Mobil versiya
Ermənistan seçimini etdi - MÜHARİBƏ
Tarix: 25-04-2016 | Saat: 11:44
Bölmə:Karusel | çapa göndər




Ötən gecə cəbhə xəttində baş verən hadisələr bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə tənzimlənməsi ilə bağlı Ermənistan rəhbərliyinin bəyanatlarına və açıqlamalarına əsla inanmaq olmaz. Biz bunu zatən bilirik, indi məsələ olayı Rusiyanın anlamasındadır. Çünki aprelin 1-də Dağlıq Qarabağda "dördgünlük müharibə" başlayandan və ən başlıcası, ermənilərin məğlubiyyəti ilə başa çatandan sonra Rusiya bütün səviyyələrdə imkanlarını işə salaraq münaqişə tərəflərinə təsir etməyə çalışdı.

Rəsmi Moskva belə dedi: əvvəl Rusiya prezidenti Vladimir Putin çox ehtiyatla seçilmiş ifadələrdən yararlanaraq Dağlıq Qarabağ münaqişəsində hərbi həllin olmadığını söylədi, sonra Rusiyanın baş naziri Dmitri Medvedyev əvvəl İrəvana, sonra Bakıya səfərlər edərək nizamlanma yollarını müzakirə etdi, sonda da Rusiyanın XİN başçısı Sergey Lavrov danışıqlar apardı.

Aia.az Milli.az-a istinadən xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanması üçün ATƏT-in yaratdığı Minsk Qrupunda həmsədr üç ölkədən biri olan Rusiya indi təşəbbüsü ələ almaq, danışıqlarda əsas moderator olmaq və sülhü bərqərar edəcək dövlət statusuna yiyələnmək istəyir.

Rusiya rəhbərləri Azərbaycana ünvanlanmış açıqlamalarında Bakını "danışıqlar prosesində qarşılıqlı güzəştlərə hazır olmağa" çağırırlar.
Güzəşt və kompromis mövqelərdən geri çəkilmə, əldə olunanların əldən verilməsi deyil və Bakı da bunu açıq bəyan edir.
Danışıqların baş tutmamasının yeganə səbəbkarı Ermənistandır və rəsmi Moskva da bunu etiraf etmirdi.

Amma dünən gecə cəbhə xəttində yaşananlar işğalçının sakitləşmədiyini, daha doğrusunu, düşüncə tərzini, şüurunu dəyişmədiyini və məqsədlərinin də yalnız Azərbaycan ərazilərini ələ keçirmək olduğunu göstərdi.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ağdərə istiqamətinə əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 23-ü axşam saatlarından başlayaraq mövqelərimizi və Tərtər rayonunun təmas xəttinə yaxın bəzi yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfi 122 millimetrlik D-30 haubitsalarından da istifadə etməklə mövqelərimiz istiqamətində 20-dək mərmi atıb.

Daha sonra düşmən təmas xəttinə cəmləşdirdiyi tankları atəş xəttinə çıxararaq mövqelərimiz istiqamətində atəş açıb və əlavə qüvvələrin dəstəyi ilə hücuma keçməyə cəhd göstərib. Mövqelərimizə yaxınlaşmaq istəyən düşmən tanklarının qarşısı atəşlə alınıb və bir ədəd döyüş tankı heyətlə birlikdə məhv edilib. Bundan dərhal sonra ermənilər Ağdərə istiqamətində geri çəkilməyə məcbur ediliblər.
Ermənilərin Madagiz hərbi bazası ətrafında yerləşən artilleriya qurğularına da cavab zərbələrindən sonra qarşı tərəf tam susdurulub.
Bölmələrimiz heç bir itki verməyib.

Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə və düşmənin hərəkətlərinə tam nəzarət edir.
Azərbaycanın işğal edilmiş Ağdərə rayonundakı erməni hərbi birləşmələrinin Ermənistan Müdafiə Nazirliyinə məxsus olduğu bəlli: bu, "dördgünlük müharibə"də həlak olan erməni hərbçilərinin 98 faizinin Ermənistanda dəfn olunması ilə bir daha əyan oldu. Və Ağdərədəki həmin birləşmələrin bu dəfə tanklardan yararlanmağa çalışaraq hücum əmri almaları Ermənistan prezidenti Serj Sarkisyanın danışıqların yeni mərhələsinə başlanması və sülh anlaşmasının mümkün qədər tez əldə edilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinin bütün təkliflərini, təşəbbüslərini və çağırışlarını birmənalı şəkildə rədd etməsi anlamına gəlir.

Erməni tanklarının hücumunun Rusiyanın XİN başçısı Sergey Lavrovun İrəvan səfərini baş vurmasından bir gün sonra gerçəkləşməsi təsadüfi deyil.
Sarkisyan bu hücumla qarşısına 4 məqsəd qoymuşdu:

1. Rusiyaya təzyiq göstərmək. Rusiyanın XİN başçısı S.Lavrov İrəvanda olarkən Ermənistan rəhbərliyi ilə bağlı qapılar arxasında heç də mülayim danışmayıb. Moskva Cənubi Qafqazdakı regional geosiyasi maraqlarının təminatı və ABŞ ilə Avropa Birliyinin bölgədəki təsir imkanlarının artmasının qarşısının alınması üçün Ermənistandan işğalda saxladığı 5 rayonu azad etməyi, Dağlıq Qarabağın statusu ilə bağlı referendum barədə isə sonradan müzakirələr aparmağa razılaşmağı tələb edib. Sarkisyana təzyiqlərin sərt olduğu da vurğulanır. Belə şəraitdə S.Sarkisyan Moskva qarşısında çox zəif görünməməyə çalışaraq nəzəri "kompromis"in müqabilində vədlər və təminatlar almağa çalışır, erməni ordusunun istənilən an müharibəyə başlaya biləcəyini və bu səbəbdən də İrəvanı "sakitləşdirməsi" üçün Moskvanın əlavə, daha böyük məbləğdə, həcmdə və miqyasda "təşəkkür"lər etməsinin vacibliyini vurğulamağa çalışıb.

