Mobil versiya
Prezident: “Məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır”
Tarix: 05-11-2015 | Saat: 12:46
Bölmə:Seçilənlər-1 / Seçilənlər-6 / Manşet / Karusel | çapa göndər

Prezident: “Məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır”
“Nə vaxt ki, məhkəmə qərarları ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik”


"Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər..."

“Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artıq on ildir ki, Şura fəaliyyət göstərir. Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarıb”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışındakı çıxışında deyib.


Prezident bildirib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir: “Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır”.

Son illər ərzində bu istiqamətdə böyük nailiyyətlər əldə edildiyini bildirən prezident qeyd edib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə gedir: “ Əlbəttə ki, məhkəmələrin şəffaflığı, məhkəmələrin işi burada xüsusi rol oynayır. Verilən məlumata görə, son vaxtlar məhkəmə qərarları ilə bağlı daxil olan şikayətlərin sayı azalır. Bu, onu göstərir ki, qərarların böyük əksəriyyəti ədalətli qərarlardır. Çünki biz daim ictimai rəyi öyrənirik. Həm Prezident Administrasiyasına, həm də digər dövlət orqanlarına gələn müraciətlərə çox diqqətlə baxılır və hər bir şikayət əsasında araşdırma aparılır. Deməyə əsas var ki, son vaxtlar bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır”.

Ölkə başçısı hesab edib ki, görüləcək tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində məhkəmə sistemində şəffaflıq maksimum dərəcədə artırıla bilər.

Dövlət başçısı vurğulayıb ki, son vaxtlar bu sahədə qəbul edilmiş qərarlar, xüsusilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması şəffaflığın təmin olunmasında, həmçinin bürokratik əngəllərin aradan qaldırılmaısnda mühüm rol oynayacaq: “Bir sözlə, məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcək”.

Prezident bildirib ki, hazırda bütün yeni tikilmiş məhkəmə komplekslərində “Elektron məhkəmə” informasiya sistemi quraşdırılır ki, bu da çox ciddi islahatdır: “Çünki məhkəmələrin qərarları ədalətli olmalıdır. Ümumiyyətlə, həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür”.

Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir

“Qərəzli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bir sözlə, məhkəmə-hüquq sistemi maksimum dərəcədə şəffaf olmalıdır. Bu sahədə beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsinin çox böyük mənası var. Çünki inkişaf etmiş ölkələrdə bir çox hallarda biz məhkəmələrin şəffaflığını görürük. Əlbəttə ki, hər bir ölkədə əsassız qərarlar da qəbul edilə bilər. Ancaq bütövlükdə götürdükdə inkişaf etmiş ölkələrdə, Avropa ölkələrində məhkəmə sistemi şəffafdır, ədalətlidir. Bu da demokratik inkişaf üçün çox önəmli bir şərtdir” deyə, prezident bildirib.

Prezident bildirib ki, hər bir ölkədə problemlər, qüsurlar, mənfi hallar var: “Bəzi hallarda biz Azərbaycanda, Avropada mövcud olan vəziyyətlə, qüsurlarla bağlı fikirlərimizi ifadə edirik. Yəni, biz də tənqidə açığıq və hər bir ölkə tənqidə açıq olmalıdır. Heç bir ölkə kamil deyil. Hər bir ölkədə qüsurlar, nöqsanlar var. Son vaxtlar Avropa qitəsində siyasi sahədə, beynəlxalq məsələlərin həllində çox ciddi səhvlər buraxılıbdır. Ancaq hesab edirəm ki, Avropa ölkələrində məhkəmə sistemi nümunə ola bilər. Burada biz bunu açıq deməliyik. Bu müsbət təcrübəni biz Azərbaycanda tətbiq etməliyik. Yəni, bu praktika göz qabağındadır. Burada heç bir şey icad etməyə ehtiyac yoxdur. Sadəcə olaraq işin icrası qəbul edilmiş qərarlarla uzlaşmalıdır. Qəbul edilmiş qərarlar, atılan addımlar düzgün istiqamətdə olmalıdır. Eyni zamanda, bunu qanunvericilik də, Prezident tərəfindən imzalanan sərəncamlar da tənzimləyir. Əsas odur ki, bu, həyatda öz əksini tapsın. Bu qərarların düzgün icrası Azərbaycanda məhkəmə sisteminin şəffaflığını artıracaq və xoşagəlməz hallara qarşı bizim siyasətimizi daha da təsirli edəcək”.

Prezident bildirib ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır: “İnzibati tədbirlər, cəza tədbirləri görülür və görüləcək. Son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq korrupsiyaya, rüşvətxorluğa, qanunsuzluğa yol vermiş şəxslər ciddi şəkildə cəzalandırılır. Çünki cəmiyyətdə heç kim toxunulmaz ola bilməz. Heç kimin immuniteti ola bilməz. Qanun qarşısında hər kəs bərabərdir. Ona görə cəza tədbirləri davam etdiriləcək”.

