Mobil versiya
Prezident İlham Əliyev: "Qanunsuz olaraq zəbt edilən torpaqların icarə müqavilələri ləğv edilməlidir"
Tarix: 17-09-2016 | Saat: 17:29
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyev: "Qanunsuz olaraq zəbt edilən torpaqların icarə müqavilələri ləğv edilməlidir"






Qanunsuz olaraq zəbt edilən torpaqların icarə müqavilələri ləğv edilməlidir.
Aia.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Dövlətimizin başçısı bugünkü müşavirənin ölkəmizdə pambıqçılığın inkişafına həsr olunduğunu bildirib: "Bu müşavirənin Sabirabad rayonunda keçirilməsi təsadüfi deyil. 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyev Sabirabadda hər il zona müşavirəsi keçirirdi. Pambıqçılıqla bağlı o müşavirələrdə çox dəyərli göstərişlər verilirdi. Bu ənənəyə sadiq olaraq mən pambıqçılığın inkişafı ilə bağlı birinci ümumrespublika müşavirəsinin keçirilməsi üçün də Sabirabad rayonunu seçdim. Mən əminəm ki, Sabirabad rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir.

1970-1980-ci illərdə Ulu Öndər Sabirabada və pambıqçılıqla məşğul olan digər rayonlara səfər edərkən məni də özü ilə aparırdı. Mən də o illərdə dəfələrlə onunla bərabər Sabirabadda olmuşam, o müşavirələrdə iştirak etmişəm. Pambıq tarlalarında, tarla düşərgələrində pambıqçılarla görüşü zamanı onunla bərabər olmuşam. Yəni, o xatirələr mənim ürəyimdə yaşayır və bu gün daha da aydın görünür ki, ulu öndər Heydər Əliyev nə qədər uzaqgörən və xalqa bağlı olan bir insan idi. Çünki o, yaxşı bilirdi ki, pambıqçılığın Azərbaycanın müttəfiq respublika kimi inkişafında və Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasında çox mühüm yeri var.

Əfsuslar olsun ki, bu gün pambıqçılıq Azərbaycanda tənəzzülə uğrayıb. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri var. Bugünkü müşavirə ona görə təşkil edilir ki, biz həm keçən bir neçə ay ərzində görülən işlərlə bağlı fikir mübadiləsi aparaq, - burada məruzələr səslənəcək, - eyni zamanda, gələcək illər üçün fəaliyyət planı hazırlanır və biz bu gün bu barədə də danışacağıq".

İlham Əliyev qeyd edib ki, Azərbaycanda müxtəlif istiqamətlər üzrə sürətli inkişaf dövrü yaşanır: "Mən 2003-cü ildə ilk dəfə prezident vəzifəsinə seçilərkən bəyan etmişdim ki, fəaliyyətimin əsas istiqamətlərindən biri regionların inkişafı ilə bağlı olacaq. Beləliklə, prezident seçkilərindən bir neçə ay sonra - 2004-cü ilin əvvəlində birinci regional inkişaf proqramı qəbul edilmişdir. O proqram çərçivəsində ölkəmizdə beş il ərzində 600 min iş yerinin yaradılması nəzərdə tutulurdu. Beş il ərzində - 2008-ci ilə qədər bu məqsəd təmin edildi. Regionların inkişafı böyük investisiya qoyuluşu tələb edirdi. Çünki biz, ilk növbədə, regionlarda çox möhkəm və müasir infrastruktur yaratmalı idik. Əfsuslar olsun ki, 1970-ci illərdə regionlarda yaradılmış infrastruktur sıradan çıxmışdı - yollar bərbad vəziyyətdə idi, elektrik xətləri demək olar ki, dağıdılmışdı, onların bir hissəsi kəsilib xaricə satılmışdı, qaz təchizatı ümumiyyətlə yox idi, su ilə bağlı böyük problemlər var idi və regionların inkişafından söhbət belə gedə bilməzdi. Çünki inkişafı şərtləndirən əsas amillər infrastrukturla bağlıdır.

