Mobil versiya
Şərrux bəyin nağılı
Tarix: 26-07-2018 | Saat: 17:27
Bölmə:Yazar4 | çapa göndər





Şəcahan Gün

(Atillaya həsr edirəm)

Atilla heyvanlar haqqında nağılları çox sevir. Xüsusilə tülkülər haqqında nağıllara daha da maraqla qulaq asır. Kimi görürsə ondan tülkülər haqqında nağıl danışmasını xahiş edir. Bir gün Atilla yenə nənəsindən xahiş etdi ki, tülkü haqqında ona yeni bir nağıl danışsın. Nənə gülümsünüb dedi:

-Yaxşı, ay Atilla, gəl otur yanımda, qulaq as. Atilla nənənin yanında yerini rahatladı...

-Biri vardı, biri yoxdu. Şərrux adında kasıb bir dəyirmançı vardı. O, hər gün səhər tezdən durandan axşama kimi dəyirmanda işləyərdi. Üstü, başı həmişə un olardı. İnsanların buğdasını üyüdər, onlar da dəyirmançıya həmin undan bir qədər zəhməthaqqı verərdilər. Onun yeməyə çörəyi vardı, amma çox kasıb yaşayardı. Gündə neçə dəfə üzünü Allaha tutub şükür edər və daha yaxşı yaşaması üçün Tanrıdan yardım istərdi. Bunu tez – tez təkrarlayar, arzusunun həyata keçməsi üçün Tanrıya dualar edərdi.

Beləcə günlər, aylar ötüb keçərdi. Dəyirmançı Şərruxun arzusu elə arzu olaraq ürəyində qalardı. Amma o, arzusunun bir gün yerinə yetəcəyinə çox inanırdı.

Bir gün qapı astadan döyüldü. Dəyirmançı qapını açıb gördü ki, qapıda xəstə bir tülkü dayanıb. Tülkü dəyirmançıdan bir parça çörək istədi. Dəyirmançı ona çörək verdi. Sonra tülkü Şərruxdan xahiş etdi ki, ona dəyirmanda yaşamağa izn versin . Əvəzində borclu qalmaz, dəyirmançıya xeyirxahlıq edər. Şərrux tülkünün dəyirmanda yaşamasına izn verdi. Onlar birlikdə dəyirmanda yaşamağa başladılar.

Bu tülkü çox ağıllı və hiyləgər bir tülkü idi.

-Nənə, tülkü necə ağıllı ola bilər?

-Tülkülər çox ağıllıdır və yeni şəraitə tez uyğunlaşırlar. Təsadüfü deyildir ki, tülkü hiyləgərliyin, eyni zamanda ağıl və fərasətin rəmzidir. Bununla bağlı çox nağıllarda danışılır.

Həə, harada qalmışdıq?

Tülkü Şərrux bəylə birgə dəyirmanda yaşamaqda davam etdilər.

-Nənəcan, tülkülər harada yaşayırlar?

- Ay dəcəl, sözümü kəsirsən...

-Tülkülər Avropada, Şimali Amerikada – Misir, Əlcəzair, Mərakeş və Tunisdə , Asiyanın bir çox hissəsində, Hindistanın şimalından başlamış Hind – Çinə qədər geniş yayılıb. Tülkülərə Avstraliyada da rast gəlmək olar.

De görüm nağılım harada qalmışdı?

Həəə, qonşuluqda çox zəngin və açgöz bir padşah yaşayırdı. Tülkü də bunu yaxşı bilirdi.

Bir gün tülkü həmin padşahın yanına gəlib ondan xahiş etdi ki, xəzinəölçənini ona versin. Padşah tülküdən soruşdu ki, xəzinəölçən onun nəyinə lazımdır?

Tülkü dedi:

Mənim padşahımın xəzinəsinin sayı-hesabı yoxdur. Mən onun xəzinədarıyam. Bizim xəzinənölçən qabımız sınıb. Ona görə istəyirəm ki, Siz xəzinəölçəninizi bizə verəsiniz, xəzinəmizi ölçək.

