Mobil versiya
Niyə dovşanın quyruğu qısadır...
Tarix: 06-09-2018 | Saat: 16:56
Bölmə:Yazar4 | çapa göndər




Şəcahan Gün

(Qönçəyə ithaf edirəm)


Qönçə balamız heyvanları çox sevir. Ən çox sevdiyi heyvan isə dovşanlardır. Dovşanlar haqqında hər şey ona maraqlıdır. Xüsusilə nağıllar. Qönçəyə hər gecə anası nağıl danışmalıdır. Yoxsa yuxusu gəlməz. Bu axşam da anası Qönçəyə bu nağılı danışdı:

-“Biri vardı, biri yoxdu. Bir dovşan vardı. Bu dovşanın uzun quyruğu vardı, tülkünün quyruğu kimi. O, meşənin kənarında, bulağa gedən yolun üstündə, kolun dibində özünə yuva qurmuşdu. Bütün günü işi atılıb-düşmək, oynamaq idi. Acanda gedib yaxınlıqdakı bostandan kök, kələm və s. -tərəvəzlərdən yığıb gətirib xırım –xırım əridərdi. Sonradan yenə bütün günü əylənərdi. Amma bu dovşanın bir xüsusiyyəti vardı. Bulağa su içməyə gələn heyanlara göz verib, işıq vermirdi. Soruşacaqsınız necə?

Qulaq asın söyləyim. Görün dövşan necə dəcəllik edirdi. Eləki gördü heyanlar su içməyə gəlir, kolun dibində gizlənir, quyruğunu qəflətən yola atır, heyvanların da ayaqları bu quyruğa ilişib yıxılardılar. O, bu “zarafat”ları o qədər etdi ki, sonda vərdişə çevrildi. Guya balaca dovşan meşənin heyvanları ilə əylənmək istəyirdi. Əslində isə özü də başa düşmədən heyvanları narahat edirdi. Dovşan bu “zarafat”ı o qədər etdi ki, bütün heyvanlar onun əlindən bezdilər.

Ondan xahiş etdilər ki, bu işindən əl çəksin. Balaca dovşan isə heç bir heyvanın xahişini nəzərə almadan öz əməllərinə daam edirdi. Axırda heyvanlar düşünüb, daşınıb bir yerə toplaşdılar, məsləhətləşdilər ki, necə edək ki, dovşanın bu yersiz hərəkətlərindən canımızı qurtaraq. Az fikirləşdilər, çox filirləşdilər, tülkünün təklifini qəbul etdilər. Tülkü dedi:

-Gəlin özbaşına iş görməyək. Gedək meşəmizin padşahının yanına. O , nə məsləhət görsə, onu da edərik. Heyvanlar yığışıb aslanın yanına getdilər. Əvvəlcə onun qarşısında bir-bir baş əydilər. Bütün heyvanlar aslanın qarşısında ayaqüstə dayanmışdılar. Aslan bağırdı:

-Əyləşin! Hamı əyləşdi. Təkcə tülkü qorxa-qorxa ayaqüstə qalmışdı.

-Sən niyə əyləşmirsən?- aslan dedi.

-Ey böyük hökmdar, icazə verin bura gəlməyimizin səbəbini Sizə açıqlayım.

Tülkü qorxa – qorxa bir-iki addım irəli atıb şirin, yağlı dilini işə saldı:

-Ey bizim gözəl meşəmizin ağası! Ey müdrik padşah! Tanrı səni bizim başımızın üstündən əskik etməsin. Sənə şikayətimiz var.

Aslan kürsüdə yerini rahatladı. Başını bir az da ucaltdı.

-Nə olub? Bəlkə mənim gözəl meşəmə kimsə gözünü dikib? Hə, tez ol, söylə, ağılsız heyvan. Gözlərim qaraldı, başım gicəlləndi. Aslan qəzəbindən nərildədi. Heyvanlar qorxularından titrəşdilər. Bura gəldiklərinə ürəklərində peşmançılıq çəkdilər.

-Yox, yox, böyük hökmdar! Siz olan yerə hansı heyvan cürət edib buraya ayaq basa bilər. Biz dovşandan şikayətə gəlmişik.

-Dovşandan? - aslan yenidən nərildədi. Yenə heyvanlar titrəşməyə başladılar.