2. Erməniləri sakitləşdirmək. Son günlər Ermənistanda aşkar anti-Rusiya nümayişləri və etiraz aksiyalarının keçirilməsi, əslində, S.Sarkisyanın özünün təlimatı ilə reallaşdırılan olaylardı. Amma bu olaylar Moskvaya təsirə yönəlsə də, əks effekt verdi və Ermənistan cəmiyyətində Sarkisyan iqtidarına qarşı qıcıqla nifrəti daha da artırdı. "Dördgünlük müharibə"nin İrəvan üçün çox uğursuz nəticələri də erməniləri sinirləndirib, onlar məğlubiyyətdə Sarkisyanın başlıca günahkar, XİN başçısı Edvard Nalbandyanla müdafiə naziri Seyran Ohanyanı isə buyruq qulları qismində suçlu sayırlar. Belədə S.Sarkisyan Dağlıq Qarabağ zonasındakı hərbi birləşmələrinin "döyüşə hazır" vəziyyətini göstərmək üçün blitskriq arzusuna düşüb, xəyalını gerçəkləşdirmək üçün tanklarla hücum əmri verib. Məqsəd Ağdərənin Madagiz kəndi ətrafında Azərbaycan ordusunun işğalçıları vurub çıxardıqları strateji yüksəklikləri qaytarmaq idi. Amma alınmadı.

3. "Soyqırım dopinqi". Bu gün ermənilər 1915-ci ildə Osmanlı Türkiyəsində guya gerçəkləşmiş "erməni soyqırımı"ını anırlar. Erməni icmasının olduğu ölkələrdə haylar yürüşlər, mitinqlər, anım tədbirləri və toplantılar keçirirlər. Dünən İrəvanda da Sisernakaberdə ənənəvi "məşəl yürüşü" olub. Təbii ki, ermənilər üçün belə "əlamətdar, qəmli və kədərli" gündə S.Sarkisyan ölkədəki kütləni sakitləşdirmək, ən başlıcası isə ABŞ və Avropa ölkələrindəki erməni diaspor təşkilatlarının rəhbərlərinə yarınaraq onların yolladıqları maliyyə vəsaitinin kəsilməsinə imkan verməmək üçün "qələbə hücumu"nu gerçəkləşdimək istəyib. Məqsəd aprelin 24-də ermənilərə "itirilmiş mövqelər alındı" xəbərini verməkdi.

4. Cəbhədə status-kvonu bərpa etmək. 1-5 aprel günlərindəki hərbi əməliyyatlarda Ermənistan ordusu yalnız bir sıra çox mühüm, strateji yüksəlikləri əldən vermədi - erməni hərbçilərinin hərbi hazırlıq səviyyəsinin çox aşağı olduğu, 22 il ərzində hazırlanan və möhkəmləndirilən müdafiə sistemlərinin yararsızlığı, ən başlıcası isə Ermənistanın Dağlıq Qarabağa yolladığı hərbi birləşmələrinin idarəolunma həddinin batalyon səviyyəsində qaldığı aşkarlandı. Bu gecəki tank hücumu da Ermənistan ordusunun son günlərdə məruz qaldığı sərt tənqidləri və erməni cəmiyyətindəki narazılığı "ani, ildırım sürətli qələbə" ilə səngitməkdi.

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün konstruktiv müzakirələrə hazır olmadığını göstərdi. Ağdərədəki uğursuz tank hücumu isə onun müharibə variantını seçməyə meylli olduğunu ortaya qoydu.
Düşmən bizə qarşı siyasi, mənəvi, psixoloji, təbliğat və hərbi üsullarla müharibə aparmaqla yanaşı, əsəb savaşına da başlayıb.
Təsadüfi deyil ki, S.Lavrov İrəvanda olarkən S.Sarkisyan "Dağlıq Qarabağ münaqişəsindəki son hərbi əməliyyatlar vəziyyəti kökündən dəyişdi, danışıqlar prosesini geriyə atdı" demişdi.

Bu isə Ermənistan prezidentinin faktiki olaraq danışıqlardan imtina etmək fikrində olmasını, Rusiyanın "5 rayonun azad olunması" variantını qəbul etməməsini və danışıqlara dərhal başlanması ilə bağlı Vladimir Putinin təkliflərini qulaqardına vurmasını göstərir.
ATƏT-in Minsk Qrupu fəaliyyətə başlayandan bəri Ermənistan aqressiv mövqe tutaraq danışıqlar prosesini daim uzadır, ən müxtəlif süni əngəllər yaradır, absurd və irrasional şərtlər irəli sürürdü. İndisə S.Sarksyan uğursuz tank hücumu ilə ümumiyyətlə, danışıqlara meylli olmadığını, müharibə variantına üstünlük verdiyini ilk əvvəl Rusiyanın, sonra da ABŞ və Fransanın nəzərinə çatdırmaq istəyir.

Belədə, Azərbaycan düşmənə çox ağır əks-zərbə vurmaq hüququnu özündə saxlayır. O zərbədən sonra Ermənistan hansı vəziyyətə düşə bilər - bunu Serj Sarkisyan yaxşı düşünməlidir.

Ermənistan seçimini etdi - MÜHARİBƏ






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024