Mobil versiya
Aslan İsmayılov: “Ənənəvi müxalifət ümummilli yox, qrup məqsədi güdür”
Tarix: 17-02-2020 | Saat: 10:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Aslan İsmayılov:


Mərkəzi Seçki Komissiyasının qarşısında baş verənləri diqqətlə izlədikdən sonra bəzi fikirlərimi Sizinlə bölüşürəm.



Ölkədə vəziyyət sürətlə dəyişir. Azərbaycan artıq 5 il demirəm, 5 ay əvvəlki Azərbaycan deyil. Bəri başdan onu bildirim ki, bu günkü aksiyanı məqsədinə çatmış sayıram.



- Bu tədbir tək REAL-ın sədri İlqar Məmmədovun yox, ayrı-ayrı deputatlığa namizədlərin, fəalların aksiyası idi.

- Ən başlıcası aksiyanın aparıcı qüvvəsi gənclər idi. Onlar hakimiyyətə göstərdilər ki, saxta keçirilən seçkiləri qəbul etmirlər və etməyəcəklər.

- Həm aksiya iştirakçılarının, həm də polisin davranışı bütün əvvəlki tədbirlərdən diqqəti cəlb edəcək dərəcədə fərqli idi. Bunu görmək üçün 19 Oktyabr icazəsiz mitinqi bu gün keçirilən mitinqlə müqayisə etmək kifayətdir. Əgər 19 Oktyabrda iştirakçıların, polislərin davranışlarına, sifətlərinə fikir versəniz görərdiniz ki, keçən dəfə həm davranışlardan, həm də sifətlərindəki mimikalardan sanki düşmənlərin qarşı-qarşıya gəldiyi hiss olunurdu. Bu mitinqdə isə rəqiblərin münasibətini gördüm. Biz ancaq bir-birimizə düşmən yox, rəqib kimi davaranacığımız təqdirdə uğur qazanacağıq.

- 19 Oktyabr tədbiri sanki son döyüş idisə, bu günkü tədbiri başlanğıc kimi gördüm. İştirakçıların zarafatları, davranışları, ifadələri, şüarları bu tədbirlərin davamının olacağını və iştirakçıların sayının artacağını göstərdi.

- 19 Oktyabr mitinqində gördüyüm polis özbaşnalığınından, qəddarlığınından əsar-əlamət yox idi. Deməli günah icraçı polisdə deyil, ona əmr verənlərdədir.

- Tədbirdə yaşanan bir neçə gərgin hal ancaq ənənəvi müxalifətin nümayəndələrinin iştirakı ilə oldu. Köhnə mitinqçilərin bu tədbirdə iştirakı bir daha göstərdi ki, onların əsas məqsədi qarşıdurmadan qaçmaq yox, əksinə onu yaratmaqdır. Ona görə də tədbir iştirakçıları onların hərəkətlərinə, şüarlarına dəstək vermədilər.

- Tədbir göstərdi ki, yeni hərəkatın yaranması qaçılmazdır və bunu bu günə qədər siyasi səhnədə tanınmayanlar yaradacaq. Yeni yaranacaq hərəkatın uğurlu olması köhnələrin orada iştirakından asılı olacaq. Köhnələr nə qədər az olsalar yeni hərəkatın uğuru da o qədər tez olacaq.

- Bu tədbir bir daha göstərdi ki, ənənəvi müxalifət ümummilli yox, qrup məqsədi güdür. Məhz ona görə dərhal aksiyanın baş tutmadığını elan etdilər.



İndiki durumda təkliflərim nədir?



- Keçirilmiş seçkilərin nəticələri tam elan olunana qədər namizədlər, fəallar mübarizələrini davam etdirməlidirlər. Mübarizə tək mitinq, piketdən ibarət olmamalıdır. Əsas diqqət bu vaxt dönəmində qanuni şikayət prosedurlarının hamısından son günə qədər hüquqi müstəvidə istifadə etmək olmalıdır.

- Hakimiyyət bu müddət ərzində artıq ləğv olunmuş dairələrlə kifayətlənməməli və araşdırmanı, dairələrin ləğv edilməsini davam etdirməlidir.

- Xüsusi diqqət seçicilər tərəfindən etirazla qarşılanan, qəbul olunmayan namizədlərin dairələri üzrə olmalıdır. Ancaq bu halda hakimiyyət insanlarda son zamanlar yaranmış islahata olan ümidin ölməsinin qarşısını ala və gələcək hərəkətlərində vətəndaşların dəstəyini qazana bilər.



Sonda gördüyüm odur ki, hakimiyyət və cəmiyyət birinci növbədə vətəndaş cəmiyyətinin yaranmasında, genişlənməsində maraqlı olmalıdır. Bu gün can üstündə olan vətəndaş cəmiyyəti ölkədə islahatların aparılmasında tərəfsiz, maraq güdmədən kömək edənlərdir.



İlk dəfədir ki, icazəsiz mitinq iştirakçıları ilə ümumən normal davranışına görə Azərbaycan polisinə təşəkkür edirəm. Xüsusi təşəkkürüm isə bir daha həm seçki dövrü və həm də sonrakı proseslərdə lokomotiv rolunu oynayan gənclərədir!



P.S. Ölkə üzrə ortalama 10-15 faiz aktivliklə seçkilərə gedən xalq islahatların aparılmamasında hakimiyyəti günahlandırmamalıdır. Xalq ölkədə gedən proseslərə biganə qaldıqca karusellər, topa bülletenlər dayanmayacaq, təyinatlı deputatlar isə at oynadacaqlar.



Aslan İsmayılov



Hüquqşünas

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024