Məhz buna görə 2004-cü ildən başlayaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olundu. Bu gün Azərbaycanın bütün bölgələri elektrik, qaz, içməli su ilə təmin edilir. Əgər 2003-cü ildə elektrik enerjisini və qazı xaricdən idxal edirdiksə, bu gün biz elektrik enerjisini, qazı ixrac edirik. Son illər ərzində Azərbaycanda tikilmiş elektrik stansiyaları nəinki tələbatımızı ödəyir, hətta ixrac potensialı da yaradır. Həmçinin qaz sahəsində də bu gün Azərbaycan həm regionda, həm gələcəkdə dünyada, Avropada çox önəmli qaz hasil və ixrac edən ölkəyə çevrilir".

Prezident vurğulayıb ki, kənd yolları ilə bağlı problemlər həll olunur, o cümlədən Sabirabad rayonunda. Bu il bu məqsədlər üçün 200 milyon manatdan çox vəsait nəzərdə tutulubdur. Magistral yolların demək olar ki, hamısı artıq yaxşı vəziyyətdədir: "Bakı-Sabirabad yolu da, - bilirəm, sabirabadlılar bu yoldan çox əziyyət çəkirdilər, - artıq əsaslı təmir olunaraq insanların istifadəsinə verilmişdir. İnfrastruktur layihələrinin icrası əsas şərt idi. Bununla bərabər, işsizliyin aradan qaldırılması məsələsi də çox kəskin problem kimi mövcud idi. Bu məsələ də öz həllini tapdı. Bu gün Azərbaycanda işsizliyin səviyyəsi çox aşağıdır və işləmək istəyən özü üçün iş tapa bilər.

Bizim qarşımızda duran vəzifələrdən biri ərzaq təhlükəsizliyi məsələsi idi. Çünki sovetlər vaxtında biz əsas ərzaq məhsullarını Azərbaycana başqa respublikalardan gətirirdik. Misal üçün, toyuq ətini, mal ətini, südü, şəkəri, digər əsas ərzaq məhsullarını biz Rusiyadan, Ukraynadan gətirirdik. Ona görə, qarşıya vəzifə qoyulmuşdu ki, biz ərzaq təhlükəsizliyimizi təmin etməliyik. Odur ki, Azərbaycanda taxılçılığın, heyvandarlığın, ümumiyyətlə, bitkiçiliyin inkişafı sürətlə getmişdir. Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik. Ona görə bizim əsas məqsədimiz bu məsələlərlə bağlı idi və deyə bilərəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həlli işində çox böyük nailiyyətlər var. Ancaq əfsuslar olsun ki, kənd təsərrüfatının digər sahələri bir qədər diqqətdən kənarda qalıb. Bunun da obyektiv və subyektiv səbəbləri var. Hesab edilirdi ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və bazar iqtisadiyyatı hər şeyi tənzimləyir, hər şeyi yoluna qoyur. Ancaq həyat göstərir ki, bu, belə deyil. Əlbəttə ki, biz bazar iqtisadiyyatına sadiqik, bu gün iqtisadiyyatımızın 80 faizdən çoxu özəl sektorda formalaşır və sahibkarlığın inkişafına çox böyük dəstək verilir, o cümlədən çox böyük maliyyə dəstəyi".

