Mobil versiya
Kürdəmir RİH-nin fəaliyyəti iqtisadi inkişafın sürətlənməsinə və vətəndaş məmnunluğunun təminatına yönəldilib
Tarix: 25-02-2020 | Saat: 17:05
Bölmə:Manşet / Gündəm | çapa göndər

Kürdəmir RİH-nin fəaliyyəti iqtisadi inkişafın sürətlənməsinə və vətəndaş məmnunluğunun təminatına yönəldilib




Son vaxtlar rayonda sahibkarlığın inkişafına diqqət xüsusilə artırılmış, əhalinin işlə təmin olunması, həyat səviyyəsinin yaxşılaşdırılması və yoxsulluğun azaldılması istiqamətində xeyli işlər görülmüşdür

Bu deyilənlər fevralın 20-də rayon İcra Hakimiyyətində keçirilmiş və Kürdəmir rayonu üzrə 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun hesabat məruzəsində öz əksini tapmışdır. Xatırladaq ki, yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Nəsir Muxtarlı, Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Aparatının işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dövlət başçısının Kürdəmirə səfəri ən güclü stimul oldu



Hesabat məruzəsində Ceyhun Cəfərov xüsusi olaraq vurğulayıb ki, bu il bütün kürdəmirlilər üçün üçün daha əlamətdar və yaddaşlarda ən xoş təəssuratlarla yaşanacaq hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 12 fevral tarixdə rayona etdiyi səfər olmuşdur. Səfər zamanı dövlət başçısı rayonda aparılan abadlıq və quruculuq işləri ilə şəxsən yaxından tanış olmuşdur. O cümlədən, Ölkə Prezidenti Kürdəmir rayonunda inşa edilmiş “ASAN xidmət” mərkəzinin, “Xalça istehsalı emalatxanası”nın, “QLOBAL AQRO” MMC-nin aqroparkının və Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun açılışlarını həyata keçirmişdir. Rayona töhfə olaraq dövlət başçısının sərancamı ilə şəhər 8 saylı Körpələr evi-uşaq bağçasının tikintisinə və 8 ədəd şəhər və şəhərətrafı avtomobil yollarının əsaslı təmirinə 3,0 milyon manat, 960 şagird yerlik şəhər 5 saylı tam orta məktəbin tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayırmışdır. Hazırda həmin işlərin həyata keçirilməsi ilə əlaqədar sənədləşmə işlərinə başlanılmışdır. Daha sonra Ceyhun Cəfərov öz çıxışında demişdir: “Bütün sahələrdə qazanılmış uğurlar bir daha onu sübut edir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə yeni və sürətli inkişaf mərhələsini yaşayır, dünya miqyasında daha da güclənir və qüdrətli dövlətə çevrilir.”



Həmçinin hesabat məruzəsində Kürdəmirdə ötən il bir çox nailiyyətlərin əldə olunduğunu vurğulayaraq, icra başçısı demişdir: “Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2019-cu ildə 1492 nəfər işlə təmin olunmuşdur ki, bundan 941 nəfəri daimi, 45 nəfəri isə müvəqqəti işlə təmin olunanlardır. Cənab Prezidentimizin tapşırığına əsasən, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2019-cu ildə 355 nəfər ictimai işlərə cəlb olunmuşlar. Hər il olduğu kimi hesabat ilində “Əmək yarmarkası” keçirilmiş, yarmarkada 32 müəssisədən 274 boş iş yeri təqdim olunmuş, 86 nəfər daimi işlə təmin olunmuşdur. Cənab Prezidentimizin diqqət mərkəzində saxladığı məsələlərdən biri olan əhalinin özünüməşğulluğunun təmin olunması ilə əlaqədar rayonumuzda 139 nəfər biznes ideyalarına uyğun olaraq özünüməşğulluq proqramına cəlb olunaraq təlim kurslarında iştirak etmiş, 5 nəfər iştirakçının biznes ideyası uyğun hesab olunmamış, 134 iştirakçıdan 112 nəfərə iri və xırda buynuzlu heyvanlar, 1 nəfərə arı ailəsi verilmiş və 1 nəfər üçün Heydər Əliyev Fondunun vəsaiti hesabına sosial bağ salınaraq onların özünüməşğulluğu təmin olunmuşdur.”

