Mobil versiya
Göydəniz Qəhrəmanov: “Azərbaycan ilə Pakistan arasında beynəlxalq turizmin inkişafı üçün əlverişli zəmin yaranır”
Tarix: 27-02-2025 | Saat: 12:26
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-6 | çapa göndər

Göydəniz Qəhrəmanov: “Azərbaycan ilə Pakistan arasında beynəlxalq turizmin inkişafı üçün əlverişli zəmin yaranır”

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ildə ilk tanıyan dövlətlərdən biri məhz Pakistan İslam Respublikası olmuşdur. Ölkələrimiz arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuş, 1993-cü ildə Pakistan İslam Respublikasının Bakıda Səfirliyi və 1997-ci ildə Azərbaycan Respublikasının İslamabadda Səfirliyi yaradılmışdır. Diqqətəlayiq haldır ki, Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü daim dəstəkləyib və Ermənistanın təcavüzünü hər zaman pisləyib. Məhz bu səbəbdən Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. Öz növbəsində Azərbaycan Pakistan İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır. Bu baxımdan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də ölkəmizə etdiyi səfər də xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə keçirdiyi geniş tərkibli görüşdə etdiyi çıxışında qeyd olunduğu kimi, bu səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Fikirlərini davam etdirən deputat bildirib ki, Pakistan ilə Azərbaycan arasında belə yüksək səviyyədə qardaşlıq münasibətləri bütün müsəlman ölkələri arasında tərəfdaşlığın məhz hansı formatda qurulması baxımından gözəl nümunədir: “Azərbaycan və Pakistan bütün beynəlxalq təsisatlarda hər zaman bir-birini dəstəkləyir, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək verir. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında da bildirdi ki, iki qardaş ölkənin beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birinə dəstəyi davam etdiriləcək. Buna zəmin yaradan əsas amillərdən biri də budu ki, beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı hər iki ölkə rəhbərinin mövqeyi və baxışları tam üst-üstə düşür. Sevindirici haldır ki, bu gün xalqlarımız arasında əlaqələr də uğurla inkişaf edir. Dövlətimizin başçısı öz çıxışında hər iki tərəfdən qonaqların getdikcə artan sayını da xüsusi vurğuladı. Dövri əsaslarla uçuşların sayının artacağına dair verilən anonslar isə ölkələrimiz arasında beynəlxalq turizmin də daha sürətlə inkişaf etməsinə güclü zəmin yaradacaq. Ümumiyyətlə iki ölkənin iqtisadi əlaqələri ilə bağlı kifayət qədər geniş sərmayə gündəliyi mövcuddur. Cənab Prezident qeyd etdi ki, Azərbaycan-Pakistan iqtisadi tərəfdaşlığı siyasi sahədəki səviyyəyə çatdırılmalıdır və bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək.”

Daha sonra G.Qəhrəmanov Azərbaycan ilə Pakistan arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın əhəmiyyətini qeyd edərək bunları deyib: “Öz çıxışında cənab Prezident İlham Əliyev fevralın 24-də keçirilmiş görüşlərdə müzakirə olunan məsələlər arasında əsas hissənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunduğunu bildirdi. Əlbəttə ki, buna ciddi ehtiyac vardır. Çünki dünyada getdikcə vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün əsas qarantıdır. Qeyd olundu ki, Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb və onun keyfiyyətindən də çox razılıq var. Eyni zamanda, müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanları müzakirə edilib və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Həmçinin nəqliyyat və kommunikasiyalar məsələsi də əsas müzakirə mövzusu olub. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizlərinin ayrılmaz hissəsi olaraq özünün daşımalar infrastrukturunun imkanlarının artırılması məqsədilə davamlı olaraq böyük işlər görür. Bu, bağlantı və daşımaların, iqtisadi inkişafın, o cümlədən siyasi sabitliyin mühüm elementidir. Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, bir-birinə yaxın yerləşən ölkələr bu cür çoxtərəfli əməkdaşlıq formatında iştirak etdiyi zaman vəziyyət həmin ölkələrin yerləşdikləri regionlarda daha proqnozlaşdırılan olur ki, bu da öz növbəsində regional sabitliyin mühüm meyarıdır” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-02-2025