Ana Sayfa > Manşet > Dünya şöhrətli alim-oftalmoloq

Dünya şöhrətli alim-oftalmoloq


28-04-2016, 13:07. Yazar: admin
Dünya şöhrətli alim-oftalmoloq


Dünya tarixində elə şəxsiyyətlər var ki, onlar professional sənətləri, xalqa, vətənə göstərdikləri əvəzsiz xidmətləri ilə yanaşı, həm də mənəvi varlıqları, insansevərlikləri, yüksək erudisiyaya malik təxəyyülləri, mənəvi keyfiyyətləri ilə də bəşəriyyətə sevinc dolu xoş əhval-ruhiyyə, nikbinlik, gələcəyə inam hissləri bəxş edə bilirlər. Onlar insanların dünyanın hansı ölkəsində yaşamalarından, dini mənsubiyyətlərindən, siyasi baxışlarından asılı olmayaraq hamıya eyni rəğbət hissləri ilə yanaşır, nikbin duyğular aşılamağı bacarırlar. Yüksək elmi dəyərlərin və insani keyfiyyətlərin ali vəhdətini özündə cəmləşdirə bilən belə şəxsiyyətlərdən biri də dünya şöhrətli alim-oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyeva idi.

Azərbaycanın nurlu övladı, şəfqət timsalı olan Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də ata-baba yurdu olan İrəvanda deyil, Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmışdı. Təbii ki, ilk illərdə ermənilərin onun əzizlərinin, doğmalarının başına gətirdikləri soyqırımı faktlarından xəbərsiz idi. Bilmirdi ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırımından sonra onun dədə-baba torpaqlarından zorla deportasiya edilən ailəsinə qovuşmaq üçün Sankt-Peterdurq Tibb Akademiyasındakı təhsilini yarımçıq qoyan atası Əziz Əliyev həmin ildən 1923-cü ilin may ayına qədər əvvəlcə Cənubi Azərbaycanın Ərəblər kəndində, sonra Naxçıvan torpağının Şahtaxtı kəndində məskunlaşmaq məcburiyyətində qalmışdı. Ancaq Zərifə Əliyevanın dünyaya gəlişi düşərli oldu və Əliyevlər ailəsinə sanki işıq, nur seli axmağa başladı. Ailə bir neçə gündən sonra Naxçıvandan Bakıya köçdü. Öz fitri istedadı, bacarıq və qabiliyyəti ilə hamının diqqətini cəlb edən Əziz Əliyev Bakıda müvafiq işlə təmin edilməklə yanaşı, Sankt-Peterburqda yarımçıq qalan ali tibb təhsilini davam etdirmək məqsədilə Bakı Dövlət Universitetinin tibb fakültəsinə qəbul olundu və oranı əla qiymətlərlə başa vurdu.

O zaman Zərifə Əliyeva orta məktəbdə oxuyarkən paralel olaraq musiqi məktəbində də təhsil alırdı və bu sahədə öz istedadı ilə müəllimlərinin diqqətini cəlb edirdi. Müasirlərinin dediklərinə görə, Zərifə xanımın gözəl musiqi duyumu var idi. Əgər o, tibbi deyil, musiqi sahəsini seçsəydi, heç şübhəsiz ki, bu sahədə də böyük uğurlara sahib olacaqdı. Necə ki, bunu ailənin kiçik övladı, əməkdar incəsənət xadimi, musiqişünas, "Dan ulduzu" ansamblının yaradıcısı və ifaçısı Gülarə xanım Əliyeva edə bilmişdi.

