Mobil versiya
Yeni təhsil nazirindən gözləntilər nədir? - Deputat və ekspertin təklifləri
Tarix: 27-04-2018 | Saat: 12:16
Bölmə:Təhsil | çapa göndər

Yeni təhsil nazirindən gözləntilər nədir? - Deputat və ekspertin təklifləri




Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsindən sonra təhsil naziri vəzifəsi 5 aya yaxın müddətdə boş qaldı. Prezidentin Nazirlər Kabinetinin strukturunun formalaşdırılması ilə bağlı verdiyi sərəncamla bu vaxta qədər təhsil nazirinin müavini vəzifəsində işləyən və nazir vəzifəsini müvəqqəti icra edən Ceyhun Bayramov rəsmən təhsil naziri təyin edildi.
AzVision.az C.Bayramovun təhsil naziri kimi fəaliyyəti dövründə hansı dəyişikliklərin olacağı, yeni nazirdən gözləntilərlə bağlı deputat və ekspertdən münasibət öyrənib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli hesab edir ki, Ceyhun Bayramovun təhsil naziri keçməsi təhsil sisteminin inkişaf etdirilməsinə öz müsbət təsirini göstərəcək.



“Yeni təyin olunmuş təhsil naziri Ceyhun Bayramov bir neçə il əvvəl keçmiş təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə başladılmış geniş islahat işlərinin əsas hərəkətedici qüvvələrindən biri olub. O, yeni mərhələdə təhsil islahatlarının mahiyyətinə dərin bələddir və islahalatları həyata keçirməkdə kifayət qədər təcrübəyə malikdir. Ceyhun Bayramov həm də təşəbbüskardır. O, təkamül dövrünə və islahatlar yoluna daim səy göstərir. Təhsil naziri sistemində onun fəaliyyətinə müsbət münasibət var və təhsil işçiləri onu yaxşı tanıyır, dəstəkləyirlər”.

İ.Həbibbəyli bildirib ki, yeni nazir islahatları davam etdirəcək və daha da dərinləşəcək. “Ceyhun Bayramov özü də təhsil proseslərinin içərisində olan təhsil işçisi kimi yeni mərhələnin qayğıları ilə ciddi şəkildə məşğul olacaq. Məhz təyin olunandan dərhal sonra “Təhsil haqqında” Qanuna dəyişiklər edilməsi barədə təklifləri prosesi yeni mərhələyə çatdırmaq və daha irəliyə aparmaq səylərini göstərir. Ceyhun Bayramov rəhbərliyi ilə təhsildə yeni irəliləyişlər olacaq. Düşünürəm ki, bütün sahələrdə- məktəbəqədər təhsil, peşə təhsili sahəsində yeni mərhələlər başlayacaq. Ali məktəb sistemində böyük işlər gözlənilir”.



Təhsil eksperti Kamran Əsədov qalmaqaldan uzaq, sadə, təmkinli, yeniliyə açıq şəxs kimi xarakterizə etdiyi yeni nazirin ölkə təhsilinin inkişafında mühüm mərhələ başladacağına inanır.

“Azərbaycan təhsili bütün göstəricilərinə görə dünya standartlarından geri qalır. Hesab edirəm ki, müasir dünyanın təhsil meridianında özünə yer tutmuş, dünya standartlarına uyğun modern təhsil sisteminin yaradılması istiqamətində fəaliyyətlər davam etdirilməlidir. Düzdür, son illər ərzində respublikamızda təhsilin bütün pillələrində islahatyönümlü tədbirlər həyata keçirilir. Amma hələ də ciddi irəliləyiş hiss olunmur. Bunlara görə də hesab edirəm ki, ciddi islahatlara ehtiyac var. Ona görə ki, 2014-cü ildən təhsildə başlanmış islahatların, həyata keçirilən layihələrin nəticələnməsi üçün həmin komandanın qalması vacib idi. Bundan başqa, bəlkə də ən vacib nüans odur ki, Mikayıl Cababrovun komandası nazirlik səviyyəsində rüşvətin, korrupsiyanın kökünü kəsmişdi. Yəni yüksək səviyyədə belə hallara rast gəlmək mümkün deyildi. Düzdür, yerlərdə bu kimi hallarla bağlı mütəmadi məlumatlar gəlir. 5 ilə yaxın müddətdə bu komanda çoxsaylı müsbət işlər görüb”.



K.Əsədov Ceyhun Bayramovun bu yolu davam etdirəcəyini düşünür. “Belə ki, Ceyhun Bayramov nazir səlahiyyətlərini yerinə yetirdiyi 4 aydan çox müddətdə, bunu müşahidə etmək mümkündür. Baxmayaraq ki, onların kollektivinin həll etmədiyi bir sıra problemlər var idi.

1. Pedaqoji təhsil olmayan şəxslər hələ də direktor vəzifəsində qaldı. Hətta onların dövründə müsahibədən keçib təyin olunublar.
2. Hansısa neqativ hallar zamanı çevik reaksiya verilmirdi. Xəstə öləndən sonra təcili yardım gələn kimi olurdu. Yəni mətbuat xidməti o qədər də operativ işləmirdi.
3. Saxta sənədlərdən istifadə edərək müəllim kimi fəaliyyət göstərənlərin hamısı azad edilmədi.
4. Vətəndaşların müraciətləri qısa müddətdə həyata keçirilməlidir.
5. Diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərlə bağlı əməli iş görülmədi”.



Təhsil eksperti yeni nazirdən gözləntilərini və təkliflərini açıqlayıb:

1. Şagirdlərin bütün siniflər üzrə ölkə ərazisində qəbulu və yerdəyişməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir.
2. Bağçalar Təhsil Nazirliyinə birləşdirilməlidir.
3. Ali məktəblər üçün islahatlar aparılmalıdır.
4. İctimaiyyət nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilməlidir.
5. Son 5 ildə müsbət xarakterizə edilən məsələlər davam etdirilməlidir.
6. Nazir, müavinləri və əməkdaşları məktəblərə mütəmadi olaraq gedib sinifdə real vəziyyəti görməlidirlər. Təhsil kabinetdən idarə olunmur.
7. “Təhsil haqqında” Qanun yenidən işlənib hazırlanmalıdır.
8. Təhsilin idarə olunamsına yanaşma dəyişməli, məktəblərin özünü maliyələşdirməsinə, kadrların seçimində muxtariyyətin verilməsinə keçmək lazımdır.
9. Ən ciddi problemlər yaşandığı dərslik siyasəti xüsusi nəzarətə götürülüb ayrı dərslik qurumu yaradılmalıdır.
10. Xarici ölkələrdətəhsil alan azərbaycanlı tələbələrin diplomların tanınması proseduru dəyişməlidir.
11. Rayon təhsil şöbələri ləğv olunmalıdır. Rayonlarda orta məktəblər icra hakimiyyətinin inzibati nəzarətindən çıxarılmalıdır.
12. Azərbaycanda fəaliyyət göstərən universitetlərə qəbul sadələşdirilməli, xarici ölkələrdən tələbə cəlbini genişləndirilmək lazımdır.
13. Elmi tədqiqat işlərinin aparılması, elmi adların verilməsi ciddi nəzarətə götürülməlidir.
14. Tələbə yataqxanaların tikintisi aparılmalı, regionlarda yeni universitet, orta ixtisas təhsili müəssisələri, peşə təhsili müəssisələri açılmalıdır.
15. Universitetlərin tədris proqramları yenidən, müasir standartlara cavab verən formada təşkil edilməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024