Mobil versiya
18 yaşlı qızın ölümündə günalandırılan cərrah danışdı - “Heç bir cəza almamışam, şikayətçi ilə barışmışıq”
Tarix: 09-10-2018 | Saat: 17:42
Bölmə:Səhiyyə | çapa göndər

18 yaşlı qızın ölümündə günalandırılan cərrah danışdı - “Heç bir cəza almamışam, şikayətçi ilə barışmışıq”


"StarMed” klinikasında cərrahiyyə əməliyyatı zamanı 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev dünən məhkəmənin hökmü ilə 9 aylıq ev dustağı edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Cərrah BakuPost-a açıqlamasında deyib ki, məhkəmədə 9 ay müddətinə azadlıqdan məhrum edilmə və bu müddətin ev dustaqlığı ilə əvəz edilməsi barədə hökm çıxarılması haqda yazılanlar həqiqəti əks etdirmir:

"Bu hadisə 4 il əvvəl olub. Sonradan şikayət olunub deyə yenidən məhkəmə keçirilib. Lakin məhkəmənin yekun hökmü hələ ki yoxdur. Mənə ev dustaqlığı verilməsi barədə yazılanlar yalandır. Bilmirəm bu xəbərləri haradan çıxarıblar. Mən hər gün işimdəyəm, hər gün əməliyyata girirəm. Elə indi də əməliyyatdan çıxmışam, bir azdan yenidən əməliyyata girəcəyəm”.

S. Mehdiyev qeyd edib ki, o, ölən qızın atası ilə barışıq əldə edib: "Bu hadisə narkozdan olub və anestezioloqla bağlı bir məsələdir. Hətta zərərçəkən özü də mənimlə barışıb. Heç bir şikayətinin olmadığını rəsmi şəkildə bildirib”.

Xatırladaq ki, 2015-ci ilin mart ayında "StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə 18 yaşlı qız Leyla Mürsəlova dünyasını dəyişib. Bununla bağlı Yasamal rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daha sonra əməliyyatı aparmış cərrah Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanov cinayət işinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Dünən isə Report.az saytı yazıb ki, Yasamal rayon Məhkəməsində 18 yaşlı qızın ölümünə səbəb olmaqda təqsirləndirilən cərrah Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.

Məhkəmənin hökmü ilə E.Quluzadə 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə onun cəzasını ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğu üçün məntəqə tipli cəzaçəkmə ilə əvəz edib.

C.Sultanov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024