At, bu bir, bu iki, bu da üç
Tarix: 26-10-2017, 18:51 | Saat: 15:47:00
Bölmə:Yazar2 | çapa göndər

At, bu bir, bu iki, bu da üç



Aqil ABBAS

(İlhan Kesici ilə at söhbəti)

Xeyli vaxtın söhbətidi. NATO-nun Belqraddakı bir iclasında iştirak edirdim. İclasda iştirak edəcək iki türk millət vəkili ilə də İstanbuldan yol yoldaşıydım. Elə təyyarədə də söhbətimiz tutmuşdu. Eyni oteldə qalıb bir yerdə yemək yeyirdik. Hər ikisi məndən yaşca çox böyük idi. Hesabı ödəməyə də qoymurdular ki, biz səndən böyüyük. Böyük olan yerdə yaşca kiçik əlini cibinə salmaz.
İlhan Kesici həyat dolu, zarafatcıl, bir neçə dili mükəmməl bilən, geniş dünyagörüşünə malik, savadlı bir şəxsiydi. Qısası, professor idi, özü də Londonda oxumuşdu. Onunla söhbətim lap tuturdu. CHP-dən millət vəkiliydi.
Bizim musiqini çox bərk sevirdi. Dediyinə görə özü də yaxşı skripka çalırdı. Maşında gedərkən bəzən yolboyu hansısa bir xalq mahnımızı dilinin altında mızıldayırdı.
Məndən də xahiş etdi ki, mümkünsə ona bir saz (tar) göndərim. Deyirdi ki, sizin saz dünyada ən mükəmməl musiqi alətidi. Mən də təbii, dedim, göndərərəm.
İkinci gün idi, yenə bizim musiqini təriflədi. Və sonra dedi:
- Çox gözəl saz çalırsız, amma heyf ki, savaşa bilmirsiz.
Eynən Anarın «Otel otağı» filmindəki bir türkün azərbaycanlı alimə dediyi kimi.
Dedim ağsaqqal adamdı, cavab vermədim. Səhərisi gün yenə söhbət zamanı Rəşid Behbudovdan, Zeynəb Xanlarovadan söz saldı və yenə dedi:
- Akil bey, doğurdan çox gözəl saz çalırsız, amma heyf, savaşa bilmirsiz. Ermənilər torpaqlarınızı işğal edib.
Yenə saçına və yaşına bağışladım, cavab vermədim.
İclasın üçüncü, ya dördüncü günüydü, tədbirdə iştirak edən 200-yə qədər millət vəkilini doldurdular avtobusa və apardılar Belqraddan təxminən 200-230 kilometr aralıda bir meşənin içindəki monastıra. Və orda məlum oldu ki, bu qədər millət vəkilini bura niyə gətiriblər. Keşiş ingiliscə monastır haqqında məlumat verirdi, gənc dostum Azər də mənim üçün tərcümə edirdi.
Monastır da elə bir vəziyyətdəydi ki, zir-zibilin içində, şüşələri qırıq-qırıq, divarların üzlüyü sökülüb-tökülüb və sair və ilaxır.
Keşiş bütün mövzunu türklərin işğal siyasətinin, barbarlığının üzərində qurmuşdu. Türklərin bu monastırı təxminən 250 il əvvəl bir dəfə necə dağıtdıqlarından geniş danışdı. Sonra da keçdi türklərin bu monastırı ikinci dəfə 200 il əvvəl necə yandırdıqlarını təsvir etməyə. Elə danışırdı ki, adam türklərə nifrət etməyə bilməzdi.
Daha özümü saxlaya bilmədim. Soruşdum ki, türklər axırıncı dəfə bu monastırı nə vaxt dağıdıblar. Dedi ki, 200 il əvvəl. O, tarixi dəqiq dedi, mənim yadımda qalmadı.
