Mobil versiya
Anar Nağılbazı mən öldürməmişəm!
Tarix: 07-08-2018 | Saat: 11:58
Bölmə:Yazarlar | çapa göndər

Anar Nağılbazı mən öldürməmişəm!


Sevinc Fədai

Yəqin ki, bilirsiniz. Reper Anar Nağılbaz dünyasını dəyişdi. Allah rəhmət eləsin.

Neçə gündür bu ittihamlar qulağımda cingildəyir, gözümü qabar edib: Onu siz öldürdünüz, onu sən öldürdün, onu mən öldürdüm, onu bu cəmiyyət öldürdü.

Təbii olaraq öz-özümə sual etdim: Mən Anar Nağılbazın ölümünə səbəb olacaq nə etmişəm? Heç nə. Əmin olun, Anar Nağılbazı mən öldürməmişəm. Əziz dost və dostlar, onu heç siz də öldürməmisiniz. Deyim niyə...

Deməli, "Qandini mən öldürməmişəm" adlı bir hind filmi var. Filmdə Uttam adlı yaşlı adam özünü Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin qatili hesab edir. İnanır ki, uşaq vaxtı oynayanda bilmədən Qandini öldürüb. Bu yaşlı çağında ömrünü içindəki bu "qatil"lə mübarizəyə həsr edir. Yaddaşını itirir, tənhalığa çəkilib qapını kilidləyir, gah yemək yemir, gah od vurub evi yandırır.

Uttamı dəlixanaya da salırlar. Onu heç kim başa düşmür, başa düşmək istəmir. Amma inadından dönmür, elə hey deyir ki, Qandini mən öldürmüşəm. Axırda "Qandini öldürdüyünə" görə onu "həbs edirlər". Bu, yaşlı adamı müalicə etmək istəyən yeganə həkimin ideyası olur. Sonda Qandinin şəklini görən Uttamın yaddaşı oyanır və ağlamağa başlayır. Deyir Qandini mən öldürməmişəm. "Qandini öldürmək bilirsiniz nədir?" deyə üzünü məhkəmə zalındakı adamlara tutur və uzun bir çıxış etməyə başlayır. Onun ürəyi dolu idi, uzun illər başa düşülməməkdən, tənhalıqdan yorulmuşdu, bu yükdən azad olmaq istəyirdi.

Ona görə də ağlayaraq danışır, danışır, danışır. Amma Uttam ancaq və ancaq bunu demək istəyirdi: "Qandini öldürmək işığı qaranlığa həbs etmək, həqiqətə göz yummaqdır, başa düşmək istəmədiyiniz adamlara "dəli" deməkdir". Deyir bax Qandini siz, bu cəmiyyət öldürüb.

O filmə baxandan sonra özümə gələ bilmirdim, elə bilirdim Qandini öldürən mənəm, mənim atamdır, anamdır, qardaşımdır, bacımdır, dostlarımdır, iş yoldaşlarımdır...

Qandi həyatını həqiqəti tapmağa həsr etmişdi. Onu evinin bağçasında gecə gəzintisi edərkən vururlar. Cəvahirləl Nehru radio ilə ölkəyə etdiyi müraciətində belə deyir: "Dostlar, yoldaşlar, işıq bizi tərk etdi və hər yerdə yalnız qaranlıq var".

Qandini kimin öldürməyinin fərqi yoxdur, sadəcə, insanlar işığı qorumağı deyil, yox etməyi seçmişdilər...

