Mobil versiya
Bakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib
Tarix: 15-08-2019 | Saat: 11:47
Bölmə:Gündəm | çapa göndər

Bakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib


Avqustun 15-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları 2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2019” müsabiqəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin rəsmiləri, diplomatik korpusun nümayəndələri, müsabiqə iştirakçıları, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin hərbi qulluqçuları, media əməkdaşlarının iştirak etdikləri mərasimdə respublikanın Əməkdar artisti Ramil Qasımovun və əsgər xorunun ifasında dünya şöhrətli sənətkarımız Rəşid Behbudovun repertuarından “Ey Vətən” mahnısı səsləndirilib.

Tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildə bünövrəsi qoyulan Beynəlxalq Ordu Oyunlarına maraq artır. “Dəniz Kuboku – 2019” müsabiqəsinin həyəcanlı anları artıq arxada qaldı və hərbi dənizçilərimiz təbiətin sərt sınaqlarından uğurla çıxdılar. Üçüncü ildir ki, Azərbaycan “Dəniz Kuboku” müsabiqəsinə ev sahibliyi edir və yarışların şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradır. Ötən illərdə olduğu kimi, bu il də “Dəniz Kuboku” dostluq, qardaşlıq, qarşılıqlı anlaşma şəraitində keçib və bütün iştirakçı dövlətlərin böyük marağına səbəb olub".

“Dəniz Kuboku – 2019” müsabiqəsində iştirak edən ölkələrin dövlət bayraqları təntənəli mərasimə gətirilib.

Rusiya Xəzər Flotiliyasının, İran İslam Respublikası, Qazaxıstan və Azərbaycan respublikaları Hərbi Dəniz Qüvvələri komandalarının iştirak etdiyi “Dəniz Kuboku” müsabiqəsinin əsas mükafatı - kubok və iştirakçı dövlətlərin bayraqları alqışlar altında səhnəyə gətirilib, yarışların qısa xronikası videoçarx vasitəsilə təqdim edilib, beynəlxalq hakimlər briqadasının son qərarı mərasim iştirakçılarına çatdırılıb.

Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında şəffaf, qarşılıqlı anlaşma şəraitində keçən “Dəniz Kuboku – 2019” müsabiqəsinin qalibi Azərbaycan komandası olub. İkinci yeri Rusiya, üçüncü yeri Qazaxıstan komandası tutub.

Mərasimdə çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin rəisi, “Dəniz Kuboku – 2019” müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant Nizam Osmanov qeyd edib ki, bu gün Azərbaycanın paytaxtı Bakı şəhərində Beşinci Beynəlxalq Ordu Oyunları çərçivəsində “Dəniz Kuboku-2019” müsabiqəsinə yekun vurulur. O qeyd edib ki, Rusiya Federasiyası Hərbi Dəniz Donanması və İran, Qazaxıstan, Azərbaycan Respublikaları Hərbi Dəniz Qüvvələrinin komandaları on gündən çoxdur ki, Xəzər dənizinin Azərbaycan akvatoriyasında gərgin şəraitində yarışdılar və bacarıqlarını nümayiş etdirdilər:

”Şəffaf və yüksək səviyyədə keçirilən builki müsabiqə də iştirakçıların peşəkar döyüş hazırlığı səviyyəsinin yüksək olduğu müəyyən edilmişdir. Beynəlxalq hakimlər kollegiyası öz vəzifələrini ləyaqətlə yerinə yetirdilər. Artıq qaliblər məlumdur. Sevindirici haldır ki, Xəzəryanı ölkələrin hərbi dənizçiləri öz güclərini döyüş meydanında deyil, yarış meydanlarında sınadılar. Mən “Dəniz Kuboku-2019” müsabiqəsinin uğurla başa çatması münasibətilə Azərbaycan Respublukasının Müdafiə Nazirliyinin rəhbərliyi adından bütün iştirakçıları, hakimləri, azarkeşləri, xüsusilə qalib komandaları təbrik edirəm.

Hörmətli qonaqlarımıza və müşahidəçi qismində yarışları izləyən ölkələrin nümayəndələrinə bir daha təşəkkür edirəm.

Hörmətli mərasim iştirakçıları! Hansı ölkənin komandasının qalib gəlməsindən asılı olmayaraq, ən böyük qələbəmiz Xəzəryanı ölkələrin hərbi dənizçilərinin bir-birlərini yaxından tanıması, qarşılıqlı etimadın güclənməsi, əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi, dostluq və qardaşlıq mühitinin daha da genişlənməsi oldu.

Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Beşinci Beynəlxalq Ordu Oyunlarında altı növ üzrə müsabiqədə Azərbaycanı təmsil edən komandalarımız da yüksək nəticələr əldə ediblər. Bu münasibətlə onları da tərbrik edirəm.

Hörmətli müsabiqə iştirakçıları, əziz qonaqlar! Əminəm ki, biz gələn il yenə də görüşəcəyik. Hər birinizə uğurlu yol arzulayıram”.

Sonra qaliblərin mükafatlandırma mərasimi keçirildi. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikov, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil İdarəsinin rəisi, “Dəniz Kuboku – 2019” müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant Nizam Osmanov, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hərbi Dəniz Donanmasının baş qərargah rəisi, vitse-admiral Andrey Volojinskiy, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Zaur Hümmətov və konturl admiral Oleq Korolyov komandalara və üzvlərinə kubok, medal və diplomlar təqdim ediblər.

Daha sonra çıxış edən Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikov yarış iştirakçılarını təbrik edərək müsabiqənin yüksək səviyyədə keçdiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu cür yarışlar dünyada sülhə və sabitliyə bir töhfədir. Azərbaycan bu yarışı çox yüksək səviyyədə təşkil etdiyini bildirən R.Salikov Rusiyanı müdafiə naziri Sergey Şoyqu adından Azərbaycan Ordusunun rəhbərliyinə təşəkkür edib.

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək bildirib ki, Bakıda keçirilən “Dəniz Kuboku 2019” yarışı çox möhtəşəm və gözəl şəraitdə keçdi: “Bütün təşkilatçılara, yarışda iştirak edən ölkələrin nümayəndə heyətlərinə Azərbaycanın Müdafiə Naziriliyi adından təşəkkürümü bildirirəm. Biz çalışdıq ki, yarışları yüksək qonaqpərvərlik və dostluq şəraitində keçirək. Hesab edirəm ki, buna nail olduq. Bu yarışlarda ən böyük naliyyət isə dostluq və qardaşlıq oldu. Bütün komandalar çox gözəl iştirak etdilər və buraya ən bacarıqlı hərbi qulluqçuları göndərmişdilər. Müşahidəçi ölkələr də var burada, ümid edirəm ki, onlar gələcəkdə də bu yarışa qatılacaqlar”.

Daha sonra Kərim Vəliyev yarışları bağlı elan edib. Ənənəyə uyğun olaraq “Dəniz Kuboku – 2019” müsabiqəsinin qalibi olan komandanın təmsil olunduğu ölkənin – Azərbaycanın dövlət himni ifa edilib. “Dəniz Kuboku” müsabiqəsi bağlı elan edilib, “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının və “Dəniz Kuboku” müsabiqəsinin bayraqları endirilib.

Mərasim respublikanın Xalq artisti Samir Cəfərov, Əməkdar artist Məryəm Şabanova, Fuad Musayev, “Səma” rəqs qrupu və Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin ifasında konsert proqramı ilə başa çatıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024