Əziz Əliyev övladlarının heç birinin peşə seçiminə müdaxilə etməmişdi. Zərifə xanımın peşə seçimində isə ola bilsin ki, ondan iki yaş böyük olan qardaşı Tamerlan Əliyevin müəyyən rolu olmuşdu. Çünki o, orta məktəbin son siniflərində oxuyanda sonralar əməkdar elm xadimi, kafedra müdiri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş terapevti olan Tamerlan Əliyev artıq Azərbaycan Dövlət Tibb İnstitutunun tələbəsi idi və "Stalin təqaüdü"nə layiq görülmüşdü. Zamanın sonrakı gərdişləri göstərdi ki, Zərifə xanım Əliyeva özünün qətiyyəti, insanlara münasibəti, qəlbinin şəfqəti ilə sanki yalnız həkim olmaq üçün yaranıbmış. Bu istiqamət nəhayət ki, onu da Azərbaycan Dövlət Tibb İnstitutuna gətirib. Zərifə Əliyevanın ilk ali təhsil illəri qanlı-qadalı II Dünya müharibəsi dövrünə təsadüf edib. Keçmiş SSRİ-nin hər yerində olduğu kimi, Azərbaycanda da arxa cəbhədə böyük çətinliklər yaşanırdı. Belə çətinliklərdən biri də ondan ibarət idi ki, Zərifə xanımın atası həmin dövrdə ailəsindən uzaqlarda - Dağıstan Muxtar Respublikası Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışırdı. Öz çalışqanlığı, fitri istedadı ilə seçilən Zərifə Əliyeva müharibə qurtarandan iki il sonra - 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini əla qiymətlərlə bitirib tibbin ən vacib sahələrindən olan oftalmologiyanı seçdi.

Xatirimdədir ki, akademik Zərifə Əliyeva 1976-cı ildə Q.Helmqolts adına Moskva Dövlət Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərində görmə üzvünün vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edəndə mən ulu öndər Heydər Əliyevin gənclərin təhsilinə göstərdiyi qayğıdan bəhrələnərək SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasında təhsil alır, namizədlik dissertasiyası müdafiə etməyə hazırlaşırdım. Eyni vaxtda mənimlə birlikdə Zərifə xanımın kiçik qardaşı - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin indiki baş direktoru akademik Cəmil Əliyev də Moskvada doktoranturada təhsil alırdı və biz ailəliklə bir-birimizlə sıx əlaqə saxlayırdıq. Həmin dövrdə Zərifə xanımın vətəndən uzaqlarda doktorluq dissertasiyası müdafiə etməsi, Moskvada tibb elmi sahəsində çalışan bütün azərbaycanlı həkimləri, elmi işçiləri ürəkdən sevindirmişdi. Zərifə xanımın doktorluq dissertasiyası müdafiəsindən sonra Moskvada tibb elmi sahəsində çalışan azərbaycanlı gənclərin hamısı ondan danışırdı. Görkəmli alimin parlaq çıxışı, opponentlərin və iştirakçıların suallarına verdiyi məntiqli, dolğun cavabları SSRİ paytaxtındakı, beynəlxalq aləmdə tanınan alimləri də məftun etmişdi. Oftalmologiya üzrə keçmiş Sovet İttifaqı məkanından kənar ölkələrdə də böyük nüfuz sahibi olan rus alimlərindən Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri, əməkdar elm xadimi, dövlət mükafatı laureatı A.Nesterov, Oftalmologiya və Radiologiya Mərkəzinin rəhbəri, dövlət mükafatı laureatı, professor A.Brovkina və başqaları Zərifə Əliyevanın doktorluq işinin nəticələrini yüksək qiymətləndirərək, bu əsərin dünya oftalmologiya elmində yeni yollar, yeni istiqamətlər açdığını böyük məmnunluq hissi ilə qeyd etmişdilər.

Mən 1977-ci ildə Moskvadakı Ümumittifaq Onkoloji Elmi Mərkəzində namizədlik dissertasiyası müdafiə etdikdən sonra akademik Zərifə xanımın alim böyüklüyünü daha aydın şəkildə təsəvvürümdə canlandıra bildim, onun elmin çətin yollarındakı maneələri necə cəsarətlə dəf etdiyinin şahidi oldum. Xatırlayıram ki, akademikin o zamanlar Moskvanın elm məbədlərində qazandığı uğurlar buraya Azərbaycandan gələrək elmi işlə məşğul olan bütün gənc kadrların yollarına işıq saçdı və əsl elmi məktəb oldu. Elm aləmində ilk kövrək addımlarını atan gənclər üçün belə bir məktəbin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini, onlara hərtərəfli dayaq olduğunu öz üzərlərində daha aydın hiss edirdilər.

