Mobil versiya
DƏLİ KÖYNƏYİ
Tarix: 13-12-2017 | Saat: 17:08
Bölmə:Yazar2 | çapa göndər

DƏLİ KÖYNƏYİ


Hidayət ELVÜSAL

Belə-belə işlər

Nə oldu, nə olmadı, o qədər də anlamadım. Eşitmişdim ki, həmin o məktəbdə müəllim deyib ki, get evdəkilərə söylə, pul gətirsinlər. Mən də avam oldum, soruşdum:
- Süpürgə pulu istəyirlər?
Cavab gəlmədi. Yenə avam-avam soruşdum:
- Müəllimin ad günüdür? Bayramdır? Sinif rəhbərinin dayısı nəvəsi diş çıxardıb, yoxsa əri maşınını harasa sürtüb?
Yenə cavab gəlmədi. Amma mən avamam axı, əl çəkmədim:
- Sən Allah nə olub? Çarli Çaplinin ad günüdür? Bəlkə İngiltərə kraliçası nəticəsini qucağına alanda uşaq yaramazlıq eyləyib? Yoxsa, Fidel Kastronun başına bədbəxtlik gəlib, məndən gizlədirsiniz?
Dedilər kraliça sağ-salamatdır, Fidel Kastro dumbul kimidir, amma sənə nə isə olub.
- Mənə?
- Hə, sənə! Məgər məktəbdən pul istəyəndə belə-belə bədbəxtliklərin baş verməsi vacibdir?
- Bəs, o pulu niyə istəyirlər?
Baxdılar bir-birinin üzünə. Sonra mənə dedilər ki, mütləq çıldağa getməlisən. Yəqin gecə yuxunda şou-biznesin qara eynəkli, çığır-bağır salan uşaqlarından bir-ikisini görmüsən, əsəblərin xarab olub.
Mən dedim, onlar dedilər, olmadı. Çıldağa getdik. Zalım oğlu kürəyimin ortasına o yanan şeyi nətəhər yapışdırdısa, "cızz" elədi. Yandım, yaxıldım. Amma növbədə xeyli qadın xeylağı vardı və utandığımdan səsimi çığırmadım. Amma o "cızz" eləyən şeyin zərbindən gözümün yaşı muncuq-muncuq töküldü.
Geri qayıdanda dözmədim, yenə avam-avam soruşdum:
- Axı, niyə o məktəbdə pul istəyirlər? Başqa millətlər pul xərcləyir, uşaqlara savad verir. Geyindirir, yedirir, içirir, amma bizdə şagirdləri təpə-qapaz eləyirlər ki, get pul gətir.
Baxdılar bir-birinin üzünə. Avamam axı. Yenə dedim:
- Axı, məktəbdə reket olmaz, müəllim olar. Müəllim də soyğunçuluq eləməz. Şagirdlərə dərs verər, bilik öyrədər.
Yenə baxdılar bir-birilərinin üzünə.
- Bəlkə birinin pulu yoxdur, yavan çörək yeyir. Bu milləti soyub-talayan azdır, bir tərəfdən də "müəllim" qiyafətinə girmiş cibgirlər meydan sulayır? O hansı məktəbdir? Haradadır, neçə saylıdır, müəllimin adı nədir?
Dinmədilər. Evə gələndə məni yuxu tutdu. Elə əcaib-qəraib şeylər gördüm ki. Bir dəstə "müəllim" əllərində top-tüfəng üstümə gəlirdi. Əvvəl cibimi soydular, sonra paltarlarımı soyundurub, gözdən itdilər. Yuxudan hövlnak oyandım.
Doğrudan da əynimdə bircə köynək qalmışdı. Qolları o qədər uzun idi ki, əllərimi çıxarıb, gözümü ovuşdura bilmirdim. Birtəhər ayağa qalxdım. Güc-bəla ilə güzgüyə yaxınlaşdım. Oy daad...
Bu nədi, ə? Ə, bu dəli köynəyidi. Sən öl odu. Bunu mənə niyə geyindiriblər? Elə bu vaxt dost-tanış ağxalatlı həkimlərlə bərabər içəri girdi.
