Mobil versiya
Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir (FOTO)
Tarix: 19-11-2019 | Saat: 10:02
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir


Azərbaycan Mədəniyyət Nazirliyinin və “O`zbekkino” Milli Agentliyinin təşkilatçılığı ilə noyabrın 17-24-də Azərbaycanda Özbəkistan Kino Həftəsi keçirilir.

Nazirlikdən aia.az-a verilən məlumata görə, Özbəkistan Kino Həftəsinin açılışı noyabrın 18-də Nizami Kino Mərkəzində olub.

Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almas Sultanzadə tədbirdə iştirak etmək üçün Azərbaycana gələn nümayəndə heyətinin üzvlərini təqdim edib. O bildirib ki, Özbəkistan Kino Həftəsi ölkəmizdə artıq ikinci dəfədir keçirilir. Azərbaycan kinematoqrafçılarının nümayəndə heyəti bu yaxınlarda Özbəkistanda səfərdə olub. İndi isə özbək kinematoqrafçılar ölkəmizə cavab səfərinə gəliblər.

“O`zbekkino” Milli Agentliyinin baş direktorunun müavini Şukrulla Rizayev son illərdə ölkələrimiz arasında mədəni əlaqələrdən danışaraq qeyd edib ki, tərəflər müştərək filmin çəkilişlərinə başlamağa hazırdırlar.

Sonra Azərbaycanda Özbəkistan Kino Həftəsinin açılışı olub.

Azərbaycanın Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev özbək kinematoqrafçılarının nümayəndə heyətini salamlayaraq bildirib ki, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf edir.

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev əmin olduğunu bildirib ki, Özbəkistan Kino Həftəsi çərçivəsində nümayiş etdiriləcək filmlər Azərbaycan tamaşaçısında maraq oyadacaq. Kino Həftəsi rejissor A.Miqnarovun “İmom Abu İso Muhammad Termizi” bədii filminin nümayişi ilə açılıb.

Nümayəndə heyəti noyabrın 19-da Azərbaycan Dövlət Film Fondunun fəaliyyəti ilə tanış olacaq. Burada ölkəmizin kinematoqrafçıları ilə görüş keçiriləcək, kino sahəsində gələcək əməkdaşlıq müzakirə ediləcək.

Nümayəndə heyəti Azərbaycanın bölgələrinə - Şəki, İsmayıllı və Qəbələyə də gedəcək, yerli adət-ənənələr, tarixi abidələrlə tanış olacaqlar.

Bölgələrdə özbək filmləri nümayiş etdiriləcək. Filmlərə baxış pulsuz olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə