Ana Sayfa > Seçilənlər-5 > Axmaq canavarın nağılı

Axmaq canavarın nağılı


20-06-2016, 12:07. Yazar: admin


-Ata,mənə yenə nağıl danış.

-Qızım,bu gün yorulmuşam,bəlkə sabah danışım?

-Yox ,ata,nə olar,bu gün danış.

-Yaxşı, qızım,onda qulaq as...

Balaca qız atasının qucağında yerini rahatladı.Maraqla dinləməyə başladı.

Ata kətilin üstündə oturub,qızını qucağına sıxmışdı.

- Biri vardı,biri yoxdu.Keçmiş zamanlarda uzaq bir məmləkətdə hiyləgər bir tülkü vardı. Bu tülkünün qonşuluğunda axmaq bir canavar yaşayırdı.Onun üç dənə toppuş ,şirin balası vardı.Tülkünün gözü çoxdan canavarın balalarında idi. Amma onları necə yeyəcəyini bilmirdi. Canavardan qorxurdu.

Tülkü az fikirləşdi,çox fikirləşdi,bir molla əbası,bir dənə də molla əmmaməsi tapıb geyindi.Əlinə də bir əsa alıb gəlib canavarın qapısının ağzında o yana,bu yana gəzməyə başladı.

Canavar tülkünü görüb dedi:

-Salam,tülkü qardaş,nə var,nə yox?

Tülkü qəzəblə:

-Tülkü sənin özünsən,əzizlərindi.Mənə çoxdandır Molla Xudaverdi Əfəndi deyİrlər.Mən müəllimlik edirəm.Uşaqlara savad öyrədirəm.

Canavar uşaq kimi sevindi:

-Nə yaxşı oldu,elə mən də neçə vaxtdır düşünürəm uşaqlarıma müəllim tutum bilik öyrənsinlər,savadları olsun böyüyəndə çətinlik çəkməsinlər.Tülkü ürəyində kələyinin baş tutduğuna sevindi.

-Nə olar, sabah uşaqlarını və onlar üçün yemək də götür gəl Süsən dağın ətəyinə.

Canavar çox şad oldu.Sevinə-sevinə dedi:

-Onda gedim yır-yığış edim.Canavar evə gəldi.Balalarına paldan-paltardan yığışdırdı.Yerdən-yeməkdən hazırladı.Uşaqlarını çimizdirdi.O üzündən,bu üzündən öpdü.

Sübh tezdən yola çıxdı. Üç balasını və bir dənə də yekə qoyunu götürüb dərələrdən sel kimi,təpələrdən yel kimi düz tülkünün dediyi yerə-Süsən dağına gəldi.

Tülkü o qədər sevinirdi ki,hövsələsizlik edib bir az da canavarın qabağına gəlmişdi.Elə ki, canavarın körpə balalarını və qoyunu gördü,gözündə sevincdən şimşəklər çaxdı.

Tülkü canavarı və balalarını gülə-gülə qarşıladı.Onlara yer göstərdi, oturdular.

Canavar soruşdu:

-Ay Molla Xudaverdi Əfəndi. Mən nə vaxt gəlim balalarımı görüm?

Tülkü dedi:

-Sən tez-tez gəlsən balaların dərs oxumazlar.Bir həftə sonra gələrsən .Gələndə özünlə bir dənə də dana gətir.Uşaqlar yaxşı qidalansınlar ki,yaxşı da oxusunlar. Canavar sağollaşıb evinə getdi.

Tülkü canavar gedən kimi əbasını,əmmaməsinin hərəsini bir yana atdı. Canavarın balalarına hücum etdi.Üç günün içində canavarın balalarının üçünü də yedi.Başlarını da yuvanın bir küncünə atdı. Bir həftənin tamamında tülkü gördü ,ki budu canavar gəlir,bir dənə də dananı qatıb qabağına gətirir.

Tez əbasını geyindi ,əmmaməsini başına qoydu.Üzünə ciddi görkəm verdi.Canavar salam verib əyləşdi.Dananı gətirincə çox əziyyət çəkmişdi.Tülkü canavarın altına döşək atdı.Qabağına çay,yemək qoydu:

-Ye ,yorulmusan, dedi.

Canavar:

-Sağ ol,ay Molla Xudaverdi Əfəndi.Mən ən şox balalarım üçün darıxmışam.

Tülkü cavabında:

-Bilirəm , çox darıxmısan,amma bir az dözməli olacaqsan. Uşaqlar idman yarışmasına gediblər.Gələn həftə gələndə mütləq görüşərsiniz. Dərslərini də maşallah çox yaxşı oxuyurlar.

Canavarın ürəyi sıxıldı,ancaq başqa carəsi yox idi.Durub sağollaşıb kor-peşiman geri qayıtdı.Canavar olsa da anadır axı, nədənsə narahatlıq hissi keçirdi

O ,gedən kimi tülkü yenə də əbasını,əmmaməsini- hərəsini bir yana atıb danani parçaladı.Düz bir həftə dananın ətindən yeyib yatdı.Tülkü heç yuvadan bayıra da çıxmırdı Elə dananın ətindən yeyib başını atıb yatırdı.Əməlli –başlı kökəlmişdi.