Dövlət başçısı bildirib ki, son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilib: "Ancaq pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir. Bazar iqtisadiyyatı heç də o demək deyil ki, hər şey yolunda olacaq. Pambıqçılığın tənəzzülə uğraması bunun bariz nümunəsidir. Ona görə, qərar qəbul edildi ki, bu gün bir halda ki ərzaq məhsulları və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin böyük əksəriyyəti öz həllini tapıb və artıq icrada olan layihələr yaxın zamanlarda öz bəhrəsini verəcək, indi dövlət kənd təsərrüfatının inkişafına həm daha da güclü dəstək verməlidir, həm də bu sahəyə daha da böyük miqyasda müdaxilə etməlidir. O mənada müdaxilə etməlidir ki, biz fermerlərə kömək göstərək, onların problemlərini həll edək və ölkəmizdə ənənəvi olan, ancaq əfsuslar ki, tənəzzülə uğrayan sahələri bərpa edək və inkişaf etdirək. Beləliklə, hesab edirəm ki, bu il bu sahədə dönüş ili olmuşdur. Bir daha qayıdıram sovet vaxtına. O vaxt ümumittifaq xalq təsərrüfatı bölgüsü aparılırdı. Bəzi respublikalarda heyvandarlıq, taxılçılıq inkişaf edirdi. Azərbaycanda isə qeyd etdiyim kimi, üzümçülük, pambıqçılıq, tütünçülük, çayçılıq, baramaçılıq və digər sahələr inkişaf edirdi. Sovet İttifaqı dağılandan sonra respublikalararası əlaqələr də kəsildi və beləliklə, biz çətin bir vəziyyətlə üzləşmişdik. Bu gün biz respublika üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik və 2016-cı il bu istiqamətdə dönüş ili olmalıdır".

Azərbaycan Prezidenti bu il baramaçılıqda böyük inkişafın müşahidə olunduğunu qeyd edib: "Əgər 2015-ci ildə cəmi 200 kiloqram yaş barama istehsal olunubsa, bu il 70 tona çatıb. Görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra Azərbaycanda min ton barama tədarük ediləcək. Görün minlərlə, on minlərlə insan nə qədər böyük qazanc əldə edəcək. Bu il tütünçülüklə bağlı ciddi addımlar atılıb. Biz tütünün tədarükünü iki dəfə artırmaq niyyətindəyik. Əvvəlki illərdə üzümçülüklə bağlı görülmüş tədbirlər öz bəhrəsini verir. Ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil və daha da böyük investisiyalar qoyulmalıdır".

İlham Əliyev əlavə edib ki, ixrac qabiliyyətli məhsulların istehsalını artırmaq üçün müxtəlif bölgələrdə böyük fındıq bağları salınacaq: "Demək olar ki, mövcud fındıq bağlarından iki dəfə çox yeni bağlar salınacaq. Artıq yerlər də müəyyən edildi və işlər görülür. Səmərəsiz istifadə olunan torpaqlarda planlı şəkildə növbəli əkin təmin ediləcək. İndi bizim böyük örüş sahələrimiz var. Kənd təsərrüfatı ilə məşğul olanlar yaxşı bilirlər ki, burada da normativlər var, bir hektarda nə qədər mal-qara saxlanmalıdır. Bu normativlər də pozulur. Nəzərə alsaq ki, heyvandarlıqla bağlı çox ciddi dövlət proqramı icra edilir, minlərlə, on minlərlə baş cins mal-qara gətirilir. İndi biz süni mayalanma sisteminə keçirik və beləliklə, üç-dörd il ərzində Azərbaycanda mal-qaranın cinsi tam dəyişdiriləcək. Həm ətlik, həm də südlük mal-qara sahəsində böyük məhsuldarlıq təmin ediləcək. Bunun üçün iribuynuzlu mal-qaranın qapalı yerlərdə saxlanması layihələri icra edilir".

Dövlət başçısı vurğulayıb ki, böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq: "Ona görə, bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir. Artıq bir çox müqavilələrin icarəsi ləğv olunub, bu proses davam etdirilir. Dövlət orqanları, yerli orqanlar və ictimaiyyət tərəfindən çox ciddi nəzarət olmalıdır. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət Azərbaycanda güclü olmalıdır. İctimai nəzarət, yəni, vətəndaşların nəzarəti güclü olarsa, onda biz bu işləri daha da böyük uğurla həll edə bilərik".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024