Mobil versiya
Bakı Biznes və Kooperasiya Kolleci – yeni tədris ilində yeni hədəflərə doğru
Tarix: 23-09-2019 | Saat: 11:06
Bölmə:Manşet / Təhsil | çapa göndər

Bakı Biznes və Kooperasiya Kolleci – yeni tədris ilində yeni hədəflərə doğru


Kollecin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Fatimə xanım Quliyeva kollecdə tədrisin keyfiyyətini daim diqqət mərkəzində saxlayır

Artıq bir neçə gündür ki, Azərbaycanda yeni, 2019/2020-ci tədris ili başlayıb. Ölkənin bütün təhsil müəssisələrində tədris prosesinə start verilib. O cümlədən Bakı Biznes və Kooperasiya Kollecində də yeni tədris ilinin başlanması münasibətilə xüsusi tədbir keçirilib.

Kollecə yüksək balla qəbul olunan tələbələr mükafatlandırılıblar



Yeni tədris ilinin başlanması ilə bağlı sentyabr ayının 16-da Bakı Biznes və Kooperasiya Kollecində keçirilən tədbir yəqin ki, tələbələrin yaddaşında uzun illər qalacaq. Demək lazımdır ki, müasir iqtisadiyyatın praktiki və tətbiqi istifadəsi baxımından yüksək ixtisaslı mütəxəssislər hazırlayan təhsil müəssisələri arasında özünəməxsus yeri və xüsusi çəkisi olan Bakı Biznes və Kooperasiya Kollecinin tələbəsi olmaq həqiqətən də böyük uğurdur. Heç şübhəsiz bu kollec hazırda ölkədə fəaliyyət göstərən çoxsaylı kolleclər arasında lider mövqeylərə sahib olan təhsil müəssisələrindən biridir. Növbəti illərdə burada Mühasibat uçotu, Maliyyə işi, Vergi və vergitutma, Bank işi, Sığorta işi, Menecment, Gömrük işi, Marketinq, İnformasiya texnologiyası sistemləri, Turizm və onun təşkili, İnformatika müəllimliyi və digər ixtisaslar üzrə təhsil alacaq tələbələr sözsüz ki, yaxın gələcəkdə ictimai həyatımızın ən müxtəlif sahələrində vacib əhəmiyyət kəsb edən vəzifələrə sahib olacaqlar. Elə tədbirdə çıxış edən kollecin direktoru dosent Fatimə xanım Quliyeva da kollecə yeni qəbul olunmuş tələbələrə bütün bunlar barədə ətraflı danışaraq, son illər ərzində kollecin qazandığı uğurlar və beynəlxalq əlaqələri barədə maraqlı məlumatlar təqdim edib. Həmçinin Fatimə xanım tələbələri təbrik edərək onlara təhsil həyatında uğurlar arzulayıb. Bundan sonra isə kollecə yüksək balla qəbul olmuş tələbələrə tələbə biletləri və hədiyyələr təqdim edilib.

Direktor qiyabi şöbənin tələbələri ilə görüşüb

Bəlkə də bu sovet dönəmindən qalma bir yanaşma tərzidir, amma təəssüflər olsun ki, bu gün bir çox təhsil müəssisələrində qiyabi təhsilə qeyri-ciddi münasibət sərgilənməkdədir. Əlbəttə ki, müasir dövrün tələbləri nəzərə alınmaqla, bu mövqeyin tamamilə səhv olduğu birmənalı olaraq qəbul edilməlidir.



Bu xüsusda Bakı Biznes və Kooperasiya Kollecinin qabaqcıl təcrübəsini nəzərə alaraq, qiyabi təhsil sahəsinə daha çox diqqət göstərməyin vacib olduğunu demək olar. Təsadüfi deyil ki, kollecin qiyabi şöbəsinə yeni qəbul olunmuş tələbələrlə sentyabrın 17-də keçirilən görüşdə də bu məsələyə xüsusi toxunulub. Sentyabrın 20-də isə kolecin direktoru Fatimə Quliyeva, eləcə də direktor müavini Vaqif Mahmudov, direktorun tədris işləri üzrə müavini Zakir Məmmədov və qiyabi şöbə müdiri Aygün Qarayeva qiyabi şöbədə yeni qəbul olmuş tələbələrin dərs prosesi ilə yaxından tanış olublar. Onlar axşam növbəsində qiyabi tələbələrin dərs keçdiyi auditoriyalara baxış keçirərək tədrisin keyfiyyəti ilə yaxından maraqlanıblar. Direktor Fatimə xanım tələbələrə təhsil sahəsində uğurlar arzulayıb, tələbələrin tədris prosesi ilə bağlı narazı olub-olmadıqlarını soruşub, eyni zamanda tələb və təkliflərini bildirmələri üçün onlara müraciət edib.

Tədrisin maddi-texniki bazası ən müasir tələblərə cavab verir



Tam səmimi olaraq deyə bilərik ki, Bakı Biznes və Kooperasiya Kollecində təqdim olunan ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur. Təhsil müəssisəsində böyük oxu zalı, zəngin kitabxana, akt zalı, günün tələblərinə cavab verən idman zalı, geniş və işıqlı fənn kabinetləri, elektron lövhə və kompüterlərlə təchiz edilmiş auditoriyalar tələbələrin ixtiyarındadır. Təbii ki, təhsil üçün yaradılmış şərait, müasir tələblərə cavab verən maddi-texniki baza tədrisin yüksək keyfiyyətinə etibarlı bır zəmanətdir. Xüsusilə qeyd olunmalıdır ki, bu gün Bakı Biznes və Kooperasiya Kollecində fənnlərin tədrisi ilə 138 nəfər yüksək ixtisaslı müəllim məşğul olur ki, onlardan bir nəfəri elmlər doktoru, 6 nəfəri fəlsəfə doktoru, 9 nəfəri isə dissertantdır. Kollecdə qabaqcıl müəllimlərin təcrübəsindən geniş istifadə edilir, onların yaradıcı fəaliyyəti yüksək qiymətləndirilir.
Həmçinin Bakı Biznes və Koopersiya Kollecində tətbiq olunan müasir tədris üsullarının daha bir göstəricisi də burada mütəmadi olaraq müxtəlif seminarların keçirilməsidir. Belə tədbirlərin gedişində tələbələr seçdikləri ixtisas üzrə çalışan peşəkar mütəxəssis və ekspertlərlə bilavasitə təmasda olur, onların təcrübələrindən bəhrələnmək imkanı əldə edirlər.



Birmənalı olaraq deyə bilərik ki, direktor Fatimə xanım Quliyevanın səyləri nəticəsində bu gün Bakı Biznes və Kooperasiya Kollecində tələbələrin ixtisas biliklərinə mükəmməl yiyələnmələri üçün tələb olunan optimal şərait yaradılmış, tədrisin yüksək səviyyədə təşkilinə nail olunmuşdur.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024