onları çoxdan hazırlayaraq təsnifləyib.

Hələ 14-cü əsrdə ingilis keşiş Uilyam Okkam sonradan "Okkam ülgücü" adlanacaq prinsipi səsləndirmişdi. Qısa desəm, prinsip belədir: zəruri olduğundan artıq mahiyyətləri artırma.

Yəni başqa sözlə, sadə izahlar olduğu yerdə mürəkkəb sübutlar axtarma.

Bəşər tarixində vəba, "ispan qripi", taun, malyariya kimi dəhşətli yoluxucu xəstəliklər olub və var. Onların hamısı təbii yolla yaranıb. Bu səbəbdən də sadalanan bəlalarla müqayisədə letallıq səviyyəsi xeyli az, amma yenə də qorxulu COVİD-19 koronavirusunu süni mənşəli saymaq məntiqsizlikdir.

Daha çox xəstə və qoca adamları öldürən, letallıq səviyyəsi 4-5 faiz olan bioloji silah mümkündürmü? Bioloji silah bütün hallarda savaşda işlədilir. Savaş zamanı isə düşmənin hərbi əməliyyatlarında iştirak etməyən xəstələrlə qocaları öldürmək nə qədər zəruri sayıla bilər?

Opponentlər buyura bilər ki, bioloji silahdan dinc dövrdə də istifadə oluna bilər.



Bu halda belə, bütün beynəlxalq əlaqələr, ticarət və kütləvi turizmin olduğu dövrdə "düşmən" ölkəyə "bioloji silah" qismində koronavirus yeritmək mənasızdır. Çünki yeridilmiş ölkədəki virus çox qısa müddətdə yayan ölkəyə sıçrayasıdır.

Bir qədər əvvəl Çindəki vəziyyətlə müqayisədə ABŞ-da koronavirusla bağlı durum dəfələrlə ağır, təhlükəlidir.

Axı kimsəyə fərq qoymadan yayılan və yayanı belə yoluxduran bioloji silah kimə gərəkdir?

Nəzəri baxımdan, belə bioloji silah o zaman hazırlana bilər ki, ondan 100 faiz qoruyan vaksin əvvəlcədən əldə olunsun. Fəqət bunu tam məxviliyi qorumaqla, gizli şəkildə etmək indi mümkün deyil.

Heç bir dövlət koronavirus təki virusu bioloji silah qismində başqa dövlətə qarşı istifadə edərək özü təhlükəsiz durumda qala bilməz.

Daha bir kosnpiroloji nəzəriyyəyə görə, koronavirusu sən demə, Yer kürəsini idarə etmək istəyən və müxtəlif ölkələrdə COVİD-19-dan nə qədər insanın öldüyünü eyninə almayan məşum, sirli "dünya hökuməti" idarə edir

Lakin belə "hökümət" öz qəddar planlarını həyata keçirmək fikrinə düşsəydi, ciddi problemlə qarşılaşacaqdı: sanitarların diqqətini cəlb etmədən necə davranmalı?



Bundan başqa, hökumət olmaq, yəni yerinə yetirilməsi nəzərdə tutulan göstərişlər vermək sözə qulaq asanları mükafatlandırmaq, inad edənləri cəzalandırmaq üçün icraçı gərəkdir. Bunu isə gizlicə, özü də dünya miqyasında etmək mümkün deyil.

Bir şərtlə ki, Nibiru planetindən gəlmiş reptiloidlər olmaya.

Sadaladığımı səbəblərdən daha bəsit, real izah seçilir - alimlər də bunu deyirlər. Yəni COVİD-19 koronavirusunu kimsə süni şəkildə yaratmayıb və o, başqa xəstəlik, virus ştammları kimi təbiətdə özünü yaranıb.

Çinlilərlə amerikalıların bir-birlərini virusu yaratmaqda suçlamaları əslində iki fövqəldövlət arasındakı rəqabətin təzahürüdür.

İnsanlar narahat olanda və ya təlaşa düşəndə internetdən psixi infeksiyaya yoluxmaq, sonra onu tirajlamaq riski artır. Belə şəraitdə məntiqli, soyuqqanlı olmalıyıq.

COVİD-19 xəstəlikdir və bu mərəzə varlılar, kasıblar, amerikalılar, çinlilər, məşhurlar, adi insanlar yoluxurlar.

Bir-birimizə inanmalı, yardım etməliyik.

Faydalı vərdişdir.

Epidemiya zamanında və ondan sonra.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024