Mobil versiya
Prezident İlham Əliyevin Sərəncamı sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir
Tarix: 15-02-2017 | Saat: 21:41
Bölmə:Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Sərəncamı sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir








Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamı sistemli və genişmiqyaslı hüquqi islahatlarının tərkib hissəsi və bu sahədə köklü dəyişikliklərin yeni mərhələsinin başlanğıcıdır.

Aia.Az bildirir ki, bu fikri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü Sahib Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.

Sahib Məmmədov bildirib ki, Azərbaycanda indiyədək cəza sisteminin humanistləşdirilməsi ilə bağlı bir sıra addımlar atılıb. Dövlətimizin başçısı bununla bağlı əvvəllər də ciddi qərarlar qəbul edib. Prezidentin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın bir neçə müddəası da cəza sisteminin humanistləşdirilməsi, penitensiar sistemin Avropa Penitensiar Qaydalarına uyğunlaşdırılması məqsədi daşıyırdı. Həmin Dövlət Proqramının əsas istiqamətlərindən birini məhz Penitensiar Xidmətin fəaliyyətinin müasirləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması təşkil edirdi. Proqramda həbs olunmuş və məhkum edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşması və məhkumların ictimai faydalı əməyə cəlb olunması kimi hədəflər müəyyənləşdirilmişdi.

Prezident İlham Əliyev tərəfindən imzalamış yeni Sərəncamda bir sıra köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur. Onların bir çoxu region ölkələri ilə müqayisədə yenilik kimi qiymətləndirilə bilər.

Sahib Məmmədov deyib: "Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılması müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının müəyyən hallarda alternativ cəzalarla əvəzlənməsinə imkan yaradacaq. Paralel olaraq alternativ cəza sisteminin yaradılması üçün qanunvericilikdə dəyişikliklər həyata keçiriləcək, yeni mexanizmlər və prosedurlar müəyyən ediləcək. Cinayət Məcəlləsində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürüləcək və mövcud alternativ cəzaların tətbiqi əsasları təkmilləşdiriləcək. Elektron nəzarət vasitələrinin tətbiqinə gəlincə, bu həm alternativ cəza çəkənlərin, həm də barəsində həbslə bağlı olmayan prosessual məcburiyyət tədbirləri həyata keçirilən təqsirləndirilən şəxslərin effektiv nəzarətdə saxlanmasına imkan verəcək. Nəticədə azadlıqdan məhrum etmə cəzasını alternativ cəza ilə əvəz etməyə imkan yaranacaq, eyni zamanda, təqsirləndirilən şəxslər barədə digər qətimkan tədbirlərinin daha geniş tətbiqinə şərait yaranacaq".

Müsahibimiz qeyd edib ki, digər bir mühüm məsələ cəzaların dekriminallaşdırılası ilə bağlıdır. Doğrudan da elə cəzalar var ki, onları inzibati məsuliyyətlə, yaxud pul cərimələri ilə əvəzləmək mümkündür. Prezidentin Sərəncamında xüsusən iqtisadi fəaliyyətlə bağlı cinayətlərin dekriminallaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Sərəncamın icrası ictimai işlər növündə cəzanın tətbiqindəki problemi də aradan qaldıracaq. Belə ki, hazırda bu tipli cəzanın tətbiqində formallıq var və bir çox hallarda icra olunmur. Halbuki, ictimai işlər növündə cəzanın icrası həm cinayət törətmiş şəxsin cəzasını çəkməsinə və beləliklə də təqsirkarın cəzasız qalmamasına və sosial ədalətin təmin olunmasına gətirib çıxaracaq, eyni zamanda, alternativ cəza sistemini təkmilləşdirəcək.

Penitensiar müəssisələrdə məhkumların əməyə cəlb edilməsi də ciddi problem olaraq qalmaqdadır. Məşğulluğun təmin olunması cəzaçəkmə müəssisələrində əmək islah prosesinin əsas tərkib hissələrindən biridir. Bu, Avropanın penitensiar və BMT-nin minimal standart qaydalarında, həmçinin Azərbaycanın cəzaların icrası məcəlləsində əksini tapıb. Məhkumların məşğulluğunun təmin olunması islah prosesinin sürətlənməsi ilə yanaşı, bir çox problemləri də həll edə bilər. Məsələn, bir sıra hallarda məhkumları vaxtından əvvəl şərti azad etməkdə çətinlik yaranır. Bu da məhkumun cərimə və ya zərərin ödənilməsi ilə bağlı borclarının olması ilə bağlıdır. Bəzən məhkum o qədər də böyük olmayan borcu ödəyə bilmir və ona vaxtından əvvəl şərti azad etməni tətbiq etmək çətinləşir. İşləyən məhkum isə borcları ödəyə, hətta ailəsinə kömək göstərə bilir. Yaxud hesabında yığılan pulları azadlığa çıxarkən alır və bu da onun cəmiyyətə daha tez inteqrasiya olunmasına kömək edir.

"Prosessual məcburiyyət tədbiri kimi bizdə bir çox qətimkan tədbiri var. Lakin, bir çox hallarda həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilir. BMT-nin İnsan Hüquqları Komitəsi bu məsələyə diqqəti cəlb etmiş, eyni zamanda, Ali Məhkəmənin Plenumu buna toxunmuşdu. Məhkəmə Hüquq Şurasının iclaslarında da bununla bağlı müzakirələr aparılıb. Bildirilib ki, bəzən Azərbaycanda inzibati rayonlar üzrə həbs qətimkan tədbiri üzrə təqdimatlar yüz faiz təmin olunur. Ümumiyyətlə, lüzum olmayan yerdə qətimkan tədbiri kimi həbsin seçilməsi məqsədəuyğun deyil. Çünki insanların azadlıq hüququ pozulur. Ona görə də mümkün olduğu halda digər qətimkan prosessual məcburiyyət tədbirləri seçmək olar. Məsələn, başqa yerə getməmək, zaminə buraxılmaq, pul girovu müqabilində azadlığa çıxmaq və sair. Bu məsələ təbii olaraq dövlət başçısının diqqətini cəlb edib və Sərəncama daxil edilib", - deyə S.Məmmədov bildirib.

Sərəncamdan irəli gələn digər mühüm tapşırıqlar da var ki, bütün bunların həyata keçirilməsi yalnız cəza sisteminin deyil, həmçinin bütövlükdə məhkəmə-hüquq sisteminin daha da təkmilləşməsinə, humanizm və ədalət prinsiplərinin tam bərqərar olmasına şərait yaradacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024