Dedim:
- Yaxşı, indi ki türklər yoxdu, bu monastır niyə p..-püsürüyün içindədi. Divarlar sökülüb-tökülüb, şüşələr qırıq-qırıq, bunu təmir etməyə mədəniyyətiniz çatmır? Və bir də bir belə adamı bura yığıb gətirib türklərə nifrət aşılayırsız?!
Çox əsəbləşmişdim. Və sonra dedim:
- İnşallah, türklər üçüncü dəfə buranı elə yandırarlar ki, izi-tozu da qalmaz ki, kimlərisə bir də bura gətirib türklərin barbarlığı ilə bağlı nə isə göstərə biləsiniz.
Hamı donmuşdu, türk arkadaşlarımız da. Və mən çıxdım kilsədən. Getdim siqaret çəkməyə. Bir azdan hamı çıxdı. Nümayəndələrin içində beş alman millət vəkili də vardı. Onlar gülə-gülə mənə yaxınlaşıb alman dilində nəsə dedilər. Mən də alman dilini elə ingilis dili kimi bilirəm, ingilis dilini də, ümumiyyətlə, bilmirəm.
İlhan Kesici onların dediyini tərcümə elədi. Deyirlər ki, türklərin əleyhinə bir söz dedilər əsəblərini saxlaya bilmədin, bəs onda biz nə edək? Hara gedirik, haranısa göstərib deyirlər ki, buranı almanlar dağıdıb, bu məzarlıqları almanlar salıb, bu muzeyi almanlar yandırıb.
Nə isə, monastırın yanındakı çayxanaya getdik, almanlar da bizlə oturdu. Dəfələrlə xaricdə olanda bunu müşahidə etmişəm, türklərlə almanlar çox səmimidilər, dostdular. Hər hansı bir Türkiyə problemində də türklərin sözünü deyirlər. İndi niyə Almaniyayla Türkiyə az qala savaş həddindədi… məndən də yaxşı bilirsiniz.
Əsəbi, dilxor oturmuşam, birdən İlhan Kesici yenə Azərbaycan musiqisindən söz saldı və yenə dedi:
- Azəri kardeşlərimiz çox gözəl saz çalırlar, amma savaşa bilmirlər.
Artıq boğaza yığılmışdım, bir tərəfdən də keşiş hövsələdən çıxarmışdı. Dedim:
- İlhan bəy, bizdə bir məsəl var: At, bu bir, at, bu iki, at , bu üç.
İndi siz bir dəfə at, bu biri elədiz, dinmədim. Sonra at, bu ikini etdiz, yenə dinmədim. İndi də at, bu üç oldu. İndi İlhan bəy, qulaq asın, at, bu bir…
Əsəbi, dilxor oturmuşam, birdən İlhan Kesici yenə Azərbaycan musiqisindən söz saldı və yenə dedi:
- Azəri kardeşlərimiz çox gözəl saz çalırlar, amma savaşa bilmirlər.
Artıq boğaza yığılmışdım, bir tərəfdən də keşiş hövsələdən çıxarmışdı. Dedim:
- İlhan bəy, bizdə bir məsəl var: At, bu bir, at, bu iki, at , bu üç. İndi siz bir dəfə at, bu biri elədiz, dinmədim. Sonra at, bu ikini etdiz, yenə dinmədim. İndi də at, bu üç oldu.
İlhan bəy yerində qurcalandı. Hiss elədim ki, nə deyəcəyimdən narahat oldu.