Artıq vaxt çatırdı.Canavar gələcəkdi.Tülkü əvvəlcə canavarın balalarının başını,sonra qoyunun başını,ən axırda da dananın başını yuvanın qarşısına düzdü. Yola düzəlib çıxıb Şərikana tərəf getdi.

Canavar erkəndən durdu,əlinə gələndən yığıb yola düşdü. Ürəyində balaları ilə söhbət edir,onları öpür,dərslərini necə oxumaqları ilə maraqlanırdı.

Belə düşüncələrlə yuvaya nə vaxt çatdığını heç özü də bilmədi.Birdən başını qaldııranda dəhşətli bir mənzərə ilə qarşılaşdı.Yuvanın qarşısında balalarının başlarını gördü.Canavar bir başına döydü,bir ayağına döydü.Anladı ki,tülkü ona kələk gəlib.Amma çox gec idi.Ürəyində tülküyə dərin qəzəb hissi oyandı.Balalarının başına and içdi ki,dünyanın harasında olsa belə tülkünü tapıb parça-parça edəcək.

Hə, əziz uşaqlar indi sizə kimdən danışım,kimdən danışmayım tülküdən.Tülkü tez köhnə yuvasından uzaqlaşdı.Getdi-getdi birdə gördü ki qarşısında böyük bir kənd və yiyisiz üzüm bağı var.Bağda o qədər üzüm var ki, nə qədər yesən qurtarmazdı.Bağın bir tərəfi qara,bir tərəfi ağ üzümlərlə dolu idi.Tülkü çox gözətlədi ,gördü ki,bağda heç kəs yaşamır,yiyəsizdir.Kəndin camaatı buranı çoxdan tərk etmişdi.Tez bağa girib qapını içəridən bağladı. Orada yaşamağa başladı.

Canavar tülkünün izinə düşüb qaraba-qara, bu kənd sənin o kənd mənim,bu təpə sənin,o təpə mənim o qədər gəzdi ki,lap əldən düşdü.Bir bağın ətrafında çöməldi ki,dincini alsın.Elə təzəcə oturmuşdu ki,bir də nə görsə yaxşıdı? Onun balalarını yeyən tülkü budu əlində bel bağı suvarır.

Elə sevindi ki,bəlkə də ömründə belə sevinməmişdi.Cəld tülkünün üstünə atıldı.Tülkü kənara hoppandı.

-Aha,məni aldatdın,balalarımı yedin.İndi əlimdən qurtara bilməzsən.Tülkü bic-bic güldü:

-Sən nə danışırsan,nə bala-mala? Mən neçə illərdir bu kənddə yaşayıb bağbanlıq edirəm.Qapıdan belə çölə çıxmıram.Səni də birinci dəfədi görürəm.

-Necə yəni, sən mənim balalarımı yeyən tülkü deyilsən?

-Tülkü yağlı dilini işə saldı:

-Hə, bildim səni kim aldadıb.Sən deyən tülkünü mən yaxşı tanıyıram.O tülkünün nəsli-kökü yalançıdır.Gəl,gəl o qədər ac-susuz qalmısan ki,başını itirmisən.Otur bir az çaydan çörəkdən ye,özünə gəl.Sonra mən sənə o tülkünün yerini göstərərəm,gedib qisasını alarsan.Axmaq canavar tülkünün şirin dillərinə inandı.

-Düz deyirsən,mən dərddən lap başımı itirmişəm.

Tülkü tez canavarın qabağına çay-çörək qoydu.Altına döşək saldı.

-Uzan, dincini al,bəlkə dərdlərini bir az unudasan.Ürəyində isə canavarın sadəlövlüyünə gülürdü.

Bir neçə vaxt keçdi.Canavar üzümdən yeyib özünə gəldi.Bir gün üzümün kölgəsində tülkü ilə canavar oturub çay içirdilər.Canavar dedi:

-Tülkü qardaş,sağ ol,var ol.Daha vaxtdır,mən gedim,o yaramaz tülkünü tapıb cəzalandırım.

Tülkü dedi:

-Hə,nə olar,amma bir iş var.Orada çoxlu çoban itləri var.Onlar səni parça-parça edərlər.Gəl, gir bu səbətin içinə.Səni alıb dalıma aparım.Ora çatanda səbətdən səni çıxardaram,gedib işini görərsən.Canavar razılaşdı.Tülkü onu səbətə salıb ağzını da möhkəm-möhkəm hördü.

Tülkü canavarı təpənin başına çıxartdı.Təpənin döşündə çobanlar qoyunlarını otarırdılar.Tülkü canavarı yuxarıdan aşağı diyirlədi və çobanları harayladı:

-Ehey çobanlar,sizin qoyunlarınızı parçalayan canavar səbətin içindədi.Bunu eşidən çobanlar itləri qısqırdılar.İtlər səbətin üstünə hücum çəkdilər.Bir yandan da çobanlar.Nə yemisən,turşulu.O qədər canavarı döydülər ki,yazıq canavar güclə qaçıb canını qurtardı.

