Mobil versiya
“Seks videolarının sayı 2800-dən çoxdur”
Tarix: 16-06-2016 | Saat: 11:17
Bölmə:Seçilənlər | çapa göndər



MTN-in keçmiş zabiti, "Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun "Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb” açıqlaması cəmiyyətdə ciddi müzakirə obyektidir. Ə.Oruclu bu videokassetlərin sayının 2800 olduğunu və sözügedən rəqəmin ona mötəbər mənbələrdən verildiyini deyib.

"Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev "Yeni Müsavat”a müsahibəsində bu mövzu ilə bağlı geniş danışıb.

- Mehman bəy, bu məlumatın açıqlanması, gizli kasetlərin sayının 2800 olması ilə bağlı deyilənlər cəmiyyətdə niyə belə səs-küy doğurdu. Ümumiyyətlə, bu, cəmiyyəti narahat etməlidirmi?

- Kimlər ki, o işlə məşğuldurlar, onlar narahat olsunlar.

- Necə yəni?

- Yəni kim ki, haqqında kompromatlar olmasından şübhələnir, onlar narahat olmalıdır. Şəxsən mənim üçün bu, olduqca adi bir informasiyadır və məni narahat etmir. Çünki hər hansı gizli, sonradan narahat olacağım işlə məşğul deyiləm. Digər tərəfdən, prinsipcə həmişə nümayiş etdiriblər ki, MTN bununla məşğuldur. Bir sıra jurnalistlərin şəxsi həyatları ilə bağlı videoların üzə çıxarılması, bunların hətta televiziyada göstərilməsi daha öncə baş verib. Əvvəl bu cür kompromatları müxalifətə qarşı yığırdılarsa, indi bir-birinə qarşı yığırlar. Bu proses əsasən 2003-2004-cü ildən başlayıb.

- Bəs 2800 rəqəmi sizə inandırıcı gəlirmi? Mümkündür, sizcə?

- Məncə, əllərində olan videoların sayı 2800-dən də çoxdur. Burda təkcə yüksək vəzifəli məmurlardan, fəallardan söhbət getmir ki. Adi iş adamları da hədəf ola bilər. Bu kompromatları hər bir şəxsə qarşı toplaya bilərlər. Və heç kim istəməz ki, bu, yayılsın. Pul alıb, təzyiq etmək üçün yığdıqları da çox olub. İnsanların kütləvi izlənməsi gedir. Bunun xüsusi qolları, aparatları var. Şəxsi avadanlıqlar quraşdırılıb. Çalışırlar ki, hamını nəzarət altına götürsün. Siyasi mənsubiyyətindən asılı olmayaraq bunu edirlər.

- Necə düşünürsüz, bu informasiyanın indi üzə çıxması nədən xəbər verir?

- Bu informasiyanın sızdırılması o deməkdir ki, Eldar Mahmudov özünü sığortalayır. Ona görə də hamı maraqlı olmamalıdır ki, bu məsələ dərinləşsin, harasa getsin. Əsas məsələ odur ki, bu, faktdır, belə videolar var.

- Bəs üzə çıxarıla bilərmi? Yoxsa blef xarakteri daşıyır?

- Bu, baş verməyəcək bir hadisə deyil. Əgər mövcuddursa, çıxa bilər. Baxır şəraitə. Buna nə təkan verə bilər? Yüz faiz bilirəm ki, belə videolar çəkilib. Şəxsən mənim özüm belə bir cəhdlə qarşılaşmışam. Bir dəfə bir kafedə yanıma polislər gəldilər. Dedilər ki, biz sizi tanıyırıq, gəlin dostluq edək, söhbət edək. Kafenin içindəki yeri göstərib dedilər ki, "burda kabinalarımız da var. Gəlin, istirahət edin. İçəridə duş otağı, hər cür şərait var”. Mən bilirəm ki, bunlar nədir. Əgər elə yerlər varsa, orda izləmə aparatları da quraşdırılıb. Açığı, mən bu işlərlə məşğul deyiləm, ona görə də nə gələn təkliflərə əhəmiyyət verirəm, nə də bu cür video söhbətləri yayılanda narahat oluram.

- Hesab edək ki, bu materialları bir-bir yaymağa başladılar. Sizcə, cəmiyyətdə nə baş verə bilər?

"Şəxsən mən özüm də belə bir cəhdlə qarşılaşmışam”


- Əgər videosu yayılacaq şəxslər vəzifəlilərdisə, onlar istefaya gedə bilərlər. Amma bunun özü də bir qədər müəmmalıdır, qəti şəkildə demək olmur. Çünki daha öncə Samir Şərifovla bağlı informasiya getdi ki, Amerikanın agentidir. Amma nəinki vəzifəsindən çıxarıldı, heç araşdırma da aparılmadı. O, hələ də yerində oturub. Xüsusi xidmət orqanları onu niyə yoxlamadılar? Halbuki onların bu barədə məlumatı var idi. Amma nə təkzib var, nə də başqa bir şey.

- Belə başa düşdüm ki, siz yayıla biləcək videoların hakimiyyətdəki məmurlarla bağlı olacağına daha çox ehtimal verirsiz. Hakimiyyətdaxili ziddiyyətlərin nəticəsi olaraq bu materialların yayılması daha çox mümkündür, sizcə?

- Ümumiyyətlə, son illər ölkədə müxalifət-iqtidar problemi yoxdur. Sonuncu, daha doğrusu, 2015-ci ildəki həbsləri götürəndə aydın olur ki, daha çox iqtidar nümayəndələri, özlərinə yaxın insanlar, iş adamları hədəfdədir. Həmin vaxtdan iqtidardaxili problemlər başlanıb. MTN, Rabitə Nazirliyi, Beynəlxalq Bankda baş verənlər də sübut idi. Amma bunların davamı da ola bilər. İndi ölkədə daha çox iqtidardaxili problemlər var. Cəmiyyətlə iqtidar arasında problem özünü daha çox göstərir Varlı da, kasıb da itirib. Hamı narazıdır. İqtisadi durum göstərir ki, ölkədə hər şey pisliyə doğru gedir. Qarşıda nələr ola bilər? Kompromatlar ikinci dərəcəli problemdir. Əsas məsələ iqtisadi böhran və ondan çıxış yollarının tapılmasıdır. Bu isə iqtidarın problemidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə