Mobil versiya
Lüzumsuz yazılan hər bir dərman ziyan verə bilər
Tarix: 16-04-2016 | Saat: 21:08
Bölmə:Səhiyyə | çapa göndər

Lüzumsuz yazılan hər bir dərman ziyan verə bilər






Bu dövrdə xanımlar sağlamlıqlarına daha çox diqqət yetirir, özləri ilə bağlı ən xırda nüans belə onların gözündən yayınmır. Söhbət hamiləlik dövründən gedir. Hamiləlik zamanı qadın canında daha bir can daşıdığı üçün bədəni zəifləyir və qan azlığı, yaxud bədənində "yatmış" hansısa xəstəlik üzə çıxır. Bu zaman təbii ki, həkimə getmək qaçılmaz olur. Amma bəzən həkimlər hamilə qadınları ən adi bir narahatlığa görə də o qədər dərmanla yükləyirlər ki, bu dərmanlar həm dölün, həm də ananın orqanizmində fəsadsız ötüşmür. Bəs hansı hallarda hamilələrə dərman təyin edilməlidir? Sualımıza cavab tapmaq üçün uzman-ginekoloqlarla söhbətləşdik.

Ən yaxşı dərmanın belə əks-təsiri var

Uzman ginekoloq Hakan Tanrıverdi ana olmağa hazırlaşan xanımlarımıza az dərman yazması ilə seçilir. Onun sözlərinə görə, nəinki ginekoloqlar, digər sahələrdəki həkimlərin də bir hissəsi çox dərman yazmağa meylli olur: "Buna polifarmasiya deyilir. Sadəcə, Azərbaycanda deyil, dünyanın hər yerində belə həkimlər var. Çox dərman yazmaq xəstəliyə heç də həmişə yaxşı təsir göstərmir, çünki lazımsız yerə yazılan dərmanların əks-təsiri başqa fəsadlar yaradır. Ən yaxşı dərmanın belə, az da olsa, əks təsiri ola bilər".

Müsahibimizin fikrincə, polifarmasiya sevən həkim çox güman ki, yaxşı təhsil almayıb və pasiyentin problemini başa duşmədən "inşallah biri yaxşı təsir edər" ümidiylə çoxlu dərman yazır: "Lüzumsuz yazılan hər bir dərman isə ziyan verə bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, qarşındakı adi xəstə deyil, hamilədir".
H.Tanrıverdi deyir ki, sübut edilmiş qan azlığı və s. kimi hallarda dərman yazmaq vacibdir: "Şəxsən mən öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, məcbur olmadan dərman yazmıram. İmkan dərəcəsində təbii yollarla yardımçı olmağa çalışıram. Uyğun pəhriz, düzənli yaşam, süni qidalardan uzaq durmaq çoxlu dərman qəbulundan daha yaxşıdır".

H.Tanrıverdi hamiləlik zamanı, özəlliklə ilk 3 ayda lüzumsuz dərmanın daha çox ziyan vura biləcəyini bildirdi: "Bəzən xəstələr az dərman yazdıqda təəccüblənir və "niyə" sualını verirlər. O zaman bildirirəm ki, dərman yazmağa xəstə axtarmıram, hansısa xəstəyə dərman lazım olduqda, yazıram".

Hamiləlikdə ən riskli dönəm

Uzman cərrah-ginekoloq Nərmin Qəribovanın sözlərinə görə, hamiləlik dövründə əvvəlcədən olan xəstəliklərlə yanaşı, məhz hamiləliklə əlaqədar bəzi problemlər də üzə çıxa bilər: "Tibbi baxımdan ehtiyac varsa, bu dönəmdə bəzi dərmanların təyinatı qaçılmazdır. Ancaq ümumilikdə hamiləlikdə dərman təyinatı zamanı bəzi qaydalara riayət etmək lazımdır. Bu qaydalar çərçivəsində hərəkət etdikdə həm ana, həm də döl üçün yarana biləcək zərərlər minimuma enir".

N.Qəribova deyir ki, hamiləlikdə istifadə olunan dərmanlar bir neçə kateqoriyaya bölünür və bu kateqoriyalara uyğun təyinat seçilir: "Maksimum dərəcədə dərmandan qaçmaq lazımdır. Hamilə xanımlarımızın həkim məsləhəti olmadan, hansısa rəfiqəsinin məsləhəti ilə dərman qəbulu xüsusilə yolverilməzdir. Hamiləliyin ilk 3 ayı dölün orqanlarının inkişafı baş verdiyindən daha həssas dönəm sayılır və dərmanların təsiri maksimumdur. Həyati vacib olmadıqda bu dövrdə dərmandan istifadə edilməməlidir. Mayalanmadan sonrakı ilk iki həftədə hamilə qadın dərman istifadə edibsə, bu dərman dölə təsir etdiyi təqdirdə ya dölün inkişafdan qalması, yaxud düşüklə nəticələnmə ehtimalı çox böyükdür. Mayalanmadan sonrakı iki-səkkiz həftəlik dönəm embrioloji dönəmdir. Bu dövr dölün inkişaf qüsurları baxımından ən riskli dönəm hesab edilir".