-Nənə, tülükülər nəylə qidalanır?

Yenə sözümü kəsdin...

-Tülkülər hər yerdə özünə qida tapa bilir. Əsasən dövşan, siçan, quşlarla, ölmüş balıqlarla , həşəratlarla da qidalanırlar. Tlkülər böyük quşların yumurtalrını yeməyi sevirlər.Tülkülər gözləyirlər, elə ki quş yuvasından uçdu, hiyləgərcəsinə yuvaya yaxınlaşır və yumurtanı oğurlayır. Yumurta o qədər böyük olur ki, tülkünün ağzına yerləşmir. Onda tülkü yumurtanı pəncələri ilə tərpədir ki, nəyəsə dəyib qırılsın. Məsələn, ağaca və daşa. Onun asanlıqla ov etməsi çox güclü eşitmə qabiliyyətinə malik olması ilə bağlıdır. Tülkü otlar arasında sürünən yağış qurdunun xışıltısını, qarın içərisində yarım metr dərinlikdə eşələnən siçanın səsini belə hiss edir.

-Nənə, sən bunları haradan bilirsən?

- Heyvanlar aləmi çox maraqlıdır Atilla. Heyvanları nə qədər çox öyrənsən, o qədər də çox sevəcəksən. Yaxşı, bir də sözümü kəsmə.

Eləki tülkü padşahdan xəzinəölçəni aldı, gəlib dəyirmanda oturdu. Bir də axşam aparıb xəzinəölçəni padşaha verdi. Beləliklə bir həftə keçdi. Axırda padşah dözməyib dedi:

-Sənin padşahın nə yaman zəngindir? Mən onu sabah qonaq çağırıram.

Tülkü sevindi. Tez Şərruxun yanına gəldi və olanlarlı ona danışdı. Şərrux əvvəlcə razılaşmadı:

-Sən nə danışırsan ay tülkü, mən hara , padşah hara? Mən üstü unlu bir dəyirmançı. Əynimə geyməyə paltarım belə yoxdur. Mən padşahın hüzuruna bu paltarla necə gedə bilərəm?

Tülkü dedi:

-Heç narahat olma. Bunlar mənlikdir. Mən nə desəm sən ona əməl et.

Səhər açıldı. Tülkü Şərruxu qabağına salıb padşahın sarayına tərəf apardı. Sarayın yaxınlığında bir quyu vardı. Tülkü Şərruxa dedi ki, paltarlarını soyunsun. Şərrux paltarını soyundu. Tülkü onun paltarlarını quyuya atıb yandırdı. Sonra bərkdən haray saldı ki, bəs nə durmusunuz, gəlin, quldurlar ağamı soydulr. Padşahın adamları tökülüşüb gəldilər, lakin heç kəsi tapmadılar. Tülkü dedi ki, quldurlar siz gəlincə qaçıb geydilər.Padşahın adamları padşaha layiq bir dəst paltar, ayaqqabı gətirib Şərruxu geyindirdilər və saraya apardılar. Şərrux bir müddət padşahın sarayında yaşadı. Şərrux kasıb olsa da çox yaraşıqlı və xeyirxah bir oğlan idi.

Bir gün sarayın bağçasında gəzərkən Şərrux padşahın qızı ilə rastlaşdı. Padşahın qızı bir könüldən, min könülə Şərruxa aşiq oldu. Söz gedib padşaha çatdı. Padşah bu işə sevindi. Məclis quruldu, qazanlar asıldı, aşıqlar çalıb oxudu. Düz qırx gün, qırx gecə şənlik oldu. Şərrux padşahın qızı ilə evlənib bir müddət sarayda yaşadılar.

Günlər keçirdi... Şərrux bəy (artıq ona hamı bəy deyə müraciət edirdi) başa düşürdü ki, sarayda çox qala bilməz. Ona görə narahat olmağa başlamışdı. Tülkü bunu duydu və Şərrux bəyə dedi:

- Heç nəyə görə narahat olma. Hazırlaş, sabah evimizə gedirik.

Şərruxun qorxudan ürəyi əsdi.

