Mobil versiya
"Vətən xainləri"ndən biri də mənəm...
Tarix: 25-04-2018 | Saat: 16:00
Bölmə:Yazar4 | çapa göndər

"Vətən xainləri"ndən biri də mənəm...



Nərmin Həsənli


Hadisə Bakı şəhəri, 20 yanvar metrostansiyasında vaqe olur.

İşdən çıxıb evə gedirəm. 25-26 yaşlı bir ana, yanında da yaşı 4-5 olan iki uşaq. Mənim onlardan 1 saat sonra minsəm, təmiz bilib oturacağım yerdə uşaqlar ayaq üstdə gəzişirlər. Qatar adamla doludu. Uşaqların əlində konfet var. Hansı ki, arada ana-bala məhəbbəti cuşa gələndə qucaqlaşdıqları analarının saçına, üst-başına, "gəzişdikləri” müddətdə isə oturacaqların dörd bir yanına sürtürlər. Uşaqların hər iki tərəfində yaşlı qadınlar oturub. Uşaqlar arada metronun reklam vurulan şüşələrindən ətrafı görə bilmədiklərindən qadınların "üstünə çıxıb” kənar-köşədən "çölü” izləməyə çalışır, qadınlar isə ora-bura sıxıla-sıxıla anaya baxırlar ki, bəlkə insafa gəlib dillənər. Ana isə qulağında qulaqlıq məmnunluq hissi ilə "uşaqlarının dəcəlliyini” seyr edir.

Pərdə enir.

Gördüm bir az da qalsam, əsəbdən ürəyim partlayacaq. Qatar dayanan kimi özümü stansiyaya atdım. Niyə heç nə demədim? Çünki "ana”, ümumiyyətlə, nəyinsə səhv getdiyini düşünmürdü və uşaqlarının "rahatlığı” üçün ölüb-öldürməyə hazır kimi görünürdü. İstər geyimindən, istərsə də davranışından birmənalı şəkildə ananın oxumaqdan, mədəniyyətdən xəbərsiz olduğu bilinirdi. Çox güman ki, hansısa rayonda 18-19 yaşında dünya ilə tanış olmağa fürsət tapmadan evlənənlər sırasından idi. Bəli, mövzu, həmin o "kəndçi” mövzusuna dayanacaq. Çünki gündə azı bu cür 10 davranış və hadisənin şahidi oluram. Görəsən, "Çəkil o tərəfdə dayan” desən, "Mən "kəndçiyəm” də” deyib fəxrlə, cavab verdiyini düşünənin, öz dediyini özünə qaytaranda niyə xətrinə dəyir ki? Axı siz özünüz "mən kəndçiyəm də" ifadəsini cəmiyyətə qazandırmısınız.

Qayıdaq lap başa. "Kəndçi” sözü nə vaxtdan təhqirə çevrilib? Bir düşünək 20 il əvvəl "kəndçi” deyilən bir ifadə var idi? Uzağı "rayon uşağı” deyərdilər. Ki, həmin "rayon uşaqları” şəhərdə böyümüş uşaqlarla müqayisədə düşüncə, həyata baxışına görə fərqlənərdi. Onlara adətən saf, təmiz insanlar kimi yanaşılırdı. İnsan cəmiyyəytdə formalaşır. Bu danılmaz faktdır ki, şəhər mühiti ilə kənd mühiti, düşüncəsi hədsiz dərəcədə fərqlənir. Buna görə də kənd mühitində böyümüş insanların davranışları şəhərdəkilərin "gözünə batır”. Xüsusən, kəndlinin sadəlövhlüyü və şəhərlinin eqoistliyi toqquşanda, aradakı uçurum və anlaşılmazlıq qəbuledilməz həddə çatır. Ona görə də hər kəs böyüdüyü mühitdə yaşayarsa, ya da yaşamaq üçün seçdiyi mühitin "qaydalarına” ayaq uydurmağa çalışarsa, həyat daha gözəl olar.

Elə buradaca qeyd etməli olduğum bir məqam da var ki, həmin o sadəlövhlüyü filanı o dövrə misal olaraq deyirdim. İndi o gənclərin əksəriyyəti 17-18 yaşına kimi türk serialları ilə formalaşan, şəhərdə seriallardakı həyatı və "sevgi”ni axtaran, geyimləri ilə kosmosdan baxsan, varlığını hiss etdirə biləcək, nümayiş etdirdikləri davranışları ilə isə "abırını abırsızdan gözlə” ifadəsini dedirdəcək gənclərə çevriliblər. Magistratura daxil olmaqla, 6 ildir ki, universitetdə oxuyuram. Bu 6 ildə rayondan gələn uşaqların etdiklərinə bir "şəhər uşağı”nın "dux elədiyini” görmədim, a başına dönüm. Sözüm əksəriyyətədi, topluma deyil.