Akademik Zərifə Əliyevanın araşdırdığı tədqiqatlar sadəcə, alimin dissertasiya müdafiəsini yerinə yetirmək xatirinə edilməyib. Hadisələrin təhlili göstərir ki, o, ilk növbədə, dövrün, zamanın nəbzini tutmağı bacarıb və xalqının, millətinin sağlamlığının qorunması kimi qlobal məsələləri ön plana çəkib. Zərifə xanım əvvəl Azərbaycan xalqının məruz qaldığı və epidemiya törədə biləcək infeksion göz xəstəliklərinin, müxtəlif peşə xəstəliklərinin görmə orqanında yaratdığı fəsadların aradan qaldırılması üçün geniş tədbirlər planı hazırlayırdı. Onun sosial sferada, tibb aləmində əldə etdiyi nəticələr sonralar özü-özlüyündə elmi-tədqiqat işlərinə çevrilirdi. Zərifə Əliyevanın götürdüyü mövzuların məğzində həm də dövlət əhəmiyyətli məsələlər dururdu. Bu, belə də olmalı idi. Çünki Zərifə xanım dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmış, bu ailənin tərbiyəsi ilə böyümüşdü. Ailə qurduqdan sonra isə dünyanın ən məşhur siyasətçiləri sırasında öncül yerdə dayanan dahi Heydər Əliyevlə birgə şərəfli ömür sürüb. Ona görə də Zərifə xanımda yalnız ona xas olan spesifik xüsusiyyətlər cəmləşmişdi və bu xüsusiyyətlərin də məğzində xeyirxahlıq, ədalət, mərdlik dururdu.

Zərifə Əliyeva 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müvəffəqiyyətlə bitirdikdən sonra həkimlik təcrübəsində ən vacib peşələrdən sayılan oftalmologiya ixtisasını seçib və bu sahədə mütəxəssis kimi yetişməsi üçün ali məktəbi bitirdikdən sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə mükəmməl ordinatura kursu keçib. Bu illər ərzində Zərifə xanımı düşündürən ən mühüm dövlət əhəmiyyətli elmi problemlərdən biri Azərbaycanda təhlükəli vəziyyət yaradan traxoma xəstəliyinin yayılmasının qarşısının alınması, onun müalicəsi və profilaktikası üsullarının işlənib hazırlanması məsələləri idi. Vətən övladları üçün ciddi təhlükə törədən bu qlobal məsələ Zərifə xanımı rahat buraxmırdı. Eyni zamanda, ona bəlli idi ki, 1941-1945-ci illər müharibəsindən əvvəlki dövrdə Azərbaycanda tüğyan edən traxoma xəstəliyinin qarşısını almaq üçün təşkil edilmiş xüsusi səhiyyə işçiləri komissiyasına atası Əziz Əliyev rəhbərlik etmişdi.

Doğrudur, o vaxtlar bu komissiya çox fədakar işlər aparmış və Azərbaycanda traxoma epidemiyasının yayılmasının qarşısı alınmışdı. Lakin II Dünya müharibəsindən sonrakı illərdə bu xəstəlik Azərbaycanda yenidən baş qaldırmışdı və insanlarda ağır fəsadlar törədərək görmə qabiliyyətindən məhrumluğa, əmək qabiliyyətinin itirilməsinə, gözdən əlillərin sayının kütləvi surətdə artmasına səbəb olurdu. Həkimlərin qarşısında sosial dilemma kimi dayanan bu problem Zərifə xanımın diqqətini daha çox cəlb edirdi və o, belə patologiyalardan əzab çəkən insanlara ixtisaslaşmış həkim yardımı göstərmək üçün bütün imkanlarını səfərbər edərək bu işin icrasına başlamışdı.