Canavar bir təhər çobanların və onların itlərinin əlindən qaçıb özünü köhnə bir oyuğa saldı.Düz iki ay xəstə yatdı.Bir təhər yaralarını yalayıb sağaltdı.Başa düşdü ki,tülkü yenə ona kələk gəlib.Özünə söz verdi ki,bu dəfə aldanmayacaq.Gedib kələkbaz tülkünü tapıb cəzalandıracaq.

Canavar yenə də yolun ucundan tutub tülkünü axtarmağa başladı.

İndi sizə kimdən deyim,kimdən deməyim tülküdən.Tülkü başa düşdü ki,daha burada qala bilməz.Canavar gəlib onu tapacaq.Ona görə də üzüm bağını tərk etdi.Dərələrdən sel kimi,təpələrdən yel kimi ,dəryayi bidad kimi gəlib bir dəyirmana çatdı.

Tülkü bir dəyirmanın o tərəfinə,bir bu tərəfinə keçdi.Diqqət yetirib gördü ki,vallah bu dəyirmanda heç kim yaşamır.Ehtiyatla dəyirmanın içinə girdi.Tülkü burada dəyirmançılıq edib yaşamağa başladı.Ununu üyüdür,fətirlərdən bişirib yeyirdi.Kefi kök ,damağı çağ yaşayırdı.

Tülkü dəyirmanda yaşamaqda olsun,indi sizə kimdən deyim ,kimdən deməyim canavardan.Canavar bu dəfə də balalarının başına and içdi:

-Gedib haralarda olsa belə o tülkünü tapıb parça-tikə edəcəm.Balalarımın hayıfını alacam.

Bu fikirlərlə canavar yenidən hiyləgər tülkünü axtarmağa başladı.

Az getdi,çox getdi,dərələrdən sel kimi,təpələrdən yel kimi nəhayət gəlib hımin dəyirmanın yanına çatdı. Acından ölürdü.Həm də yaman yorulmuşdu.Fikirləşdi ki,dəyirmançıdan xahiş edim mənə bir gecəlik yer versin,bir az dincəlim.

Bir də nə görsə yaxşıdı.Həmin onu aldadan tülkü budu dəyirmanda dəyirmançılıq edir.Çox götür-qoy etdi ki,tülkünü necə məhv etsin?Birdən tülkünün üstünə atıldı:

-Aha,yaxşı əlimə keçdin.Ay yassar tülkü.Bu dəfə əlimdən qurtarmayacaqsan.Səni parça-parça edəcəm.Hər parçanı bir təpəyə atacam.Qurda-quşa yem edəcəm.

Tülkü cəld kənara sıçradı.Yenə özünü o yerə qoymqdı.

-Sən nə demək istəyirsən,başa düşmədim? Sən məni kiminləsə səhv salırsan.Mənim atam da, babam da bu dəyirmanda dəyirmançılıq edib.Bizə Dəyirmançı tülkülər deyərlər.Ətrafda hamı bizim nəslimizin zəhmətkeşliyinə hörmət edir. Əyləş,deyəsən sən xəstəsən,dərdlisən,dərdini danış görüm,başına nə işlər gəlib?

Axmaq canavar bu dəfə də aldandı.Başına gələnləri bir-bir tülküyə danışdı.Tülkü canavar danışdıqca göz yaşları axıdırdı. O biri tülküləri lənətləyirdi.Başına –gözünə döyürdü.

-Necə olub sən fırıldaqçı tülküyə aldanmısan? Hamı onları yaxşı tanıyır.Onların nəsli- kökü elədi.Ətraflardakıları aldada –aldada gəzirlər.Sən bir-iki gün dəyirmanda qal,özünə gəl,çaydan iç,fətirdən ye,sonra yoluna davam et.

Canavar razılaşdı. Tülkünün yanında qaldı.Hərdən tülküyə kömək edir,yeyib-içib yatırdı.Tülkü isə gecə-gündüz canavarı məhv etmək barədə düşünürdü.

Bir gün tülkü dəyirmanın daşını qaldırıb canavarı çağırdı.Gəl, bax gör üyüdülməmiş buğda çox qalmayıb? Axmaq canavar əyilib dəyirman daşının altına baxanda tülkü dəyirmanın daşını buraxdı.Canavarın başı əzildi.Beləliklə ,hiyləgər tülkü həm canavarı,həm də onun balalarını məhv etdi.

Axmaqların axırı həmişə belə olur.Gərək həmişə öz ağlına etibar edəsən ki,sənin də başına buna oxşar əhvalat gəlməsin.

Göydən üç alma düşdü.Biri mənim,biri nağılı danışanın,biri də nağılı dinləyənlərin.Hə,əziz balalar,nağılı bəyəndiniz?

Bəlkə sualınız var? Onda Şəcahan Ramazanovaya müraciət edə bilərsiniz.Yeni nağıllarda görüşənədək!


Geri dön