Hansı şikayətlər üçün dərman təyinatı şərt deyil?

N.Qəribova hamilələrin tez-tez istifadə etdikləri dərmanların qruplara ayrıldığını dedi: "A kateqoriyasından olan dərmanlar hamiləlikdə heç bir zərəri olmadan rahatlıqla istifadə oluna bilər. Çox az sayda dərmanlar bu kateqoriyaya daxildir. B kateqoriyasından olan dərmanlar yenə hamiləlikdə rahatlıqla istifadə oluna bilər ki, bunun da ana və döl üzərində hər hansı mənfi təsiri sübut edilməyib. C kateqoriyasından olan dərmanlar isə zərər və yarar nisbəti nəzərə alınaraq istifadə olunmalıdır. Yəni dölə hər hansı zərərli təsiri ola bilməkdədir. D və X kateqoriyalı dərmanlar isə hamiləlikdə qətiyyən istifadə olunmamalıdır. Əks halda ciddi fəsadlara gətirib çıxara bilər. Qeyd etdiyim kimi, gərəksiz yerə çox dərman təyin etmənin dölə ilk üç ayda mənfi təsiri xüsusilə böyükdür. Bu, inkişaf anomaliyalarına, döldə qüsurlara gətirib çıxara bilər".

Xüsusilə ilk üç ayda hamilə qadınlarda arterial təzyiqin düşməsi ilə bağlı halsızlıq, başgicəllənmə, baş ağrıları, yuxuya meyllilik, ürəkbulanma və s. kimi şikayətlər olur: "Bu tərz şikayətlər üçün dərman təyin edilməsi şərt deyil. Lakin bu problemlər ananın həyat şəraitini pozduqda, normal gündəlik həyatına çox pis təsir etdikdə, məsələn, şiddətli qusma nəticəsində qida qəbul edə bilmədikdə orqanizmdə susuzluq, halsızlıq yarandıqda müəyyən dərmanlar qəbul edilməlidir".

Hamiləlik xəstəlik deyil

Ginekoloqun sözlərinə görə, bəzən həkimlər dölyanı mayenin bulanıqlaşması, dölün hipoksiya vəziyyəti, yaxud cift qan dövranında pozulmalar kimi diaqnozlar üçün lazımsız yerə dərman təyin edirlər: "Xüsusilə çox miqdarda antibiotik tərkibli dərmanların təyinatı yolverilməzdir. Xəstələrin əksəriyyəti ümumi şikayətlərini bildirdikdə bu şikayətlərin aradan qaldırılması üçün həkimdən dərman təyinatı gözləyirlər. Belə hallarda çalışıram xanımlarımıza hamiləliyin heç də xəstəlik deyil, fizioloji hal olduğunu, hamiləlik dövründə belə halların yaşana biləcəyini, anaya, yaxud dölə hər hansı mənfi təsirinin ola bilməyəcəyini izah edərək dərman istifadəsindən yayındırım. Hamilə qadınların dərmana daha çox meylli olmasının səbəbi onların hamiləliklə bağlı mütaliəsinin az olması, hamiləlik dövründə yaşana biləcək xırda şikayətlərin qaçılmaz olduğunu bilməmələridir. Bu halların hamiləlikdə fizioloji olaraq baş verə biləcəyini bilmədikləri üçün həkimlərdən buna qarşı hər hansı dərman yazılmasını istəyirlər".

Müsahibimizin fikrincə, son illər ana olmağa hazırlaşan xanımlarımız dərmana meyllənməkdən uzaqlaşırlar: "Sevindirici haldır ki, artıq dərman təyin edəndə analar bunun dölə mənfi təsirinin olub-olmayacağını soruşurlar. Amma təəssüflər olsun ki, dərman yazmağı təkid edən xəstələrimiz də mövcuddur. Belə xəstələrə fiziologiyanı başa salmağa cəhd edirəm. Təkid etsələr belə, dərman təyin etməməyə çalışıram".

N.Qəribovanın sözlərinə görə, yalnız bəzi istisna hallarda dərman təyin edilməsi mütləqdir: "Hamiləliklə yanaşı gedən bir sıra xəstələiklər mövcuddur ki, bu zaman dərman təyin edilməsə, həm ana, həm də dölün həyatı üçün hər hansı problem yarana bilər. Bunları nəzərə alaraq yanaşı gedən xəstəliklər zamanı hamiləlik dövründə olsa belə, dərman təyinatı aparılmalıdır. Hansısa dərman təyinatı lazım olanda hamilələr mütləq həkimlə təmasa keçməlidir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024