Mobil versiya
Qarabağ danışıqları: Məmmədyarov Moskvadan "əliboş" qayıtdı?
Tarix: 09-03-2017 | Saat: 16:30
Bölmə:Siyasət / Manşet | çapa göndər

Qarabağ danışıqları: Məmmədyarov Moskvadan "əliboş" qayıtdı?

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinə dair önəmli açıqlamalar verilib. Azərbaycan XİN rəhbəri hazırda Ermənistanla Qarabağ danışıqlarının dayandığını bəyan edib. Onun rusiyalı həmkarı Sergey Lavrov isə hesab edir ki, Qarabağ münaqişəsi həll oluna bilər, lakin bunun üçün bəzi detallar tərəflər arasında razılaşdırılmalıdır.

Lavrov çıxışında deyib: “Bunu uzun müddət davam edən danışıqların nəticələri göstərir. Lakin bir sıra maddələr üzrə razılıq əldə olunmalıdır. Bura təhlükəsizlik, humanitar yardım, Qarabağ ətrafı rayonların geri qaytarılması və Qarabağın statusu məsələsi daxildir”.

Lavrov, həmçinin bildirib ki, qeyd edilən bəndlərin böyük əksəriyyətinə dair razılıq əldə olunub. Lakin bir-iki bənd üzrə danışıqlar gedir.

“Bunlar əlavə səylər tələb edir. Hazırkı şərtlərdə danışıqları bərpa etmək üçün cəbhə və təmas xəttində gərginlik azaldılmalıdır. Bunun üçün tərəflər arasında hazırda müşahidə olunan inamsızlıq aradan qaldırılmadır. Tərəflərin, həmçinin prezidentlərin Sankt-Peterburq və Vyana görüşlərində əldə etdiyi razılaşmaları həyata keçirməsi olduqca önəmlidir".

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskva səfərini AzVision.az-a şərh edən deputat Aydın Mirzəzadə bildirib ki, Moskvadakı Qarabağ danışıqlarının bizim üçün böyük əhəmiyyəti var.

“Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumata malkdir. Bundan əlavə Rusiyanın Ermənistana təsir imkanları da var. Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, Ermənistanın işğal etdiyi ərazilərdə qurduğu separatçı rejimi tanımaması bu ölkənin Azərbaycana münasibətinin göstəricisidir. Digər tərəfdən qeyd edə bilərəm ki, Rusiya Ermənistanın işğalçılıq siyasətini birbaşa pisləmir, işğal etdiyi ərazilərdən qoşunlarını çıxarmasını tələb etmir və problemin həllini iki tərəf arasındakı münasibətlərə saxlayır. Bununla belə Azərbaycan vaxtaşırı Rusiya faktoruna ciddi diqqət yetirir. Hesab edirəm ki, Rusiyanın bu məsələ ilə bağlı mövqeyinin dəqiqləşməsinə ehtiyac duyulur”.

A.Mirzəzadə qeyd edib ki, Lavrovun azərbaycanlı həmkarı ilə keçirdiyi görüşdən sonrakı açıqlamasında diqqət çəkən məqamlar var.

“Birincisi, Lavrov əvvəlki mövqeyindən fərqli olaraq münaqişənin Azərbaycanın daxili işi olmadığını demədir. İkincisi isə Lavrov müəyyən məsələlərin həll olunduğunu, digərlərinin isə üzərində işlərin aparılmasınn vacibliyini vurğulayıb. Bu, diplomatik danışıqlarda vacib faktordur. Yəni, ümumən həll olunacaq məsələlər siyahıya alınır, razılaşma əldə olunandan sonra pozitiv hal kimi qiymətləndirilərək digərlərinin üzərinə gedilir. Fakt odur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və ərazi bötüvlüyümüzü tanımır. Bu məsələ həll edilsə, digər məsələlər də özlüyündə həllini tapacaq.

Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Rusiya ilə müntəzəm danışıqlar aparılmalıdır. Rusiyanın pozitiv və obyektiv rol oynmasına diqqət yönəldilməlidir. Bundan əlavə danışıqlarda əsas məqsəd həll olunmamış məsələlərə Rusiyanın diqqətini çəkməkdir”.

