Qazax müəllimlər seminariyası haqqında kitab çap olunmalıdır – TƏKLİF
Tarix: 6-11-2018, 09:38 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Qazax müəllimlər seminariyası haqqında kitab çap olunmalıdır – TƏKLİF


2018-ci ilin noyabr ayında Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Təhsil Nazirliyi, Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla, Qazax müəllimlər seminariyasının 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Seminariyanın Azərbaycan tarixində əhəmiyyətli rolu barədə danışan tarixçi, alim Nəsiman Yaqublu vurğulayıb ki, Qazax müəllimlər seminariyası Azərbaycan Xalq Cümhuriyyəti (AXC) illərində fəaliyyət göstərən ən aparıcı seminariyadır:

"Cümhuriyyət dövründə iki mühüm təhsil ocağı – Bakı Dövlət Universiteti (BDU) və Qazax müəllimlər seminariyası Azərbaycan cəmiyyətinə böyük töhfə verib. Bu il seminariyanın 100 illiyinin qeyd olunması müsbət addımdır. Bunun fonunda 2019-cu ildə Bakı Dövlət Universitetinin də yaradılmasının 100 illiyinə təntənəli hazırlıq prosesi gedir.

Bu təhsil ocaqları barədə qərarların qəbul edilməsi Cümhuriyyətin 100 illik yubileyi tədbirlərinin davamıdır. Bu göründüyü kimi tək 2018-ci ildə yekunlaşan proses deyil. Gələn il də 100 illik tədbirləri davam edəcək.

Cümhuriyyət illərində adıçəkilən seminariya, universitet və digər əhəmiyyətli təhsil ocaqlarının inkişaf etdirilməsi göstərir ki, cümhuriyyətçilər tək Azərbaycanın dünyaya tanıdılmasına deyil, həm də cəmiyyətin elm, maarif, təhsil, mədəniyyət baxımından irəli getməsinə çalışıblar. Onların fəaliyyətinə yüksək dəyər verilməsi təqdirəlayiq haldır”.

Hərbi jurnalist, araşdırmaçı-yazarŞəmistan Nəzirliisə seminariyanın 100 illiyindən görülməli işlər barədə təkliflərini səsləndirib. Onun sözlərinə görə, ilk növbədə seminariyanın Qazaxda yerləşən binası təmir olunmalıdır:

"Qazax müəllimlər seminariyasının binasını Qazaxın Kosalar kəndinin imkanlı şəxslərindən olan Məşədi İbrahim bağışlayıb. O, 18 otaqlı binanı Firidun bəy Köçərliyə verəndə demişdi ki, balalarımıza təhsil ver. Hesab edirəm ki, həmin binanın qarşısında Məşədi İbrahim kişinin və Firidun bəy Köçərlinin büstü qoyulmalıdır. Seminariyanın açılışı 1918-ci il noyabrın 10-da baş tutub. Hazırda binanın təmir olunmasına böyük ehtiyac var. Həmçinin, Sovet hakimiyyəti tərəfindən güllələnən Məşədi İbrahim kişinin qəbri Qazax rayon Kosalar kəndində yerləşir. Onun qəbrinə başdaşı qoyula bilər. Axı, bu qədər əziyyət çəkən, kasıbların övladlarının oxuması üçün çalışan insan olub.

100 illik yubiley tədbirləri çərçivəsində Qazax müəllimlər seminariyası haqqında kitab çap olunmalıdır. Mənim "Qoridən gələn qatar” adlı kitabım artıq iki dəfə dərc olunub. Üçüncü dəfə həmin kitabı çap etdirməyim üçün maddi vəsait çatışmazlığı var”.

Qazax müəllimlər seminariyasında görkəmli şəxslər təhsil aldığını vurğulayan Ş. Nəzirli Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Xanvəkilov, Mehdi Hüseyn, Mövsüm Poladov kimi ziyalıları xatırladıb:

"Həmin şəxslərin xatirəsi də yad olunmalıdır. Həmçinin seminariyanın binası təmir edilərsə, orada muzey yaradılması da təqdirəlayiq addım olar. Qori və Tiflis arxivlərində işlədiyim illərdə Qazax müəllimlər seminariyasına aid fotoşəkilləri, sənədləri toplayıb, Azərbaycana gətirmişəm. Təəssüf ki, bu sənədləri fotoalbom şəklinə sala bilmirəm. Halbuki, bu şəkillər və sənədlər Qori müəllimlər seminariyasına və onun Qazax filialına aid qalan çox az faktlardır. Çünki Qori Müəllimlər Seminariyasının arxivi 1992-ci ilin fevral ayında Gürcüstanda baş verən toqquşmnalar zamanı məhv edilib. Əlimizdə olan sənədlərin qorunmasına böyük ehtiyac var”.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax müəllimlər seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir.

Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar var.

Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub.



aia.azшаблоны для dle 11.2



5148 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2018
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
{sape_links}{sape_article}