Mobil versiya
DİRİDƏN YAZMAYIN
Tarix: 29-01-2018 | Saat: 17:37
Bölmə:Yazarlar | çapa göndər

DİRİDƏN YAZMAYIN




Nicat Novruzoğlu

Vallah yazmayın, billah yazmayın. Neynirsiniz diridən yazmağı. Heyf deyil ölüdən yazmaq. Nə səsi var, nə küyü. Nə döyməyi var, nə məhkəməsi. Nə də sizin yazınıza yazı ilə cavab verəsi halı.

Geninə-boluna yazın. Gündə bir ölüdən. Tanınmış ölüdən. Cismi ölmüş ruhu isə yaşayan ölüdən. Hər ölüdən yazsaz nə qazanacaqsınız ki... Elə ölüdən yazın ki, sizin yazdıqlarınız içimizi yandırsın, əsəblərimizi oynatsın. Elə ölüdən yazın ki, hamı tanısın o ölünü, hamı onun xidmətlərini, fəaliyyətini bilsin, dəyər versin. Yazın. Ağlınıza nə gəlirsə yazın. Yıxın, sürüyün onları. Təki siz qazanasınız, tanınasınız.

Bax, o günləri gah Xəlil Rza Ulutürkdən yazdılar, sonra Mirzə Ələkbər Sabirdən, bu gün Abdulla Şaiqdən, sabah da nə bilim kimdən. Bəyəndilər-bəyənmədilər yazın. Yazmaq lazımdır. Millət kimi sevirsə ondan yazmaq, onu tənqid eləmək, onu aşağılamaq lazımdır. Təki işiniz getsin. Təki gündəmdə olasınız. Təki məşhurlaşasınız. Dəyərlər boş şeydi.

Qorxmayın, çəkinməyin. Ürəyinizi boşaldın. Hətta ürəyiniz onlara qarşı boş olsa belə yenə boşaldın. Nəsə bir şey düşəcək o boş ürəyinizdən.

Mədəniy(y)ətdən yazın. O mühitin adamlarını vərəqləyin. Dünyadan köçmüşləri. Məsələn, Səxavətdən, Qədirdən, Məmmədbağırdan, Məhəbbətdən yazın. Neynirsiz Kərimdən, Cavanşirdən və ya Rüfətdən yazmağı. Yazıb qalassız məhkəmələrin qapısında. Bütün şou-biznesi yığıb tökəcəklər üstünüzə. Kanallar da bir tərəfdən.

Kanallardan söz düşmüşkən Aydın Qaradağlıdan yazın, Rafiq Hüseynovdan yazın. Neynirsiniz Elgizdən, Zaurdan, ay Zaurdan yazmağı. Nə hoqqadan çıxırlarsa çıxsınlar. Sizə nə?

Şövkətdən, Rübabədən, Saradan yazın. Toxunmayın Rəqsanəyə, Cəmiləyə, Nuriyə, Ruhiyə, Xuramana, nə bilim kimə. Qoy nə istəyirlər eləsinlər. Necə istəyirlər geyinsinlər. Nə istəyirlər oxusunlar. Ağrıtmayan başınızı, ağrıtmayın. Buynuzunuzu onların mikrafonuna sürtməyin.

Hüseyn Arifdən yazın, Zəlimxandan yazın, Vaqif Səmədoğludan yazın. Neynirsiniz gic-gic şeirləri ilə baş-beynimizi aparan "şair"lərdən yazmağı.

Yazın. Qələminiz koş da olsa yazın, iti də olsa. Heç olmasa da yazın. Olmayan şeylə o qədər olan şey qaralayan var ki?!

Amma nəysə Mirzə Cəlildən yazmırsınız. Yıxıb sürümürsünüz onu. Bilirəm niyə. Məncə, qorxursunuz. Dirilərdən qorxduğunuz kimi. Mirzənin Şeyx Nəsrullahından qorxursunuz. Düz də edirsiniz. Ondan yazmayın. Yazarsınız, Şeyx Nəsrullah gəlib sizin haqqınızda yazdığınız ölüləri dirildər. Ondan sonra vay sizin halınıza.(adalet.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024