Mənim o xanımla heç bir şəxsi tanışlığım yoxdur. Bununla da razıyam ki, tutduğu vəzifəni, seçdiyi ifadəni 2 dəfə artıq düşünüb danışmalıydı. Amma, vallah, heç biz də "bir şey” deyilik. Belə ki, əziz oxucular, həmvətənlərimizin içərisində xanımın şəxsi şəkillərini paylaşan məhdud təfəkkürlü bir qrupumuz da var ki, onlara heç söz tapmadım. Hər şey bir kənara, məntiqlə yanaşmaq lazımdır ki, o insan o şəkilləri hər kəsə açıq paylaşıbsa, deməli, sənin münasibətin onun çox da maraq dairəsində deyil. Adama deyərlər, sənə insanın şəxsi həyatına müdaxiləyə kim icazə verib?

Diqqətimi çəkənlərdən digəri isə yazılmış statusların birində "kənddə sosial vəziyyət yaxşı olsaydı, kənd camaatı şəhərə axın etməzdi” oldu. Sualım həmin o şəhərə axışan kənd camaatınadı: Bakıda yel əsib, qoz tökülüb? Ya yeni iş yerləri açıblar bizim xəbərimiz yoxdur? Yoxsa kənddən gələnlərə xüsusi güzəştlər tətbiq olunur?

Mallar sənə qurban, şəhərdə yaşamaq üçün axın edib gələnlərin böyük əksəriyyətinin rayondakı, kəddəki evlərinin qapısı qıfılda, həyət-bacaları ot-qalaq içərisindədir. Rayonda səhər gedib, 6-da evə gəldiyi işində 200-300 manat maaşla dolana bilməyənlərin, şəhərdə gecəyə kimi işləyib 400 manata həm ailə saxlayır, həm kirayə qalır. Bədbəxtliyimiz buradadır, bax. Mən demirəm ki,

Yanlış anlamayın, mən "kəndli, şəhərli ayrımı edək” demirəm. Ümumiyyətlə, mövzudan asılı olmayaraq, insanlara fərdi yanaşan və insani keyfiyyətlərinə görə dəyərləndirən biriyəm. Burada işlədilməli olan mədəni və mədəniyyətsiz termini idi, bununla da razıyam. Həm şəhərin pisləri var, həm kəndin. Amma daha çox rayon adamlarından eşitdiyimiz "nolsun ki, telefonla danışıram da", "nolsun ki, yemək yeyirdim də", "nolsun ki, uşaqdı da" düşüncəsi bir insan kimi mənə də xoş gəlmir.

Ümumən isə bu hadisədə məni dilə gətirən "avtobusdakı dava”da olduğu kimi, belə məsələləri dağa çevirib, nəticədə də bir-birimizi "vətən xain”i elan etməyimizdir. Ki, yəqin demək istədiyimi anlamayanlar üçün "vətən xain"lərindən biri də mən olacağam. Dünəndən bəri sosial şəbəkələrin tək mövzusu budur. 7-dən 70-ə hamı ya söyür, ya "tənqid” edir. Ölkənin həm xarici, həm daxili siyasətinin belə həlledici mərhələsində insanlarımızın #hamımızkəndçiyik deyə həştəq yaratması və onun altında "birlik” nümayiş etdirməsi insanda o qədər dərin təəssüf və ikrah hiss oyadır ki... Hələ bəzi saytlarımızın İP üçün məsələni manşetə çıxarmasını demirəm. Əldən də "Mənim millətim bu qədər bəsitdi?” deyə düşünüb, kədərlənməkdən başqa heç nə gəlmir. Amma belə də ki, bundan da öncə Ermənistanın "qələbəsi”nə sevinirdiniz də. Biz nə vaxt düşünməyi atıb, gördüyümüzə inanmaqla kifayətlənməyə başladıq axı?

Adama deyərlər, belə birləşənsiniz, birləşib #hamımızteatragedək, #hamımızkitaboxuyaq, #hamımızdüşünək adlı həştəqlərdən də istifadə edin. Biz də görək ki, #həssasyanaşaq, #qalanömrümü və s. kimi "əyləncə”lərdən başqa da nə isə əhəmiyyətli iş üçün "birlik” ola bilirsiniz.

Nə isə e... Danış-danış, bitməz... Başlayın, başlayın məni də söyməyə. Həştəqiniz də #agıllısandasen olsun...(qaynarinfo)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024