Sahibkarlığın inkişafı xüsusi diqqət mərkəzindədir



Qeyd etmək lazımdır ki, ötən il Kürdəmirdə sahibkarlığın inkişafına diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir. Bütün bunlar əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır. Respublika Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Kürdəmir sahibkarlarına 7 milyon 947 min manat vəsait verilmiş və nəticədə 157 yeni iş yeri yaradılmışdır. 2019-cu il ərzində əhaliyə 90,802 min manat pullu xidmət göstərilmişdir ki, bunun da 6,6 faizi və ya 6019,4 manatı dövlət, 93,4 faizi və ya 84982,9 min manatı isə qeyri dövlət sektorunun payına düşür. 2019-cu il üçün rayon büdcəsi mədaxil və məxaric üzrə 7 milyon 248 min manat təsdiq edilmişdir. Artıq 3 ildir ki, rayonun yerli büdcə xərcləri Respubika büdcəsindən dotasiya almadan yerli gəlirlər hesabına ödənilir. 2019-cu ildə rayonun yerli gəlirlər planı 121,8 faiz ödənilmiş, büdcəyə əlavə olaraq 1 milyon 581 min manat plandan artıq vəsait daxil olmuşdur. Həmin vəsaitin 439 min 500 manatı sosial təminat və abadlıq işlərinin görülməsi üçün rayonun sərəncamına verilmişdir. Rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 124 mln manatlıq və ya ötən ildən 8,3 faiz artıq sənaye məhsulu istehsal edilmişdir. Özəl sektorun sənaye məhsulunun istesalında çəkisi 95,4 faiz olmuşdur.

Sosial islahatlar sürətlənir

Ötən il Kürdəmir rayonu üzrə orta aylıq pensiyanın məbləği 218,70 manat olmuş, əhaliyə pensiyaların ödənilməsinə 31.291.460 manat, məcburi dövlət sosial sığorta hesabına ödənilən müavinətlərə 218.405 manat, dəfn xərci üçün müavinətlərə 222.869 manat vəsait ödənilmişdir. Hesabat dövründə rayon üzrə 302 ailəyə elektron qaydada müraciətləri əsasında ünvanlı sosial yardım təyin edilmiş, 213 nəfərə əmək pensiyası təyin edilmiş, rayon ərazisində yaşayan 61 nəfər tənha ahıl və əlil vətəndaşlara evlərdə sosial xidmət göstərilmişdir. Məlum olduğu kimi, dövlət başçısı rayon icra hakimiyyəti başçılarının qarşısında rayona yatırılan investisiyaların artırılmasına diqqət yetirilməsinə dair tapşırıq vermişdir. Bununla bağlı sahibkarlara yaradılmış münbit şərait nəticəsində 2019-cu ildə Kürdəmir rayonu üzrə cəlb edilmiş özəl investisiya layihələrinin ümumi dəyəri 275 milyon 620 min manat təşkil etmiş, bundan 2019-cu ildə 79 milyon 20 min manat vəsait xərclənmişdir. Sərmayələr əsasən səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir. Layihələr istixanaların tikilməsi, aqroparkların salınması, nar bağlarının genişləndirilməsi, hotelçilik və istehsal müəssisələrinin yaradılması ilə əlaqədar olmuşdur.




Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilmiş “Əlavələr”in icrası ilə əlaqədar rayon ərazisində məskunlaşmış 563 məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayonun Xırdapay kəndi ərazisindən ayrılmış 13 hektar torpaq sahəsində 17 ədəd 4 mərtəbəli ictimai yaşayış binaları, 432 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, klub-icma binası, inzibati bina, tibb məntəqəsi və ATS binaları tikilərək istifadəyə verilmişdir.

