Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir
Tarix: 5-03-2018, 15:19 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir



İmran Abdullayevin GEM-in rəhbərliyinə təyin olunmasından sonra Mərkəzdə işin səmərəlilik göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlmişdir

Məlum olduğu kimi, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə (GEM) artıq ötən ilin əvvəllərindən İmran Abdullayev rəhbərlik edir. Qeyd edək ki, İmran müəllim bu qurumda heç də yeni sima deyil. Belə ki, o, daha əvvəl Mərkəzin Qidalanma gigiyenası şöbəsinin müdiri vəzifəsində işləyib. Əslində İmran Abdullayev elə ictimaiyyətin özünə, xüsusən də media nümayəndələrinə kifayət qədər tanış simadır. Belə ki, GEM-in fəaliyyətinə dair rəsmi məlumatlar da əksər hallarda kütləvi informasiya vasitələrinə məhz İmran müəllim tərəfindən təqdim olunurdu. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti isə, bir çox spesifik cəhətlərinə görə hər zaman mətbu orqanlarının və ictimaiyyətin xüsusi diqqət mərkəzində olub. Əlbəttə ki, bu da heç təsadüfi deyildir. Belə ki, məhz bu qurumun səmərəli fəaliyyətinin nəticəsidir ki, hazırda Azərbaycanda bir çox epidemik xəstəliklər müşahidə olunmur. Məsələn, sanitariya-epidemioloji xidməti və müalicə-profilaktika idarələrinin birgə fəaliyyəti nəticəsində 2017-ci ildə Respublikada idarəolunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, göyöskürək, epidemik parotit və məxmərək xəstəlikləri qeydə alınmamışdır. Həmçinin ötən il Səhiyyə Nazirliyinin “İnsanlar arasında qrip xəstəliyi üzərində epidemioloji nəzarətin gücləndirilməsi barədə” 18.11.2011-ci il tarixli 97 nömrəli əmrinə əsasən Respublika üzrə ağır gedişli respirator virus infeksiyalrı və qripəbənzər xəstəliklər üzərində epidemioloji nəzarət davam etdirilmiş, 2016-2017-ci ilin payız-qış mövsümü ərzində əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi təmin edilmişdir. Əhali arasında vərəmin yayılmasının qarşısının alınması üçün “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun əsas müddəaları, Səhiyyə Nazirliyinin vərəm xəstəliyinə dair qüvvədə olan əmr və Ümumdünya Səhiyyə Təşkilatının vərəmə nəzarət strategiyasının prinsipləri əsas götürülərək vərəm əleyhinə tədbirlər üzərində nəzarət işi yüksək səviyyədə həyata keçirilir. Sevindirici haldır ki, 2017-cu ilin 6 ayı ərzində ilkin vərəm hadisələrinin 2016-cı il ilin müvafiq dövri ilə müqayisədə 1,3% azalması müşahidə edilmişdir.

Bu gün ölkənin sanitariya-epidemioloji xidmət orqanları tərəfindən, yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi işlərinə mütəmadi olaraq nəzarət aparılır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan müayinələrin nəticəsində aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq, müvafiq rayonların sanitariya təmizliyi məsələlərinə cavabdeh orqanlarının rəhbərlərinə məqsədyönlü təkliflər verilir, həmçinin müvafiq tədbirlərin təşkili üçün Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə rəsmi müraciətlər edilir.

Əhalinin təsərrüfat-içməli su təchizatı üzərində mütəmadi nəzarətin təmin edilməsi məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən respublikanın şəhər və rayon mərkəzlərində olan su təchizatı sistemlərindən su nümunələrinin müayinələri mütəmadi olaraq aparılır, aşkar olunmuş nəticələr üzrə müvafiq tədbirlər görülür. Həmçinin Bakı şəhəri ərazisində yerləşən mərkəzi və məhəllədaxili su anbarlarının yuyulub-zərərsizləşdirilməsi işi ciddi nəzarətdə saxlanılır.

Əlbəttə, bütün bu işlər bundan əvvəl də Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilməkdə idi. Bununla belə, məhz ötən ilin əvvəlindən Mərkəzin fəaliyyətində fərqli bir dinamika müşahidə olunmaqdadır. Qurumun daxilində olan mənbələrin təqdim etdikləri açıqlamalarda da xüsusi olaraq vurğulanır ki, İmran Abdullayevin GEM-in rəhbərliyinə təyin olunmasından sonra Mərkəzin əməkdaşları arasında da aktivlik xeyli artmış, işin səmərəlilik göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlmişdir.

İstənilən halda, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti ölkənin ümumi səhiyyə durumu baxımından müstəsna əhəmiyyət kəsb edir və məhz buna görə də bu quruma rəhbərliyin peşəkar və təcrübəli əllərdə olması son dərəcə vacib şərtdir.

aia.az

Samir Vəliyev



5298 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
19-07-2018
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031