- O, nə cürətlə mənim meşəmdə dəcəllik edir,meşəmin qanunlarını pozur. Kim ona icazə verib meşəmin qanunlarını pozmağa. Çağırın onu mənim hüzuruma! O, mənim bu günkü şam yeməyim olacaq.

Heyvanlar bir ağızdan:

-Yox, yox , ey mərhəmətli padşah. Ey göylərin bizim meşəmizə hədiyyəsi. Dovşan o qədər də böyük günah etməyib. Sadəcə demək istəyirik ki, onun dəcəlliyi bizi yorub. Başqa heç nə. Ey dünyanın ən xeyirxah padşahı, dovşanın günahını bağışlayın.

Heyvanlar aslanın dovşana bu qədər sərt cəza verəcəyini gözləmirdilər. Əgər bilsəydilər ki, aslan dovşana belə cəza verəcək, heç bura gəlməzdilər. Bütün heyvanlar tülkünün sözünə qulaq asdıqlarına görə peşman idilər. Amma atalar demişkən: “Sonrakı peşmançılıq fayda verməz”. Olan olmuşdu, keçən keçmişdi. İndi hər şey padşahın verəcəyi qərardan asılı idi. Aslan isə fikrə getmişdi...

Xeyli sonra dilləndi;

-Çağırın onu hüzuruma!

Çarçı tez meşəyə car çəkdi. Bu səs dovşanın da qulağına çatdı. Qorxa-qorxa aslanın hüzuruna gəldi.

-Eşitmişəm meşənin qanunlarını pozursan. Bu, doğrudur?-aslan bağırdı.

-Mən bapbalaca bir dövşan meşənin qanunlarını pozmağa necə cürət edə bilərəm. Mən sadəcə zarafat etmək istədim – dovşan titrəyərək söylədi.

-Sən bilmirsənmi ki, zəiflər güclülərlə zarafat etməzlər? “Zarafat dostluğun bıçağıdır”.

-Bağışlayın, böyük hökmdar. Bir də belə zarafat etmərəm- qorxudan dovşanın dili söz tutmurdu.

-Deməli sən bilə-bilə etməmisən?

-Əlbəttə yox. Bu bir uşaqlıq səhvidir.

-Əgər bilə - bilə etməmisənsə, onda bütün heyvanlardan üzr istə.

Dovşanda dəcəllikdən əsər -əlamət qalmamışdı. Yer yarılsa yerə girməyə hazır idi. Etdiyi səhvin əzabını çəkməkdən başqa çarəsi yox idi. Ayaqları tir-tir titrəyirdi, dili topuq vururdu.

O, bütün heyvanlardan bir-bir üzr istədi. Heyvanlar da onu bağışladılar. Bir də belə zarafat etməyəcəyinə söz verdi.

-İndi isə qərarımı dinləyin!

Aslan bu dəfə elə bağırdı ki, yəqin qonşu meşələrdə də onun səsi eşidildi. Heyvanlar qorxularından büzüşmüşdülər. Aslanın qərarını gözləyir, nə vaxt buranı tərk edəcəklərini səbirsizliklə arzulayırdılar.

-Sən yersiz hərəkət etmisən. Həm də bir dəfə yox. Heyvanları axmaq hərəkətinlə narahat etmisən. Meşənin qanunlarını pozmusan. Düzdür, səni şam yeməyim etmirəm. Amma pis hərəkət cəzasız qalmamalıdır. İndi isə onun uzun quyruğunu qopardın. Heç bir heyvan bunu etmək istəmədi. Tülkü isə bunu etdi. Çünki o, aslanın yenidən qəzəblənəcəyindən qorxurdu. Aslan dedi:

-Qoy bu sənin axmaq işlərinin cəzası olsun. Bir də yaşadığın yerin qanunlarını pozmağa çalışma, qanunlara hörmətlə yanaş .

Hə, əziz uşaqlar, o gündən sonra bütün dovşanlar qısaquyruq doğuldular. Amma bəzən dovşanlar uzun quyruqları üçün darıxırlar”.

Ana nağılını sona çatdırdı. Qönçə isə çoxdan yuxuya getmişdi...

Əziz balaca dostlar, lazımsız hərəkətlər heç kimə uğur gətirmir. Siz də çalışın həmişə valideynlərinizin nəsihətlərinə qulaq asın. Sizə zərər yetirəcək hərəkətlərdən çəkinin.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024