Mobil versiya
TOPLAMADIQCA QUCAQ-QUCAQ PAMBIĞI
Tarix: 13-12-2017 | Saat: 17:09
Bölmə:Yazar3 | çapa göndər

TOPLAMADIQCA QUCAQ-QUCAQ PAMBIĞI


Aqil ABBAS

Əlimdə Statistika Komitəsinin pambıq tədarükü ilə bağlı bir cədvəli var. 22 rayon bu il pambıq əkib. Baxıram, onun yalnız 7-si əkin sahələrindən 20 sentnerdən artıq pambıq götürüb: Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad və Tərtər. Və ölkə üzrə 136.413 hektardan 200.000 tonadək hələ ki pambıq tədarük olunub. Bu da təxminən hektardan 16 sentner məhsul deməkdi. Təbii ki, məhsuldarlığın aşağı düşməsində havaların əlverişsiz keçməsi də mühüm rol oynayır. Amma bunu təkcə havaların üstünə yıxmaq olmaz. Deməli, həm əkin zamanı, həm becərmə zamanı, həm də yığım zamanı xeyli nöqsanlara yol verilib.

70-80-ci illərdə ölkə üzrə pambıq planı təxminən sentyabrın 25-26-da yerinə yetirilirdi. Məhsuldarlıq da 35 sentnerdən heç vaxt aşağı duşməzdi. Hələ ayrı-ayrı rayonlar vardı ki, 40-45 sentner məhsul tədarük edirdi. Pambıqçılıq üzrə böyük bir mütəxəssis ordusu yaranmışdı.

Uzun müddət pambıqçılıqdan ayrı düşdük. Bu mütəxəssislər də yaşlandılar, rəhmətə gedənlər oldu, əkilmədiyi üçün pambıqdan küsənlər oldu, məcbur olub başqa sahələri seçdilər və sair və ilaxır.

Pambıqçılığın inkişafı təkcə Kənd Təsərrüfatının inkişafı demək deyil. Təkcə kəndlinin yenidən torpağa bağlanması, işlə təmin olunması demək deyil. Pambıqçılıq həm də sənayenin inkişafı deməkdi. Bunun tədarükü var, emalı var, əyrilməsi var, toxunması var, bu da on minlərlə insanın sənaye bölgəsində işlə təmin olunması deməkdi. Mən hələ dövlətə gətiriləcək valyutanı qoyuram bir kənara. Ən azı dövlət öz valyutasını xaricə çıxarıb pambıqdan istehsal olunan məhsulları almağa sərf etməyəcək.

Pambıq həm də hərbi sənayedə çox istifadə olunan strateji bitkilərdən biridi. Bəlkə də heç çox adam bilmir ki, barıt da pambıqdan alınır.

Çiyidindən həm pambıq yağı alınır (Özbəkistanda məişətdə ən çox istifadə olunan yağlardan biridi), həm də heyvandarlıqda qüvvətli yem sayılır. Pambığın çöpündən mebel istehsal etmək mümkündü. Hələ Sovetlər dönəmində pambıq çöpündən mebel istehsal etmək üçün Sov.İKP MK Özbəkistanda və Azərbaycanda belə fabriklərin tikintisinə qərar vermişdi. O vaxt özbəklər tikdi, amma Azərbaycan bu məsələdə gecikdi, əslində Moskva onu qəsdən gecikdirdi. Özü də bu məsələ ilə məşğul olacaq Meşə Təsərrüfatı naziri Əyriyanın əli ilə. Mən demirəm, erməni olduğuna görə elədi, hər halda elədi.

Azərbaycanda kağız istehsal edəcək fabrik yoxdu. Çünki meşələrimiz azdı. Məcbur olub kağızı od qiymətinə Rusiyadan, bir az da Türkiyədən alırıq. Pambıq kolunun oduncağından da kağız istehsal eləmək mümkündü. Fikirləşin, əgər 100 min ton pambıq istehsal eləmişiksə, təxminən 15-20 milyon ton da bunun çöpü eləyir.

Yəni pambıq bu qədər qiymətli strateji bir bitkidi.

Və əgər pambıqçılığa diqqət artırsaq 136.000 hektar əkin sahəsindən oynaya-oynaya 400-450 min ton məhsul istehsal eləyə bilərik.

Möhtərəm Prezidentimiz İlham Əliyev pambıqçılığın inkişafı ilə bağlı müvafiq sərəncamlar imzala yıb və artıq bu sahədə xeyli iş görülüb. Amma bu kifayət deyil. Kənd Təsərrüfatı Nazirliyi, eləcə də pambıqçılıq rayonlarının rəhbərləri bu sərəncamdan irəli gələn vəzifələri layiqincə yerinə yetirsələr, yuxarıda qeyd etdiyimiz rəqəmi almaq elə də çətin deyil. Xüsusilə də mütəxəssislərin yetişdirilməsinə ciddi yanaşılmalıdı. Özü də təkcə ali təhsil mütəxəssisləri deyil, həm də orta təhsil mütəxəssisləri. Bu sahə ilə məşğul olacaq peşə məktəblərinin də sayı artırılmalıdır.

Pambığın kəndlilərdən satın alma qiymətinin artırılması da bu sahənin inkişafında mühüm rol oynaya bilər.

Pambıqçılığın inkişafı eyni zamanda nəinki kənddən şəhərə axının qarşısını alar, əksinə, şəhərdən kəndə yeni bir axının başlanmasına rəvac verər. Bu həm də 200 minə qədər insanın daimi iş yeri ilə təmin olunması deməkdi və bəlkə də daha çox.

Sonda bir məsələni də qeyd edim.136 min hektarda pambıq əkmişik. Azərbaycanda isə cəmi 320 pambıqyığan maşın var. Bir pambıqyığan maşına təxminən 430 hektar sahə düşür. Amma bu texnikanın gücü bir mövsümdə çətin ki 200 hektarı keçə bilsin. Yerdə qalanı, deməli, əllə yığılmalıdı ki, bu da böyük zəhmət tələb edir, həm də işçi tələb edir. Eləcə də məhsul yığımının gecikməsinə, məhsuldarlığın, həm də məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Kənd Təsərrüfatı Nazirliyi növbəti il üçün bu məsələyə xüsusi diqqət yetirməlidir. Belə olduğu halda, pambıq yığımı dekabrın 20-dək davam etməz, elə oktyabrın ortalarınadək başa çatar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024