Mobil versiya
Sosial şəbəkələrdə söyüş və təhqirə yol verənlər cəzalandırıla bilər
Tarix: 20-02-2020 | Saat: 10:28
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sosial şəbəkələrdə söyüş və təhqirə yol verənlər cəzalandırıla bilər


Sosial şəbəkələrin faydaları ilə yanaşı, burada söyüşcül dəstələrin tüğyan etməsi də ciddi problem olaraq qalır. Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan seli də diqqət çəkir. Məsələn, son parlament seçkilərindən sonra sosial şəbəkələr söyüş-qarğış poliqonunu xatırladır. Söyüş, təhqir, böhtan yağdıranlardan ibarət xüsusi trol dəstələri də fəaliyyətdədir. Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan hüquqi məsuliyyət yaradırmı?



Media eksperti, professor Qulu Məhərrəmli deyib ki, sosial şəbəkələr seçkilərdən əvvəl də yalan, böhtan, təhqir platforması təsiri bağışlayırdı, seçkidən sonra durum bir qədər də pisləşib: “İnsanlar emosiyasını, qəzəbini, nifrətini burada ifadə edirlər və təəssüf ki, bu da xoş deyil”.



Qulu Məhərrəmlinin sözlərinə görə, bu cür xoşagəlməz halların qarşısının alınmasında dünya təcrübəsindən yararlanmaq olar: “Ən yaxşı qayda facebook istifadəçilərinin müəyyən etik öhdəliklər götürmələri ola bilər. Dünyada belə təcrübə var. Facebooka daxil olanlar söyüşə, təhqirə, ictimai əxlaqı pozan görüntülərə, qadağan olunmuş mövzularda - porno və bu kimi məlumatların yaymayacaqları öhdəliyi götürürlər”.



Q.Məhərrəmli deyir ki, ümumilikdə sosial şəbəkə tənzimlənən platforma deyil. Rusiyada, Çində, başqa ölkələrdə facebookda fəaliyyətdə olan xüsusi trollar ordusu var. Belə trol dəstələri insanların aşağılanması, təhqir edilməsi üçün istifadə edilir: “Ötən ilin yayında mətbuatı tənqid edəndə özüm də trol dəstəsinin təhqirləri ilə üzləşmişəm. Belə əməllərin qarşısının alınması istifadəçilərin müəyyən etik öhdəliklər götürməsi və buna əməl etməsindən keçir”.



Qulu Məhərrəmlinin sözlərinə görə, Azərbaycan Cinayət Məcəlləsində KİV-lə yanaşı internet resurslarında da böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutulur: “Düşünürəm ki, belə hallar zamanla ötəcək. Cəmiyyətdə ümumi harmoniya olmalıdır, insanlar bir-biri ilə normal danışa bilməlidirlər. Sosial şəbəkələr bir növ gərgin münasibətlərin davamıdır. Ümumi dialoq, harmoniya olmayanda, insanlar arasında tolerantlıq, anlaşma olmayanda, bu, sosial şəbəkələrə sıçrayır. Cəmiyyət irəlilədikcə, şüurlarda, düşüncələrdə, əxlaqda cilalanma gedincə belə hallar da aradan qaldırıla bilər. Bu gün Avropada belə hallar yoxdur. İnsanlar sosial şəbəkələrdən təhqir və böhtan atmaq üçün istifadə etmirlər. Sosial şəbəkəni söz demək fürsəti kimi qəbul eləmiş Şərq ölkələrində, keçmiş sovet ölkələrində bu cür formalardan istifadə olunur”.



Hüquqşünas, Bakı “Hüquq” şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a müxtəlif ölkələrdə sosial şəbəkələr üzərindən təhqir və böhtanla bağlı real cəzaların nəzərdə tutulduğunu deyib. Hüquqşünasın sözlərinə görə, Türkiyə Cümhuriyyətində sosial şəbəkələr üzərindən təhqir və böhtana görə cəza nəzərdə tutulur: “Türkiyə Cəza Qanununun 125-ci maddəsinə görə, əməlin səsli, yazılı və ya görüntülü vasitələrdən istifadə etməklə törədilməsi təhqirdir və cinayəti tərkibi yaradır. Rusiya Federasiyasının Cinayət Məcəlləsinə 2011-ci ilə edilən düzəlişlərlə təhqir cinayətin dekriminallaşdırılması faktıdır. 2011-ci ildən etibarən vətəndaşı təhqir etmək inzibati xəta hesab olunur. Vəzifəli şəxslərin, din xadimlərinin və hərbi qulluqçuların təhqir olunması isə müvafiq maddələrə əsasən cinayət məsuliyyətinə səbəb olur”.



Hüquqşünas deyir ki, Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir: “Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərində olduğu kimi, Azərbaycan Konstitusiyasında da hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ var, heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz. Mülki Məcəllənin 7-ci maddəsinə görə, şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi məhkəmə yolu ilə tələb edilə bilər. Həmçinin şəxsin buna görə təzminat və ya kompensasiya almaq hüququ var.



Şərəf və ləyaqəti alçaltma şəxsi nüfuzdan salan hərəkətlər kimi dəyərləndirilir. Şəxsiyyətin nalayiq formada alçaldılmasını, təhqiredici hərəkətin nalayiq olub-olmamasını isə cəmiyyətdə ümumilikdə qəbul edilmiş əxlaqi dəyərlərə, birgə yaşayış qaydalarına, ümumi qəbul edilən prinsiplərə uyğun olaraq məhkəmə, amma ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Böhtan isə yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatların yayılmasıdır".



Hüquqşünas sosial şəbəkələrdə təhqir və böhtana görə Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğunu deyir: “CM-in 148-1-ci maddəsinə görə - internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək, kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət hesab edilir. Təhqiredici hərəkətlərin və sözlərin doğru və yalan olması şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur. Əməlin cinayət olması üçün təhqir edən şəxs başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və bunu arzu edir. Şəxs təhqir edildiyi anda cinayət əməli başa çatmış hesab edilir. Bu gün sosial mediada əsasən saxta hesab və profillərdən istifadə etməklə təhqir və böhtan atma geniş yayılıb. Adətən məsuliyyətdən və ”şəxsi hesablaşma"dan yayınmaq üçün təhqir və böhtan saxta hesab və profillər üzərindən edilir. Artıq texniki imkanlar yetərlidir ki, saxta profillər arxasında gizlənən “qəhrəman”lar ortaya çıxarılsın.



Cinayət Prosessual Məcəlləsinin 177-ci maddəsində göstərilib ki, cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər. İP və data ünvanının əldə edilməsi üçün “Telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi” istintaq hərəkətlərinin məcburi aparılmasına məhkəmə qərarının alınması tələb olunur. Belə halda, müstəntiqin vəsatəti əsasında prokuror məhkəməyə təqdimatla müraciət edir. Məhkəmə qərarı ilə telefon və digər qurğularla aparılan danışıqlar, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlar ələ keçirildikdən sonra ekspert və mütəxəssislər cəlb edilməklə trolun, saxta profil arxasında gizlənən şəxsin yeri müəyyən edilə bilər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024