Bəs bizim məsələmiz nədən ibarətdir? Ailə üzvləri bildiriblər ki, Anar Nağılbazın sonuna uzun müddətdir içində olduğu stress çıxıb. Amma gəlin məhz bu stressdə payı olanlara yükləyək bu ölümün günahını. Və bir həqiqəti də unutmayaq, Anar Nağılbazın seçdiyi həyat tərzi, seçdiyi sənət yolu, ümumilikdə həyat yolu, əqidəsi nədən ibarət idi? Baxın, bəzən insanın seçdiyi yol olur elə onun sonu. O, bu yolu seçməkdə azad idi, heç kimin buna görə onu ittiham etməyə haqqı yoxdur. İstədiyi kimi yaşadı, istədiyi kimi də öldü. Onun nə həyatına, nə də ölüm formasına müdaxilə etməyə haqqımız var. Deyə bilməzdik ki, içi üsyanla dolu olan, sərhədləri aşmağı, azadlığı, təbliğ edən adam, sən gəl mühəndis ol, fəhlə ol, sonra da təqaüdə çıx, sadə bir təqaüdçü kimi nəvələrinlə oyna, ayağını uzat, ölümünü gözlə...

Məlumdur, onun şəxsi həyatı müzakirələrə çıxarıldı, yataq otağına qədər girildi, sevişmə səhnələri belə adamların dilində dolaşdı. Hə, bu, ayıb idi, çox ayıb idi. Hətta əxlaqsızlıq idi. Amma yenə deyirəm, Anar özü məhz bu ayıba, məhz bu əxlaqsızlığa qarşı savaşmırdımı? Özü cəmiyyətin boşboğazlığına uduzan adam necə qalib gələ bilərdi?

Mən həmin dönəmdə çox gözlədim, gözlədim ki, Anar çıxıb desin, hə, mənəm o bəh-bəhlə intim videosunu izləyib, bəh-bəhlə söydüyünüz adam. Mənəm, sonra? Bundan sizə nə? Amma o inkar etdi və mənim üçün Anar onda "öldü". Həyatı ilə sənəti uyğun olmayan adamlar o sənətlə bu cəmiyyəti dəyişə bilməz, zamanla elə tənqid etdiyi cəmiyyətin bir parçasına çevrilər, hətta qurbanına. Anar Nağılbaz replərindəki kimi, həyatda da etiraz edə bilməliydi, həyat yoldaşına, qohumlarına, dostlarına, dinləyicilərinə ­- bütövlükdə cəmiyyətə. Məişət qovğalarının əlində biçarə qalmamalıydı Anar Nağılbaz kimi adam.

Və bizim cəmiyyətin yazarından tutmuş repçisinə qədər hər kəs bu cəmiyyətə məğlub ola-ola gedir. Hər dəfə qalib gələn qaragüruh daha da güclənir, daha da vəhşiləşir. Səhnədə, əsərlərində Şərə meydan oxuyan yaradıcı insanlarımız həyatda Şərə təslim olmağı seçir. Cəmiyyət də qəhrəmanın məğlubiyyətini gördükdən sonra ona inamı ölür və dayandığı cəbhənin doğru olduğuna inanır.

Hə... bir də... Zamanında cəmiyyətin incitdiyi bir insan olaraq hələ də düşünürəm ki, məhz meydanda, səhnədə, ədəbiyyatda olan 3, 5, 10... aydın, yaradıcı insan - kimimiz varsa - əlində çıraq, tənqid etdiyi cəmiyyəti arxasınca aparmalıdır. Onunla həm də yanaşı olmalıdır, onun yanında olmalıdır. Yanında olmalıdır ki, onun qulağına həqiqətləri pıçıldıya bilsin, işığını onun üstünə sala bilsin. Yoxsa onu ittiham edərək, yükləyərək, "məni öldürdün", "onu öldürdün", "bizi öldürdün" deyərək, cəmiyyəti qatil elan edərək heç nəyi dəyişmək olmaz. Üsyanımız cəmiyyətin ürəyinə, ruhuna, beyninə hakim kəsilən qara düşüncələrəqarşı olmalıdır, insana yox, insanımıza yox...

***

Qandi fəlsəfəsini və həyata baxışını avtobioqrafik kitabında belə açıqlayırdı: "Ümidsizliyə qapananda tarix boyunca düzgünlük və sevginin hər zaman qələbə çaldığını xatırlayıram. Şər və qatillər həmişə olub. Hətta onlar bir müddət məğlubedilməz hesab olunublar, amma sonda hər zaman uduzublar. Hər zaman bunu düşün..."

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024