- İlhan bəy, bizim tərəflərdə belə bir məsəl var. Deməli, bir kişi ayrı bir kənddən bir arvad alır, qoyur atın tərkinə, öz kəndlərinə yola düşür. Bir az getmiş at ya üstündəki yükü çəkə bilmir, ya nə, xoşagəlməz bir iş görür…
… Mən İlhan bəyə atın nə etdiyini olduğu kimi dedim. Amma bunu yazmaq doğru olmaz…
… - Kişi əsəbləşib deyir ki, at, bu bir! Bir az gedirlər at yenə də xoşagəlməz bir iş görür. Kişi yenə əsəbləşir, çığırır ki, at, bu iki! Öz kəndlərinə çathaçatda at yenə də xoşagəlməz bir iş görür. Kişi bu dəfə özü də atdan yenir, arvadı da yendirir və deyir, at, bu da üç… xəncəri soxur atın ürəyinə. Arvad qayıdır ki, ay kişi, atı niyə öldürdün? Kişi də - arvad, bu bir, deyir. İndi İlhan bəy, siz at, bu bir, bu iki elədiz dinmədim, indi bu, at, üç oldu. Cavabınızı vermək gərəkdi.
İlhan bəy donub, AK Partili millət vəkili də mənalı-mənalı mənə baxır, almanlar da nə dediyimi başa düşməsələr də sakitcə oturub dinləyirlər. Sonradan AK Partinin millət vəkili mənim dediklərimi onlara tərcümə edəcək.
- İlhan bəy, biz gözəl saz çaldığımız kimi, gözəl də savaşırıq. Özü də ən müasir silahlarla silahlanmış, arxasında Rusiya və digər dövlətlər duran Ermənistanla əliyalın savaşmışıq. Ov tüfəngləriylə, hətta balta-yabayla, beş-on dənə də buluddağıdan topumuz vardı. Axıra yaxın bir az avtomatımız, ağır texnikamız oldu. 20 min şəhid vermişik, bir o qədər də qolunu-qılçını itirmiş, gözlərini itirmiş qazimiz var. Bəli, 20 faiz torpağımızı kayb etmişik, amma bütün dünyayla savaşıb 80 faiz torpağımızı qoruyub-saxlamışıq. İndi həmin o 20 faiz uğrunda mübarizə aparırıq, özü də son qələbə bizimdi, bundan arxayın olun. İndi mənim sizə bir sualım var. Türkiyə NATO-da hərbi-texniki bazasına görə üçüncü dövlət, döyüş qabiliyyətinə görə isə birinci dövlətdir. Bunu NATO-nun başbilənləri də təsdiqləyir. İndi siz mənə cavab verin, belə bir qüdrətli dövləti, belə bir qüdrətli ordusu olan Türkiyə uzağı beş-altı min döyüşçüsü olan PKK terrorçularının əlində girinc qalıb. On minə yaxın əsgər və polisiniz terrorçular tərəfindən şəhid olub. Bir o qədər, bəlkə də çox dinc əhali şəhid edilib. Və bu gün də PKK terrorçuları ölkənizdə meydan sulayır. İndi deyin görək, siz savaşa bilmirsiz, yoxsa biz? Bu da sizin üçün, at, bu da üç!
İlhan Kesici yerindən dik qalxdı, mənə heç bir söz demədən getdi meşəyə tərəf.
AK partili millət vəkili (təəssüf ki, adını unutmuşam, çox ziyalı, ağır oturub batman gələn kişilərdəniydi):
- Akil bəy, dedikləriniz doğru, amma gərək bu qədər kəskin danışmayaydınız. Lakin sizin dediklərinizə qatılıram.
Sonra almanların sorğusuyla, yuxarıda qeyd etdiyim kimi, mənim dediklərimi tərcümə elədi. Almanların gülüş və təbəssümlərindən başa düşdüm ki, elə bitdə-bitdə tərcümə edir.
Gərək ki bir dəfə də monastırla bağlı məsələni yazmışdım, amma bu at məsələsinə toxunmamışdım. Bəs, indi niyə yazdım?