Prezident qeyd edib ki, sistem xarakterli, institusional islahatların aparılmasına böyük ehtiyac var: “ Biz korrupsiya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün”.

“Hesab edirəm ki, son illər ərzində şəffaflıqla, institusional islahatlarla bağlı atılan addımlar korrupsiya, rüşvətxorluq üçün meydanı böyük dərəcədə daraldıb. Ancaq hələ ki, görüləsi işlər çoxdur və məhkəmə-hüquq sisteminin bu sahədəki fəaliyyəti çox önəmlidir. İlk növbədə, məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Buna yol verilməməlidir. Eyni zamanda, məhkəmə qərarları elə olmalıdır ki, bu böyük bəla ilə bizim mübarizəmiz daha da səmərəli olsun” deyə, prezident vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir: “Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur. Azərbaycanda yaşayan vətəndaşlar bunu gündəlik həyatda görürlər.

Azərbaycanda yüzlərlə mətbu orqan, azad internet mövcuddur. Əhalinin 75 faizi internet istifadəçisidir. Sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. O, başqa məsələdir ki, bəzi siyasi qrupların mitinqlərinə 200-300 adam yığışır. Ancaq fakt budur ki, heç bir məhdudiyyət yoxdur”.

Prezident islahatlardan danışarkən hakimlərin maddi təminatının da son illər ərzində xeyli yaxşılaşdığını qeyd edib: “Nəyə görə? Ona görə ki, normal yaşasınlar. Yəni, dövlət tərəfindən təminat yüksək səviyyədədir, imkan daxilində daha da artırılacaq. Məhkəmə sistemi elə olmalıdır ki, korrupsiyaya, rüşvətxorluğa, ədalətsizliyə qarşı bizim mübarizəmiz daha da təsirli, səmərəli olsun və inkişafımıza mane olan bu əngəllər aradan götürülsün”.

“Buna nail olmaq üçün çox güclü siyasi iradə var - dövlət tərəfindən göstərilən iradə. Eyni zamanda, çox böyük ictimai dəstək var - xalq tərəfindən göstərilən dəstək. O ki qaldı dövlət məmurlarına - vəzifəli şəxslər öz vəzifə borcunu şərəflə yerinə yetirsinlər, nöqsanlara yol verməsinlər, insanları incitməsinlər, əsassız tələblər irəli sürməsinlər. Əfsuslar olsun, biz hələ ki, bu xoşagəlməz mənzərə ilə üzləşirik. Ancaq ədalətli istintaq və ədalətli məhkəmə qərarları, hesab edirəm ki, bu sahədə də ciddi irəliləyişə gətirib çıxaracaq” deyə, dövlət başçısı bildirib.

"Bəzi hallarda sahibkarların əlindən əmlak alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər”
Prezident son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxmasından da danışıb: Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər”.

Prezident vurğulayıb ki, ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir.

"Bəzi hallarda inkişaf etmiş ölkələrdə insanlar siyasi fəaliyyətə görə həbs edilir"

Prezident qeyd edib ki, heç bir cəmiyyət kamil deyil: “ Hər bir ölkədə pozuntular var. Misal üçün inkişaf etmiş ölkələrdə gizli həbsxanalar yaradılmışdır. Bu, neçə il bundan əvvəl böyük bir beynəlxalq qalmaqala çevrilmişdir. İnkişaf etmiş ölkələr, demokratiyanın beşiyi sayılan ölkələr bax, bu işlərlə məşğuldurlar. İnsanlar qanunsuz, məhkəmə qərarı olmadan illərlə həbsxanalarda saxlanılır. Bu, yaraşarmı inkişaf etmiş ölkələrə?! Əlbəttə, yaraşmaz. Bəzi hallarda inkişaf etmiş ölkələrdə insanlar siyasi fəaliyyətə görə həbs edilir, saxlanılır. Bəzi hallarda onları neçə il girov kimi saxlayırlar. Bəzi hallarda inkişaf etmiş ölkələrdə əsassız, ədalətsiz hökmlər çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu varsa, gedir güclü vəkil tutur və məsuliyyətdən boyun qaçırır. Yəni, bu, hər bir ölkədə var. Amma mən istəyirəm ki, Azərbaycanda olmasın. Mən istəyirəm ki, Azərbaycanda hər şey ədalətli olsun. Əminəm ki, siz də bunu istəyirsiniz, Azərbaycan xalqı da bunu istəyir” deyə, prezident vurğulayıb.

Prezident məhkəmə işçilərinin öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklərinə və cəmiyyətdə məhkəmələrin fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacağına əminliyini ifadə edib: “Nə vaxt ki, məhkəmə qərarları ilə bağlı şikayətlər daxil olmayacaqsa, o vaxt biləcəyəm ki, biz artıq istədiyimizə nail ola bilmişik”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024