Deputat, həmçinin vurğulayıb ki, problemin Azərbaycandan daha çox Rusiya və Ermənistana ziyanlı olması ictimaiyyətin diqqətinə çatdırılmaldır: “Bu gün münaqişənin həll edilməməsi ilk növbədə Ermənistanın özünə ziyan vurur. Mətbuatda 2016-cı ildə Rusiya vətəndaşlığı alan əcnəbilərin siyahısı dərc olunub. Məlum olub ki, ötən il 22 min erməni Rusiya vətəndaşlığı alıb. Bu isə Ermənistan əhalisinin 1 faizi deməkdir. B çox ciddi rəqəmdir. Rusiya tərəfi bunu analiz etməlidir”,

Məmmədyarovun Moskva səfərini dəyərləndirən siyasi şərhçi Arzu Nağıyevun fikrincə, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dayanması prosesi müşahidə olunur: “Rusiyanın münaqişənin həllində açar rolunu oynamasını, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasını və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olmasını nəzərə alsaq, Moskvanın bu prosesə müdaxilə etməsi vacibdir. Ermənistan Rusiyanın forpostudur. Ermənistana hərtərfli siyasi təzyiq etmək imkanı olan Rusiya bu problemin həllində müsbət rol oynamalıdır. Bundan başqa Cənub Qaz Dəhlizi layihəsinin reallaşdığı anda prosesə müdaxilə mütləq lazım idi. Belə məqamda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovun dəvəti ilə Moskvaya danışıqlara getdi. Danışıqların əsas motivi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi idi. Danışıqların nəticəsi olaraq məlum oldu ki, Dağlıq Qarabağ münaqişəsində əsas prioritet işğal edilmiş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması, sonradan status məsələsinin həllidir. Lakin erməni tərəfi bu prosesə qoşulmur. Çünki, qondarma “referendum” keçirməklə “Artsax Respublikası” ətrafında kommunikasiyalar qurmaq istəyirlər. Eyni zamanda aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək və Sarkisyan rejimi “Qarabağ kartı”ndan istifadə edərək hakimiyyətinin ömrünü uzatmaq istəyir. Düşünürəm ki, Rusiyanın özü də bundan narahatçılıq keçirir. Çünki, bu gün Sarkisyan onları razı salan siyasətçi olsa da, Ohanyan və digər birləşmələr müxtəlif problemlər yarada bilər. Bu baxımdan Rusiya hazırkı proseslərdən narahatdır”.

A.Nağıyev xatırladıb ki, Lavrov Məmmədyarovla görüşdə sülhün bərqərar olması istiqamətində müvafiq addımların atılmasının vacibliyini vurğulayıb.

“Təbii ki, Elmar Məmmədyarov Azərbaycanın mövqeyini ön plana çəkdi. Aprel hadisələrinin təkrarlanmaması üçün Rusiyadan müvafiq addımların atılması tələb edilir. Rusiya Qərbin sanksiyalarına məruz qalmaqla bərabər regionda nüfuzunu bərpa etmək üçün mütləq münaqişənin həllində açar rolunu oynamalıdır. Cəbhədə davam edən gərginlik Ermənistanda parlament seçkiləri bitənə qədər davam edəcək. Belə gərginlikdə isə danışıqlara getmək lazımdır. İlk növbədə bu, Ermənistana və Rusiyaya lazımdır. Əks halda cəbhədə yeni hərbi təxribat baş versə, artıq bunun nə ilə nəticələnəcəyi haqda bağlı proqnoz vermək qeyri-mümkündür. Türkiyə və İran maraqlıdır ki, münaqişənin həlli ilə bağlı danışıqlar olsun. Azərbaycanın öz ərazisində ikinci erməni dövlətinin qurulmasına razı olmayacağı bəllidir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Məmmədyarov-Lavrov görüşündən real nəticə hasil olmayıb.

“Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyi Azərbaycanın lehinə dəyişməyib. Bunun əlaməti yoxdur. Sergey Lavrov hələ bir ay əvvəl demişdi ki, “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”. Onun “Rayonların boşaldılması bölgənin status müzakirələri ilə paralel getməlidir” fikri də rəsmi İrəvanın mövqeyi ilə üst-üstə düşür. Bu açıqlamalar varkən, Lavrovun qəfil münaqişənin “mərhələli həll”inə üstünlük verəcəyi az ehtimal olunur. Elmar Məmmədyarovun özü də Lavrovla görüşdən sonra demişdi ki, “bu görüşdən optimist ayrılmadım”. Bu görüşlər heç də münaqişənin qısa müddətdə həlli ilə bağlı deyil. Kreml sadəcə İrəvan kimi aprel ayından qorxur. İrəvan kimi Moskva da düşünür ki, Azərbaycan ordusu aprel ayında irimiqyaslı hücuma keçə bilər. Digər tərəfdən aprel ayında Ermənistanda həyati əhəmiyyətli parlament seçkisi keçiriləcək. Apreldə savaş olarsa, bu Ermənistandakı seçkini qarışdıracaq. Moskva isə bunu istəmir. Ona görə də Kreml Məmmədyarov vasitəsilə rəsmi Bakıya demək istəyir ki, Azərbaycan ordusu atəşkəsə riayət etsin”.(azvision)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024