Mobil versiya
Bu xəstəlik uşaqlarda gizli inkişaf edir – VALİDEYNLƏR, DİQQƏT
Tarix: 09-03-2016 | Saat: 15:18
Bölmə:Səhiyyə / Aia TV / Karusel | çapa göndər


Sirr deyil ki, müasir dövrdə, xüsusilə inkişaf etmiş ölkələrdə piylənmə problemi uşaqlarda daha çox müşahidə edilməyə başlayıb. Təkcə ABŞ-da məktəbli uşaqların təxminən 1/3-i həddən artıq kök və ya piylənmədən əziyyət çəkənlərdir.

Uşaqlıq dövründə ortaya çıxan piylənmə bir çox sağlamlıq problemlərinə səbəb olur. Bunlardan ən əhəmiyyətlisi yüksək təzyiqdir. Məktəbli uşaqlar arasında aparılan araşdırmalar sübut edib ki, artıq çəkisi olan uşaqların 30 faizində yüksək təzyiq var. Başqa cür desək, 3 kök uşaqdan biri yüksək təzyiqdən əziyyət çəkir. Türkiyəli həkim-uzman Turan Sezgin uşaqların 3 yaşından sonra qan təzyiqinin ölçülməsini vacib hesab edir. Həkim bildirir ki, uşaqlarda yüksək təzyiq yetkin insanlara nisbətən heç bir əlamətlə özünü göstərmir. Bu isə uşaqlarda yüksək təzyiq diaqnozunun gec qoyulmasına səbəb olur. Aile.lent.az uşaqlarda yüksək təzyiq və onun fəsadları ilə bağlı çoxlarına məlum olmayan faktları təqdim edir.

Piylənmə həyəcan siqnalıdır

T. Sezgin uşaqlarda müşahidə edilən yüksək təzyiqin səbəblərinin yaşa görə fərqli olduğunu deyir: "3 yaşdan az olan uşaqlarda yüksək təzyiq böyrək və ya damar xəstəlikləri ilə bağlı ikinci səbəblər ucbatından yaranır. 10 yaşından böyük uşaqlarda isə yüksək təzyiqin əsas səbəbi son illərdə, xüsusilə məktəbli uşaqlarda sanki epidemiya halı alan həddindən artıq çəkidir. Artıq çəki xəstəliyinin uşaqlar arasında yayılması onlarda yüksək təzyiqi ciddi sağlamlıq probleminə çevirib. Buna görə də valideynlər uşaqlarının sağlam həyat sürmələrinə ciddi yanaşmalıdırlar”.

Uşaqlarda gizli baş verir

Uşaqlarda yüksək təzyiq ciddi təhlükədir. Yetkin insanlarda yüksək təzyiq nəticəsində müşahidə edilən baş gicəllənməsi, baş ağrısı, qulaqlarda cingilti, ürək döyünməsi kimi əlamətlər uşaqlarda görünmür. Həkim təəssüflə qeyd edir ki, yüksək təzyiq uşaqlarda səssiz olaraq öz işini görür. ABŞ-da aparılan araşdırmalar sübut edib ki, yüksək təzyiq diaqnozu qoyulan uşaqların 40 faizində yüksək təzyiqin əlaməti kimi ürək əzələlərində qalınlaşma müəyyən olunur. Bu da yüksək təzyiqin uzun müddət səssiz öz işini gördüyünü ortaya çıxarır: “Uşaqlıq dövründə yaranan yüksək təzyiq ciddi xəstəliklərə sanki “dəvətnamə yollayır”. Uşaqlıqda və ya gənclik dövründə yüksək təzyiqi olan insanlar 55 və ya bu yaşa çatmamış qəfil ölüm, ürək çatışmazlığı və ürək-damar tıxanıqlığı kimi risk faktorları ilə qarşılaşırlar. Yüksək təzyiqi olan kök uşaqların insulin dirənci də yüksək olur. Bu səbəbdən gələcəkdə diabet-şəkər xəstəliyinin yaranması təhlükəsi var. Yetkin yaşlı yüksək təzyiqli insanlarda bu problem uşaqlıq illərindən yaranır”.

Sağlam qidalanma və nizamlı idman vacibdir

Yüksək təzyiqin birinci mərhələsində olan uşaqlarda dərman müalicəsinə ehtiyac qalmadan, sağlam həyat tərzi ilə bu problemin öhdəsindən gəlmək mümkündür. T. Sezgin uşaqların sağlam qidalanması, normal, yəni yaşlarına və boylarına uyğun çəkidə olmaları, aktiv həyat tərzi sürmələri, nizamlı idman etmələri mövzusunda valideynləri diqqətli olmağa çağırır: “İlk növbədə evdə sağlam qidalanma qayda-qanunu olmalıdır. Qidalanmada meyvə-tərəvəzlərə üstünlük verilməlidir. Valideynlər siqaret çəkirsə, dərhal bundan imtina etməlidirlər və uşaqları ilə daha çox vaxt keçirməlidirlər. Uşağın yuxu keyfiyyətinə biganə yanaşmaq olmaz. Çünki yüksək təzyiqi olan uşaqlarda yuxu apne sindromu ola bilir. Bu sindrom insulin müqavimətinin artmasına, qan təzyiqinin yüksəlməsinə, nəzarət edilə bilməyən ritm pozuntularına və nəticədə ürək çatmazlığına gətirib çıxarır. Bunlardan başqa, uşağa psixoloji dəstək vermək və özünə inamını artıran davranışlar nümayiş etdirmək, motivasiyasını artırmaq lazımdır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024