Zaman-zaman Türkiyədə belə atlar ortalığa çıxır. Məsələn, «Kurtlar vadisi» filmində belə atlar iki-üç dəfə əleyhimizə qulun kimi kişnəmişdilər. Cavablarını da vermişdim. Ümumiyyətlə, Türkiyədə bəzi ziyalılar, jurnalistlər hərdənbir belə atlıq eləyirlər. Məsələn, bu atlardan biri bizim bayraqları stadiona buraxmamışdı və zibilliyə atdırmışdı. Yaxud, başqa biri Ermənistanla sərhədlərin açılmasını gündəmə gətirdi. Elə o günləri bəzi millət vəkilləri Azərbaycandan icazəsiz Xankəndinə gəlib terrorçubaşı ilə yeyib-içib, ordan da qayıtmışdılar cocuq qatili Sərkisyanla görüşmüşdülər.
Mən hələ cocuq qatili Sərkisyanın torpaq iddiasında olduğu Türkiyənin cümhurbaşkanının evində plov yeməyini yazmaq istəmirəm. Ayıb olar!
Lap elə iki-üç gün öncə Ünal Çeviköz də (vaxtilə ölkəmizdə səfir olub, başda oturtmuşuq) yenə Ermənistana qardaşlıq mesajları göndərmişdi. Saya bilərəm, amma gərək yox.
Yəni, at, bu bir, bu iki, bu üç… artıq bu dörd, bu beş, bu altı, bu yeddi, bu səkkiz…
Amma biz belə şeylərə baş qoşmuruq və onları bağışlayırıq. Çünki ayrı-ayrı fərdlər Türkiyə demək deyil və bu ayrı-ayrı fərdlər türk millətinin iradəsini ifadə eləmirlər. Və zaman-zaman da belə fərdlərin cavabını elə türk milləti özü verir. Elə bu günlərdə «Sabah» qəzetində doğma «Qarabağ» komandamızı və bizim mədəniyyətimizi aşağılayan türk jurnalistinə bütün Türkiyə cavab verdi. Bütün stadionlarda, qardaşlarımızın dili ilə desək, «Qarabağ» pankartı açıldı, «Qarabağ bizimdir, bizim olacaq!» şüarları səsləndirildi. Türk o məlum jurnalist deyil, türk «Qarabağ bizimdir, bizim olacaq!» hayqırıb «Qarabağ» pankartı açanlardı.
Yeri gəlmişkən, mənim çılğın olduğumu həmkarlarım bilir. Bizim bayraqlar stadiona buraxılmayanda televiziya kanallarının birində aparıcı belə bir sual ünvanladı ki, Aqil müəllim, bayraqlarımızın stadiona buraxılmamasına necə baxırsız? Dedim ki, necə yəni buraxılmamışdı, bütün stadion bizim bayraqlarla alışıb-yanmırdı? Təəccüblə qayıtdı ki, elə bir şey yox idi, axı.
- Sən futbola baxırdın?
- Bəli, baxırdım.
- Bəs, bütün stadionda alışıb-yanan bayraqlarımızı görmədin?
- Elə bir şey yox idi, axı.
- Dostum, bütün stadion ay-yıldızlı türk bayraqlarıyla alışıb-yanmırdımı? O bayraq da bizimdi də.
Uca türk milləti bizim bayraqları da öz bayraqları sayırdı. Tədbirlərində, mitinqlərində, küçə yürüşlərində, Avropadakı tədbirlərində Türkiyə bayraqlarıyla bərabər bizim bayraqları da qürurla dalğalandırırlar.
Bu günlərdə İctimai televiziyada çıxışımda belə bir fikir vurğulamışdım ki, artıq biz bir millət iki dövlət deyilik, elə bir dövlətik: canımız, qanımız, dilimiz, imanımız, inancımız bir!
Ona görə də ara-sıra ortaya atılan atlara fikir verməyin. Yadıma Türkiyə parlamenti ilə bağlı çox ləzzətli lətifə düşdü. 70-ci illərin lətifəsidi, amma yazmıram. Sosial şəbəkədə də yoxam ki, inboksda yazam ki, hamı oxumaya.
Tanrı tay türkü qorumur! İndi bu deyim əslində bu cür səslənməlidir: Türk türkü qorusun!
(adalet.az)

aia.az



552 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
16-12-2017
15-12-2017
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031