Mobil versiya
KANALİZASİYA XƏRÇƏNGİ
Tarix: 13-11-2018 | Saat: 13:25
Bölmə:Yazar2 | çapa göndər

KANALİZASİYA XƏRÇƏNGİ


Nicat NOVRUZOĞLU


Son günlər yaxın uzaq tanıdıqlarımdan itirdiklərim oldu. Dünyalarını dəyişdilər. Hamısını da xərçəng apardı. O amansız xərçəng.

Son vaxtlar xərçəng əcəlinin sərnişinləri çoxaldıqca bir fikir beynimi didir. Axı biz niyə qırılırıq. Daha doğrusu niyə bizi xərçəng qırır? Biz niyə xərçənglə bacarmırırq?

Təhsil inkişafda, səhiyyə inkişafda, səhiyyənin maddi-texniki bazası inkişafda, inzibati binaları rəngarəng. Bütün bunlarla yanaşı hər il yüzlərlə gənclər xaricin inkişaf etmiş, ad çıxarmış təhsil ocaqlarını oxuyub bitirib əllərində də diplom dönürlər. Həkimimiz var, akademikimiz var, professorumuz var, müdafiə edənimiz var, dosentimiz var. Yəni mübarizə üçün hər şey var. Bəs niyə bizi xərçəng qırır? Biz niyə xərçəngin ölkəmizdə durmadan artmasının səbəbini öyrənə bilmirik? Niyə artan bu xəstəliyin qarşısını ala bilmirik? Və bütün bunları düşündükcə xərçəngin sağdan soldan etdiyi hücumlar altında çırpındıqca rəngarəng diplomlara, günbə-gün artan akademiklərə, professorlara, dosentlərə inanmırsan. Onlardan xərçəngdən qorxduğun kimi qorxmağa başlayırsan. Məncə onlar da xərçəng kimi məhv edirlər bizi. Bizi nə qoruya bilirlər, nə də sağalda. Amma di gəl ki, adlar ala-ala gedirlər. Adlı xərçənglər. Və ya başqa adla yaşayan xərçənglər.

Bu fikirlər içində çırpınıram. Öz-özümə düşünürəm ki, bəlkə kimyaterapiya eləsələr beynimdə bu fikirlər məhv olar mən də rahat nəfəs alaram.

Amma bunların kimyaterapeyasına da etibar yoxdu. Gərək başına çarəni özün qılasan.

Başıma isə çarə payız oldu. Payız gününün səhər mehi məni alır beynimi didən xərçəngin caynaqlarından. Beynimi təmizləyir. Quşsuz səmadan yavaş-yavaş yağış səngiləyir. Üzüm gülür. Paytaxtda çatışmayan oksigendən gücüm çatdıqca bir böyük nəfəs içimə alıram. Bu zaman göy guruldayır. Guruldayır ki, yatanlar oyansın.

Ayılanlar gördü ki, Bakıya yağış yağır.

Və bu yağış bir daha bizlərə sübut etdi ki, Bakının üstü bəzək altı təzəkdi.

Yağan yağış özünə axıb getməyə yer tapmadı. Qaldı elə Bakının düz ortasında. Həmişəki kimi. Başladı xirtdəyimizə qalxmağa.

Yağış xirtdəyimizə qalxdıqca xərçəngin caynaqlarını beynimdən çıxardıb məcbur etdi ki, onu fikirləşim. Niyə yağış xirtəyimizə çıxır?

Nə fikirləşirsənsə gedib çıxırsan inkişafa. Mən də inkişafımızı fikirləşdim. Biz inkişaf edirik. İnkişafımızın da ən uğur qazanan sahələrindən biri daşınmadır. Biz dünyanın hər yerindən ölkəmizə hər cürə zad gətiririk, daşıyırıq. Cürbəcür markalı maşınlar, yeyinti məhsulları, geyim, ağaclar, heyvanlar və s.

Hər nə axtarsan bizim ölkədə tapmaq olar. Elə hansı millətdən də desən tapmaq olar. İçi erməni qarışıq.

Min şükür ki, hər şeyimiz var.

Bu olanların içində bircəcə zadımız yoxdu. Tapmışam onu. O bir şeyi illərdi tapa bilmirik. Tapa bilmirik ki, onu da gətirək ölkəmizə. Bizdə də o olsun. Canımızı yağan yağışdan, yaranan su tıxacından qurtarsın. Bu borudu. Bəli, bəli boru. Diametri iri olan boru. Borumuz yoxdu.

Bizdən gedənə neftə, qaza boru var. Amma bizə gələnə-yağışa yox.

Bizə qarşı nə təhəri oyun qururlarsa, nə təhəri siyasət işlədirlərsə bu iri diametrli boru bizə gəlib çıxmır. Bəlkə də sənəd üzərində gəlib, qazılıb, basdırılıb istifadəyə də verilib. Amma əyani olaraq yoxdu. Nə torpağın altında, nə də ki üstündə. Ona görə də su qalxır xirtdəyimizə. Borusuz yerdə yazıq su neyləsin? Xirtdəyimizə çatanda başlayırıq suya yalvarmağa ki, bizi boğma, sənin axıb getməyin üçün boru təşkil edəcəyik. Su da humanistlik göstərib xirtdəyimizdən düşür. Düşür ki, bəlkə düzəldi. Hara düzəlir? Sən saydığını say o biriləri artıq sayıb qurtarıb, hələ xərcləyiblər də.

Bütün bunları ona görə yazdım ki, məhz həmən gün mənə bir şey agah oldu. Bir belə inkişafın nəticəsi olaraq hələ də bir vedrə suyun axıb getməsi üçün illərdi boru tapa bilmiriksə, bizim xərçəngdən qırılmağımız hələ uzun çəkəcək.(adalet.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024