Zərifə Əliyevanın belə ağır bir problemin həllinə girişməsi də onun insansevərliyindən, vətənpərvərliyindən irəli gəlirdi. O, bununla həm də atasının bir vaxtlar başladığı nəcib işləri davam etdirərək həyata keçirmək istəyirdi. Bu məqsədlə o, institutu bitirdikdən sonra Moskvaya gedib və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olub, praktiki vərdişlərə yiyələnib, oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçib. İki ildən sonra vətənə qayıdan, Z.Əliyeva 1949-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin möhkəm bünövrəsi qoyulub. Xalqın sağlamlığının vacibliyini ön plana çəkən gənc alim ölkəmizi bürümüş yoluxucu göz xəstəliklərinin qarşısını almaq və bu xəstəliklərin ləğvinə nail olmaq üçün yollar axtarırdı. O dövrdə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, bunun nəticəsində 80 milyon insan kor olmuşdu. O dövrdə traxoma xəstəliyinin müalicəsinə zəmin yarada biləcək o qədər də güclü təsirə malik dərman preparatları hələ mövcud deyildi. Gənc tədqiqatçı Zərifə xanım Əliyevanın başlıca məqsədlərindən biri Azərbaycanda traxoma xəstəliyinin diaqnostikası, epidemiologiyası, müalicə və profilaktikasını vaxtında və yetərincə həyata keçirməkdən, bu prosesin elmi istiqamətlərini müəyyənləşdirərək səhiyyə praktikasına tətbiqini reallaşdırmaqdan ibarət olmuşdur.

Alim Azərbaycanın rayonlarına gedib göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirir, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırır, əhaliyə öz məsləhətlərini verir, bir sıra göz xəstəliklərinin profilaktika və müalicəsi haqqında maarifləndirici söhbətlər keçirirdi. Alim traxomanın müalicəsində o dövrün güclü antibiotiklərindən hesab edilən sintomitsindən isifadə edir və uğurlu nəticələrə nail olurdu. Dəyərli elmi kəşflərdən sayılan Zərifə Əliyeva üsulunun kompleks profilaktik tədbirlərlə birlikdə praktik səhiyyədə geniş tətbiqindən sonra traxoma xəstəliyinin müalicə və profilaktikasında əsaslı dönüş yaranır, xəstəliyin yayılmasının qarşısı alınır və bu da tədricən ölkə əhalisi üçün təhlükə törədən ağır infeksion xəstəliyin ləğvinə gətirib çıxarır. Yalnız bundan sonra Zərifə xanım dissertasiya müdafiəsi etmək qərarına gəlir və səhiyyə praktikasında göz önündə olan pozitiv reallıqlar əldə edərək 1959-cu ildə yerinə yetirdiyi elmi istiqamətlərinin nəticələrinə əsasən "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edir və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülür.

Zərifə Əliyeva apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə daim elmi ictimaiyyətin diqqət mərkəzində olub. O, 1960-1967-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq, fəaliyyət göstərdiyi elm ocağında oftalmologiya elminin bütün sahələrinin inkişafına yaxından kömək göstərib. Alimin xidmətləri yüksək qiymətləndirilib və SSRİ Ali Attestasiya Komissiyası 1963-cü ildə Moskvaya göndərilmiş təqdimat əsasında onun oftalmologiya ixtisası üzrə "Böyük elmi işçi" adını təsdiq edib.
Akademik əhali arasında göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasını düzgün təşkil etməklə yanaşı, yeni laboratoriyalar yaradıb, insan sağlamlığı amilini daim ön plana çəkib. Yalnız Bakıda deyil, Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Əli Bayramlı (indi Şirvan), Salyan və respublikanın digər şəhər və rayonlarında zərərli iş şəraitlərinin törətdikləri göz xəstəliklərini, eləcə də insan orqanizminin digər xəstəliklərini aşkar edib, həm xəstələrin müalicəsinə, onların iş yerlərində mövcud olan mənfi təsirlərdən qorunmalarına, həm də əmək müəssisələrinin ekologiyasına hərtərəfli diqqət yetirib, onlarda ekoloji prinsiplərə riayət edilməsi konsepsiyalarının həyata keçirilməsi yollarını göstərib.

Akademik Zərifə Əliyeva yerinə yetirdiyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək səviyyədə aparırdı. 1967-ci ildən etibarən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında pedaqoji fəaliyyətə başlayaraq, əvvəlcə kafedranın dosenti, sonra professoru, daha sonra isə həmin kafedranın müdiri vəzifələrini yerinə yetirib, həkimlərin diplomdansonrakı hazırlıqlarının tədris-metodiki göstərişlərə və digər tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaradıb. Onun Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri üzrə təkmilləşmə kursu keçən həkimlərlə apardığı mühazirə və təcrübə məşğələlərinin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktiki vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi və s. təşkil edirdi.