- Ay doxdur, bu nədi?
Həkim boynunun ardını qaşıdı:
- Bu şeydi... şagird formasıdı.
- Nə?
- Şagird formasıdı.
- Mən şagird olmaq istəmirəm.
Həkim gülümsündü:
- Bilirəm. Şagirdləri soyurlar, döyürlər, söyürlər. Amma sənə toxunmayacaqlar.
- Niyə?
- Çünki sən həqiqəti söyləyirsən, ədalət axtarırsan.
- Hə, axtarıram!
- Onlar də səni gözləyirlər.
- Kim?
- Ədalət müəllim, Həqiqət xanım.
Güldüm:
- Ay doxtur, avam-avam danışmayın. Nə Ədalət, nə Həqiqət?
Bir-birilərinin üzünə baxdılar. Həkim:
- Deyəsən ayılıb, həm də ağıllanıb.
- Hə, doxtur, səhər-səhər çıldağa aparmışdıq.
- Malades! Yəqin ağlı başına gəlib.
Səsimi atdım başıma:
- Ə, çıxın rədd olun burdan! Juliklər! Sən öl sizi bir-bir bu pəncərədən ataram!
Oy daad! Cumdular üstümə. Köynəyin qollarını qabaq tərəfdən qarpazlayıb, arxada bərk-bərk bağladılar. İstədim həkimə bir kəllə atam, olmadı. İki yekəpər gədə məni yumaq kimi büküb, atdılar təcili yardım maşınına.
İndi burdayam. Əynimdə də həmin o köynək. Özünü öymək olmasın, yaraşır. Amma daha dinmirəm. Həkim arabir soruşur:
- Rüşvət alan var?
- Yox!
- Xalqı soyan var?
- Elə şey olar?
- Ədalətsizliyə rast gəlmisən?
- Əttövbə!
- Müəllimlər, həkimlər, məmurlar, səlahiyyət sahibləri... kiminsə cibinə göz dikir?
- Ağlı başında olan belə şər-böhtan söyləməz!
- Gözəl! - deyə həkim razı qalır.
Və elə buna görə də dünən məni buraxdılar. Xəstəxananın darvazasından çıxanda həkim özünü mənə çatdırdı:
- Bunu yadından çıxarma!
- Bu nədi, doxdur?
- Köynəkdi... O o o... zad köynəyi.
Sənin əyninə yaxşı olur, həm də yaraşır. Yenə orda-burda axmaqlasan lazım olacaq.
Axmaqlamıram. Amma hər dəfə o məktəbin, məhz o məktəbin, o bir... lənət şeytana! Özümü saxlayıram.
Amma həm də sevinirəm. Köynək doğrudan da əynimə görəydi. Amma qandal, həbsxana... Tez qulaqlarımı çəkirəm. Evə çatanda isə köynəyi şifonerdən asıram yerinə və:
- Allah, sənə şükür! - deyib uşağın yanına keçirəm, - Bala, müəllimin mənə görə bir ismarıcı, tapşırığı, qulluğu yoxdur ki?
- Yox, ay dədə, yoxdu. Amma bayaq bələdiyyədən gəlmişdilər. Dedilər ki, eviniz qanunsuz tikilib.
- Niyə, bala? Bütün sənədlər yerli-yerindədir.
- Dedilər şirinliyi çatmayıb.
Hirs vurdu beynimə. İstədim ağzımı açım, gözüm şifonerə sataşdı. Həm də qapı döyüldü. Açdım. Sahə müvəkkili idi.
- Ağsaqqal, qonşular şikayət eləyirlər ki, Aygün Kazımovadan çox Mirey Matyeyə qulaq asırsan. O fransızlarla başqa əlaqən-zadın yoxdur ki?
Anladım. Başımla işarə elədim ki, gözlə, gəlirəm. Şifoneri açdım. Bir pencəyimə, bir də o köynəyə baxdım. Dərindən köks ötürüb, əlimi pencəyin qoltuq cibinə saldım...
Şükür buna da, şükür!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024