Mobil versiya
AD QOYA BİLMƏDİYİM YAZI
Tarix: 12-03-2018 | Saat: 15:00
Bölmə:Yazar4 | çapa göndər

AD QOYA BİLMƏDİYİM YAZI



Aqil ABBAS

Təhsil eksperti Kamran Əsədov belə bir açıqlama verib ki, son 3-4 ildə 1200 məktəbli qız (9,10,11-ci siniflər) abort etdirib. Saytlar və qəzetlər bu açıqlamanı tirajlayıb. Açıqlama gündəmə oturub və sosial şəbəkələrdə də müzakirələr gedir.

Çox qorxunc rəqəmdi. Və həqiqətə nə qədər uyğundur ? Çox təəssüf ki, aidiyyəti qurumlar, deyək ki, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri Komitəsi bununla bağlı hələ də bir açıqlama verməyib.

Bu məsələ ilə bağlı mən də nəsə yazmaq istədim, amma Sevinc Telmanqızının «Müsavat.com» saytında Kamran Əsədovun açıqlamasına cavab olaraq çox ciddi, ağıllı və tutarlı yazısını oxudum. Belə qərara gəldim ki, Sevinc xanımın yazısını həm saytımızda, həm də qəzetimizdə dərc edim ki, insanlar o qədər vahiməyə düşməsinlər. Sağ olsun Sevinc xanım ki, yuxarıda adlarını çəkdiyim üç qurumun əvəzinə Kamran Əsədovun açıqlamasına cavab verib (Yazını çapa verərəkən eşitdim ki, nəhayət Səhiyyə naziri bununla bağlı bir açıqlama verib.).

Mən başqa bir nüansa toxunmaq istəyirəm, belə bir açıqlamanın çox ciddi bir zərəri ola bilər. Bu fakta söykənib dini siyasəti alət edənlər ara qarışdırmağa cəhd edə bilərlər. Belə bir açıqlama onların əlinə göydəndüşmə bir fürsət verə bilər. Necə ki millət vəkili Fazil Mustafa APA TV-yə açıqlamasında bildirib ki, əsrin əvvəlində bizdə ayrıca qızlar məktəbi olub və sair və ilaxır. Hörmətli Fazil bəy, 20-ci sərin əvvəlinəmi qayıdaq?!. Sizi Azərbaycanda ən böyük türkçülərdən biri sayırlar. Türklərin tarixini, kültürünü, mədəniyyətini, ənənələrini məndən də yaxşı bilirsiniz.Türklərdə həmişə qadınla kişi bərabər hüquqa malik olub. Xanımlar eşləri ilə birlikdə ova gediblər, döyüşə gediblər. Qarabağ savaşında da qadınlarımız ərləri ilə, qardaşları ilə, hətta oğulları ilə bərabər çiyin-çiynə vuruşurdular. Bu gün Türkiyənin haqlı olaraq həyata keçirtdiyi "Zeytun Dalı” əməliyyatında da bunun şahidiyik.


Hətta din nə qədər düz göstərsə də, türk xalaqlarında qadın kişi bərabərliyini poza bilməyib.

Belə ki, dini siyasəti alət edənlər həm qızları məktəbdən yayındırmağa çalışarlar, həm də qızlarla oğlanların ayrı-ayrı məktəblərdə oxumasını şüar edə bilər. Düzdür, buna nail ola bilməzlər, amma hər halda qan qaralda bilərlər.

Necə ki qardaş Türkiyədə artıq bu yöndə addımlar atılıb və atılmaqdadı, xüsusi qız məktəbləri açılır və getdikcə bunun sayı da artmaqdadı. Bildiyiniz kimi, hətta Türkiyədə məsələ qaldırılıb ki, qadınlarla kişilər bir metroda, bir avtobusda getməsinlər, hətta bir yerdə liftdən istifadə etməsinlər və sair və ilaxır, at gəldi örkən apardı. Artıq bir çox bələdiyyələrdə də belə avtobuslar ayrılmaqdadı.

Hələ qardaş ölkədə çox səfeh bir qanun da hazırlayırlar, üstündə də bərk mübahisələr gedir. Deməli, 12 yaşdan yuxarı qızları zorlayanlar əgər həmin qızla evlənsələr, cinayət məsuliyyətindən yaxa qurtara bilərlər.

Əcnəbilər seyrə balonlarda uçur, balonlarda uçmur ey, Marsda kartof əkir, müsəlmanlar isə görün nəylə məşğuldurlar?!

Bəli, hazırda ciddiyə almadığımız bu məsələ gələcəkdə ciddi problemə çevrilə bilər.

Kamran Əsədovu təhsilimizin problemlərini çox gözəl bilən ciddi bir ekspert kimi tanıyıram. Amma gərək bu məsələdə bir az diqqətli olaydı.

Bir məsələni də qeyd edim.

Azyaşlı qızların ərə getməsi həqiqətən də həll olunmayan böyük bir problemə çevrilib. Qanuna görə, 18 yaşdan aşağı oğlan və qızların ailə qurması qadağandır. Amma deyəsən, qanunun bu maddəsi işləmir. Demək olar ki, tez-tez belə halların şahidi oluruq. Bunlar kimdilər, bunlara kim kəbin kəsir? Xüsusilə kəndlərdə baş verən bu hadisələrin şahidi olan icra nümayəndələri, bələdiyyə sədrləri hara baxırlar, nə işlə məşğuldular, niyə vaxtında bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermirlər? Bu günə qədər azyaşlı ilə ailə quran bir kimsə haqqında cəza tədbiri görüldüyünü hardasa oxumusunuzmu? Və ya bunlara kəbin kəsən rəsmi qurumun və ya din xadiminin cəzalandığını eşitmisinizmi? Eşitməmisiniz.

Heç olmasa, görən bundan sonra eşidə biləcəyikmi?

Eşidə bilmək arzusu ilə.

Sonda. Əslində 18 yaş da çox erkəndi. Bu yaşda uşaq nə bilir ailə nədi, atalıq nədi, analıq nədi, cocuq nədi? Bu rəqəm 20-yə qaldırılmalıdı.(adalet.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024