Rayonda abadlıq-quruculuq işləri böyük vüsət alıb

2019-cu ildə Kürdəmirdə bir çox irimiqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılmış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 mart tarixli Sərəncamı ilə Kürdəmir rayonunda inşa edilən “ASAN xidmət” mərkəzində tikinti-quraşdırma işləri başa çatdırılmış, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 mart tarixli sərəncamı ilə isə Kürdəmir rayonunda inşa edilən “Xalça istehsalı emalatxanası”nda tikinti-quraşdırma işləri başa çatdırılmış, emalatxana təyinatı üzrə fəaliyyətə başlamış, rayonun Şıxımlı kəndi ərazisində inşa edilən “Azpetrol” yanacaq doldurma məntəqəsi və motel binasının da tikintisi başa çatdırılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə istifadəyə yararsız, qəzalı vəziyyətdə olan Kürdəmir şəhər 7 saylı Körpələr evi-uşaq bağçası sökülərək əvəzində yeni 40 yerlik Körpələr evi-uşaq bağçası və rayonun Yenikənd kəndindəki istifadəyə yararsız tibb məntəqəsi sökülərək əvəzində yeni tibb məntəqəsi inşa edilir və hazırda hər iki obyektdə son tamamlama işləri aparılır. Azərbaycan Respublikası Təhsil Nazirliyinə 2019-cu il üçün ayrılmış vəsait hesabına rayonun Qarasu kəndində 624 şagird yerlik tam orta məktəb binasının tikintisinə başlanılmış, binanın bünövrə çalaları qazılmış, binanın bloklarında dəmir-beton bünövrəsi tökülmüş, örtük tavasının tökülməsi üçün qəlblər quraşdırılmışdır. Məktəbin həyətyanı ərazisinin qarşı və yan tərəfləri mişar daşı ilə hörülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinə 2019-cu il üçün ayrılmış vəsait hesabına Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Hazırda məktəbdə son tamamlama işləri aparılır və cari ilin mart ayı üçün istifadəyə verilməsi nəzərdə tutulur. 100 yerlik Kürdəmir şəhər 6 saylı Uşaq bağçası-körpələr evi BP Azərbaycan şirkətinin vəsaiti hesabına əsaslı təmir edilir. Hazırda bağçada son tamamlama işləri aparılır.



Vətəndaş məmnunluğunun təmin edilməsi başlıca vəzifələrdəndir

Məlum olduğu kimi, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin rayon icra hakimiyyəti başçılarının qarşısında qoyduğu əsas tələblərdən biri də onların daim xalqın arasında olmaları, vətəndaşların sosial-məişət və digər problemlərinin həlli istiqamətində konkret tədbirlər görmələri ilə bağlıdır. Başqa sözlə desək, bu gün vətəndaş məmnunluğunun təmin edilməsi dövlət başçısı tərəfindən icra orqanlarının qarşısında əsas vəzifələrdən biri kimi ön plana çəkilib. Bu baxımdan birmənalı olaraq qeyd edə bilərik ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun da fəaliyyətində üstünlük təşkil edən əsas prinsiplərdən biri məhz vətəndaş məmnunluğudur. Belə ki, bu gün Kürdəmirdə müşahidə olunan inkişaf ilk növbədə məhz RİH rəhbərliyinin rayon əhalisi ilə birgə səyləri nəticəsində əldə olunub. Bu birliyə nail olmaq üçün isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov əhali ilə mütəmadi olaraq keçirdiyi görüşlərdə vətəndaşları narahat edən problemlərin həlli məsələsinə xüsusi önəm verir. Məhz bu səbəbdən də rayonun rəhbərliyi tərəfindən mütəmadi olaraq təşkil olunan qəbul-görüşlər öz səmərəliliyi ilə hər zaman diqqəti cəlb edir. Bu görüşlərdə sakinlər onları narahat edən ən müxtəlif məsələləri rəhbərliyin diqqətinə çatdırır, öz növbəsində rəhbərlik tərəfindən isə həmin problemlərin həlli istiqamətində operativ addımlar atılır.



O cümlədən fevral ayının 19-da Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qocalı kəndində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Qəbulda Qocalı kənd inzibati ərazi dairəsinə daxil olan Xəlsə, Pirəköçə, Beyi və Qocalı kəndlərinin sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbulda iştirak edən kənd sakinləri kəndin zinə suyunu axıdan kanalların təmizlənməsi, əkin sahələrini suvaran kanalların təmizlənməsi, məşğulluq məsələləri və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.

Beləliklə, hazırda bu rayonda gedən prosesləri müşahidə etməklə belə bir qənaətə gəlmək olur ki, bu gün Kürdəmirdə mütərəqqi proseslər həqiqətən də qarşısıalınmaz bir dinamika ilə davam etməkdədir. Bütün bunlar isə ilk növbədə dövlət qayğısının və əlbəttə ki, rayon rəhbərliyinin yerli sakinlərlə sıx birlikdə göstərdikləri səmərəli fəaliyyətin məntiqi nəticəsidir.

aia.az
Murad Əsədov
Rəşad Əliyev




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024