Ana Sayfa > Yazar3 > Mən də onların "Allahı" idim

Mən də onların "Allahı" idim


7-08-2018, 15:11. Yazar: sevinc1
Mən də onların "Allahı" idim




Nərmin Həsənli

Uşaq vaxtı rayonda arxın kənarında oturub saatlarla arxda "üzən” qurdlara baxardım. Onların da mənim kimi öz balaca dünyaları var idi. Mənə görə işə gedir, gəzir, evlərinə (arxdakı balaca deşiklərə) qayıdırdılar. Mən də onların "Allahı” idim. Qəfildən əlimə çubuq götürüb arxda "fırtına” yaradardım. Nə bir "ev” qalardı, nə də "sakitlik”. Qurdlar ora-bura qaçışar, su lillənərdi. Sonra sakit oturub suyun durulmasını, "fırtına”dan sonra baş verənləri izləyərdim. Bilirsiniz nə olurdu? Ölən ölürdü, qalan da 10 dəqiqə əvvəl heç nə olmamış kimi "həyatına” davam edirdi.

İndi elə bilirsiniz bizim onlardan hər hansı bir fərqimiz var? Məsələn, hansımız 10 gün əvvəl əsəbiləşdiyimiz problemə indi eyni reaksiyanı verə bilərik? Heç birimiz. Çünki problemlər emosional "üsyan"lardan, yanaşmadan başqa bir şey deyil. Bəs onda hər şeyi niyə bu qədər qəlizləşdiririk? Niyə bu qədər əlləşib-vuruşuruq axı?

Deyir, nə eləsən də, nə qədər inkişafa nail olsan da, 50-60 il bundan sonra da həyatda qazanılmış ən böyük nailiyyət "insan yaratmaq” olacaq. Hansı ki, bu bacarıq demək olar ki, bütün insanlara verilib. Doğuşdan, heç bir məntiqə, bacarığa, istedada ehtiyac olmadan. Necə deyərlər, ey bəni-adəm, bundan o yana neyləmək niyyətindəsən axı? Dincəl də, başına dönüm.

Bu boyda dünyada sahib olduğumuz, həqiqətən bizim olan tək şey anlıq hisslərimizdi. Biz isə əlimizdə olan o tək şeyi digər insanlar tərəfindən təqdir almaq, rəğbət qazanmaq, acınılmaq və ya bu kimi şeylər üçün "elə şeylər yaşamışam ki; elə çətinlik görmüşəm ki; çox ciddi problemlərim var" və s. kimi sözlərlə şou göstərməyə sərf edirik.

Vallah hamı nəsə yaşayıb, hamı nəsə görüb. Problem yanaşmadan başqa bir şey deyil. Tək problem yox, hər şey. Məsələn, sən acsan, mən dietdəyəm; sən çarşafdasan, mənə soyuqdu; sənin ayağın yoxdu, mənim gedəcək yerim; sənin evin yoxdu, mənim evdə yaşayacaq kimsəm və s. Bu siyahını acı bağırsaq kimi uzada bilərəm. Deməyim odur ki, bəlkə də problem dediyimiz şey sahib olduqlarımızın əsasıdır.

Həyatda nəticələr üçün yox, səbəblər üçün yaşayırıq. Yəni, kluminasiya nöqtəsi nəticəyə varana qədərki prosesdən həzz almaqdır. Sonra ədəbiyyatda da razvyazka gəlir və göydən 3 alma düşür. Bunu unutmayaq və həqiqətən çox da "şey eləməyək".

Sentimentallıqdan çıxaq bir az. Nəticədə, həyat çox sadə, asan, gözəl və mənasızdı. Əlimizə çubuq alıb suyu bulandırmadığımız müddətcə...

aia.azшаблоны для dle 11.2
Geri dön