- Hansı ev, dəyirmanı deyirsən?

-Gedərik hansı ev olduğunu görərsən.

Tülkü padşaha xəbər çatdırdı ki, daha onun sarayında qaldıqları bəsdir.

Öz məmləkətlərinə getmək vaxtı çatıb.

Elə ki, səhər açıldı. Qoşun yola düşdü. Padşah da qızına çoxlu cehiz - var – dövlət bağışlamışdı. Tülkü Şərruxa dedi ki, mən hara getsəm, sən də mənim dalımca gəl.

Tülkü qabaqda, Şərrux, qoşun da tülkünün dalınca. Getdilər, getdilər qabaqlarına bir naxır çıxdı. Bu naxır yaxınlıqda yaşayan yedddi qardaş divilərin naxırı idi. Tülkü qabağa çıxıb naxırçıya dedi ki, padşahın adamları sizdən soruşsalar ki, bu kimin naxırıdır. Deyin ki, Şərrux bəyin. Yoxsa padşahın adamları sizin hamınızı öldürəcəklər.

Qoşun başçısı naxırçıya yaxınlaşıb soruşdu:

- Bu naxır kimindir?

-Əlbəttə Şərrux bəyin, naxırçı cavab verdi.

Dəstə yoluna davam etdi. Bir azdan qarşılarına qoyun sürüsü çıxdı. Tülkü yenə çobana xəbərdarlıq etdi ki, sizdən sorsalar, kimin sürüsüdür? Söyləyin Şəttux bəyin. Yoxsa hamınızı padşahın adamları qıracaq. Beləcə yollarına davam etdilər. Beləliklə gəlib gözəl bir imarətin qabağına çıxdılar. Həyəcandan az qalırdı Şərrux bəyin ürəyi getsin. Bütün bu işlərin hansı sonluqla bitəcəyini bilmirdi.

Tülkü tez qabaqda qaçıb yeddi qardaş divə dedi ki, bəs nə durmusuz, padşahın qoşunu artıq qapıya çatıb. Onlar gəliblər ki, sizi qırsınlar. Divlər qorxudan bilmədilər nə etsinlər. Tez qaçıb həyətdəki ot tayasının içində gizləndilər. Tülkü qulluqçulara dedi ki, dadlı yeməklər bişirsinlər və kim soruşsa bu sarayın Şərrux bəyə məxsus olduğunu desinlər. Qoşun gəldi çatdı. Hamı atdan düşdü. Kimdən soruşdular ki, bu saray kimin sarayıdır? Hamı bir ağızdan cavab verdi ki, Şərrux bəyin.

Şərrux nə edəcəyini bilmirdi. Çaşıb qalmışdı. Tülkü yenə ona yaxınlaşıb qulağına pıçıldadı ki, özünü ağıllı aparsın. Hər şey yaxşı olacaq. Hamı süfrə başına keçdi. Yeyib içməyə başladılar. Elə təzəcə yeyib qurtarmışdılar ki, tülkü möhkəmdən qışqırdı:

- Ay aman, kömək edin! Ağamı soyan quldurlar buradadır. Tayanın içində gizləniblər ki, biz yatandan sonra hamımızı öldürsünlər. Sərkərdə əmr verdi. Qoşun ayağa qalxdı. Yazıq divlər qoşunun əlindən güclə qaçıb qurtardılar.

Sən demə bu saray Şərrux bəyin babasından qalıbmış. Yeddi qardaş div buranı zəbt etmişlər. Bütün bunları da tülküdən başqa heç kəs bilmirmiş.

Hə, əziz uşaqlar, hər şeyin bir sonu olduğu kimi bu nağılın da sonuna gəlib çatdıq. Şərrux bəy və ailəsi uzun illər burada xoşbəxt yaşadılar. Tülkü də onlarla birgə çox gözəl bir ömür sürdü.

Hər şey belədir, əziz uşaqlar, təmənnasız edilən xeyirxahlıq nə vaxtsa insanın özünün qabağına çıxır.Həm də artıqlaması ilə. Çalışın siz də həmişə xeyirxah olun.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024