Ana Sayfa > Gündəm > Təqsirləndirilən şəxs: "Vidadi Zeynalova hər ay 500 min manat verilirdi"

Təqsirləndirilən şəxs: "Vidadi Zeynalova hər ay 500 min manat verilirdi"


9-12-2016, 15:10. Yazar: admin
Təqsirləndirilən şəxs: "Vidadi Zeynalova hər ay 500 min manat verilirdi"





Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

aia.az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Məhəmməd Məmmədov ifadə verib. O bildirib ki, MDB-də ilk dəfə optikləşdirmə Azərbaycanda həyata keçirilib: "Azərbaycanda elə bölgə yoxdur ki, orada rabitə olmasın. Bütün bunlar burada oturanların xidmətidir. Nəsə səhv olub və biz buradayıq. İstintaqa verdiyim ifadəni təsdiq edirəm".

Daha sonra onun istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində bildirib ki, 2004-cü ildən "Aztelekom" İstehsalat Birliyinin baş direktoru vəzifəsində işləyib:

"2015-ci ildə "Aztelekom" İstehsalat Birliyinin bazasında "Aztelekom" MMC təsis edildi. Cəmiyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qrumu olduğundan MMC-nin fəaliyyətinə nazirliyin rəhbərliyi, yəni nazir Əli Abbasov, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, aparat rəhbəri Vidadi Zeynalov nəzarət edirdilər.

İltimas Məmmədov texniki məsələlərə, Elmir Vəlizadə informasiya texnologiyalarına, Vidadi Zeynalov isə maliyyə məsələlərinə nəzarət edirdi.

"Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmov nazirliyin nomenklaturası olduğuna görə o, birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Baş mühasibin işə qəbulu, işdən azad olunması, məzuniyyət və ezamiyyət əmrləri birbaşa nazirlik tərəfindən verilirdi. Vidadi Zeynalov Oqtay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pul toplayıb ona təqdim etsin. Oqtay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay stabil olaraq 500.000 manat, 2014-2015-ci illərdə isə aylıq 200.000 manat pul verilib. Qeyd edilən vəsaitlər Oqtay Rüstəmov tərəfindən nağd olaraq toplanıb, həmin proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyətlərim yox idi. Sadəcə olaraq, cəmiyyətin baş direktoru kimi gedən proseslərdən məlumatım olurdu".

Sabiq baş direktor ifadəsində bildirib ki, RYTN-ə tabe olan struktur qurumlardan beynəlxalq trafik mübadiləsini təşkil edən "Azintelekom" MMC olub:

"Beynəlxalq telefon danışıqlarının mübadiləsi "Azintelekom" MMC ilə "Aztelekom" MMC-nin arasında bağlanmış qarşılıqlı hesablaşma müqaviləsi əsasında həyata keçirilib. Müqavilənin şərtlərinə görə, xarici dövlətlərdən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən "Aztelekom" MMC-nin abunəçilərinə daxil olan telefon zənglərinə görə "Azintelekom" MMC "Aztelekom" MMC-yə, "Aztelekom" MMC-nin telefon abunəçilərindən xarici dövlətlərə edilən zənglərə görə isə "Aztelekom" MMC "Azintelekom" MMC-yə ödənişləri həyata keçirib. Beynəlxaq danışıq trafikinə görə xidmət göstərdiyi üçün "Azintelekom" MMC-dən "Aztelekom" MMC-nin hesabına aylıq 1.000.000-2.000.000 manat arası vəsait köçürülüb. "Azintelekom" MMC-nin hesabından köçürülən vəsait birbaşa və ya dolayı yolla Vidadi Zeynalova ödənilib. Belə ki, Vidadi Zeynalov baş mühasib Oktay Rüstəmova göstəriş verdiyi üçün "Azintelekom" MMC-dən daxil olan vəsait onun dediyi müəssisələrə köçürülüb.

Podratçı təşkilatların hesabına köçürülmüş vəsaitlərin müəyyən hissəsi, vəsaitlərin əsas hissəsi isə "Optik Rabitə Montaj", "Optik Rabitə Tikinti və Quraşdırma", "Rabitəçi İstirahət Bazası", "Qafqaz-S İnşaat" və "Komplas" MMC-lərin hesablarına köçürülməklə, müxtəlif müqavilələr əsasında nağdılaşdırılaraq Oktay Rüstəmovun vasitəsi ilə Vidadi Zeynalova verilib. Bütün ödənişlər bank hesabları vasitəsi ilə köçürülürdü. "Aztelekom" MMC-nin bank hesabı "Kapitalbank" ASC-nin Rabitə filialında olub.

"Aztelekom" MMC kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə olan digər struktur qurumlarının rəhbərləri tərəfindən aparat rəhbəri Vidadi Zeynalova aylıq vəsait vermələrini eşidirdim, həmin ödənişlərin hansı məbləğ təşkil etməsini bilmirdim".
Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyənləşib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom" MMC, "AzİnTelekom" MMC, "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qəti imkan tədbiri seçilib.

aia.az
Geri dön