Mobil versiya
Biz təkcə prezident deyil, həmdə Ali Baş Komandan seçirik...
Tarix: 06-04-2018 | Saat: 14:26
Bölmə:Yazarlar | çapa göndər

Biz təkcə prezident deyil, həmdə Ali Baş Komandan seçirik...



Zaur Vəliyev


Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda – oktyabrda keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində sislsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür. Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur. Həmçinin, Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır. Nəticə etibarilə, seçkilərin oktyabrda və ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən də cənab İlham Əliyevin imkanlarını məhdudlaşdıran və onlara əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz.

Ötən dövr ərzində prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Əminliklə demək olar ki, cənab İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanmaq və yenidən prezident seçilmək imkanı çox yüksəkdir.

Nəzərə almalıyıq ki, biz təkcə prezident deyil, həm də Ali Baş Komandan seçirik. İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi. Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı. Bu gün Azərbaycanda dünya miqyasında ən güclü ordulardan biri formalaşıb və bu ordu işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm

düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı...

Son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Azərbaycan Silahlı Qüvvələrini təşkil edən Müdafiə Nazirliyi, Dövlət Xüsusi Mühafizə Xidmətinin, DİN-in Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri hazırda dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. Müasir dövrdə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də davamlı şəkildə inkişaf etməkdədir.

Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.

Azərbaycanın hərbi potensial baxımından Ermənistandan hazırkı üstünlüyü heç də birdən-birə, təsadüfən meydana gəlməyib. Son 15 ildə Azərbaycan rəhbərliyi belə bir düsturu özünün əsas fəaliyyət prinsipinə çevirib ki, hər bir ölkənin uğurunu, inkişafını müəyyən edən amillər içərisində iqtisadi potensial və güclü ordunun mövcudluğu ön plandadır. Müasir səviyyədə qurulan ordu həm müstəqilliyin möhkəmlənməsində, həm də ölkənin bölgədə geopolitik güc mərkəzinə çevrilməsində önəmli rol oynayır. Ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: «... Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq... Son illər ərzində

maddi texniki bazanın möhkəmdirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir».

Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnməlidir və bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Ən inkarçı mövqedə dayanan qüvvələr və fərdlər də artıq etiraf edirlər ki, sabitlik, dinamik inkişaf və güclü ordu quruculuğu müasir Azərbaycan üçün əsas xarakterik cəhətlərdir və bu cəhətlər bir-birilə sıx bağlıdır. Güclü iqtisadi inkişaf, gəlirlərin durmadan çoxalması hərbi xərclərin ilbəil artmasına imkan verir. Yalnız son 5 il ərzində bu xərclərin 7 dəfədən çox artması məhz qeyd etdiyimiz amillə əlaqədardır.

Lakin ordu quruculuğu elə bir spesifik sahədir ki, burada iş yalnız iqtisadi imkanlardan kifayət qədər bəhrələnməklə bitmir. Azərbaycan öz ordusunun gücünü, kadrların hərbi peşəkarlığını daim artırır, hərbi qüdrətini yüksəldir. NATO ilə sıx və səmərəli əməkdaşlığın əsas hədəfi də məhz ordu quruculuğu prosesini sürətlə təkmilləşdirmək, Silahlı Qüvvələri modernləşdirmək, müasir standartlara uyğunlaşdırmaqdır. Yekun məqsəd, başlıca niyyət isə, heç şübhəsiz, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Qarabağın və ermənilərin zəbt etdikləri bütün bölgələri düşməndən təmizləməkdir. Əvvəldə vurğuladığımız kimi, artıq bu qəti mərhələyə doğru gedən yolda hərbi və siyasi baxımdan xeyli mühüm nəticələr əldə olunub və bu proses davam etməkdədir. Müşahidələr göstərir ki, Azərbaycan özünün potensial hərbi üstünlüyünü real nəticəyə çevirmək mərhələsinə qədəm qoyub. ...2 il əvvəl aprel ayında Ali Baş Komandan İlham Əliyev düşmənə unutmayacağı bir məğlubiyyət acısını yaşatdı. Qalibiyyət hərisi olan bir xalqın zəfər tarixinə daha bir şanlı səhifə - Lələtəpə zirvəsi yazıldı. Ilham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan öz sözünü deməyə qadir olan güclü bir dövlətdir. O zaman bütün Azərbaycan xalqı tək yumruq kimi öz Prezidentinin ətrafında birləşərək qalibiyyətə imza atdı. Bu xalq 2018-ci ilin aprel ayını da öz tarixinin zəfər səhifəsi kimi yazacaq. Bu qalibiyyət Azərbaycan xalqının haqqıdır. Qalibiyyətə gedən yolun açıq olsun, cənab Ali Baş Komandan



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024