Zərifə xanım Əliyeva ADHTİ-də çalışarkən ilk illərdən görmə orqanının patologiyasına xüsusi diqqət yetirib, zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil edib, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərini aşkar edərək, belə xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi ilə ciddi məşğul olub. Peşə amilli etiologiyaya malik göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını aşkar etmək üçün Bakı Şin zavodunda, neft-kimya və yod sənayesi müəssisələrində, Sumqayıt "Üzvi sintez" İstehsalat Birliyində, Mingəçevir "İzolit" və rezin-texnika məmulatı zavodlarında, Gəncə gil-torpaq kombinatında və digər obyektlərdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri, onların etio-patogenezini diqqətlə öyrənib, zərərli peşələrin törətdikləri göz xəstəliklərinin yaranma mexanizmini elmi surətdə əsaslandırıb, onların qarşısını almaq üçün əməli tədbirlər görüb.

Görkəmli alimin aktual problemin həlli yollarında apardığı səmərəli işlər tezliklə öz bəhrəsini verib və o, qeyd etdiyimiz kimi, bu mövzuda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsini alıb.

Doktorluq dissertasiyası müdafiəsindən bir qədər sonra akademik Zərifə xanımın ADHTİ-də müsabiqə yolu ilə professor vəzifəsinə seçilməsi və qısa müddətdə bu elmi adın təsdiqi alimin gənc kadrların hazırlığı istiqamətində gördüyü işlərin yeni mərhələsinin başlanmasına zəmin yaratmışdır.

1977-ci ildə Bakıda professor Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti idarə heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir müstəsna keyfiyyətinin mükəmməl təşkilatçılıq bacarığının üzə çıxmasına imkan yaratmışdır. Plenumun işində SSRİ-nin müxtəlif yerlərindən dəvət olunmuş mütəxəssis-oftalmoloq alimlərin iştirakı təmin olunmuşdur. Plenumun ardıcıl plana müvafiq şəkildə aparılan bütün parametrlərinin gözlənildiyindən də yüksək səviyyədə keçirilməsi Zərifə Əliyevanın timsalında Azərbaycan qonaqpərvərliyinin təzahürünə çevrildi. Bakıda ilk dəfə olaraq belə bir Ümumittifaq miqyaslı plenumun təşkili Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan verdi. Plenumda akademik Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması haqqında təklif irəli sürdü və iştirakçılar yekdilliklə bu təklifi müdafiə etdilər. O, 1979-cu ildə Bakı Məişət Kondisionerləri Zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun "Görmə orqanının fiziologiyası və peşə patologiyası" adlı unikal bir laboratoriyanın yaradılmasına və onun səmərəli fəaliyyət göstərməsinə nail oldu. Elmin və texnikanın ən son nailiyyətlərinə əsaslanan və üç şöbədən ibarət olan laboratoriya tezliklə yeni cihazlarla zənginləşdirildi və ölkəmizdə görmə orqanının peşə xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi mərkəzinə çevrildi. Şöbələrdən birində görmə orqanının vəziyyəti yoxlanılır, ikincisində diaqnostik-funksional müayinələr aparılır, üçüncüsündə cərrahi əməliyyatlar icra edilirdi. Laboratoriyalarda az intensivli toksikliyə malik istehsal sahələrində görmə orqanına fizioloji, kliniki, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi həyata keçirilirdi.

Zərifə xanımın bu təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də bəyənilərək rəğbətlə qarşılanmış, geniş tətbiq edilmişdir. Akademik Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalında gözün peşə patologiayası", "Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi monoqrafiyalarında və digər elmi əsərlərində özünün dolğun əksini tapmışdır.

1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində son dərəcə mühüm bir hadisə baş verdi. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elm-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Akademik M.İ.Averbax adına mükafata oftalmologiya sahəsində müstəsna xidmətləri olan və beynəlxalq aləmdə tanınan məşhur oftalmoloq-alimlər layiq görülürdü. Azərbaycan aliminin belə nüfuzlu bir mükafata layiq görülməsi ölkəmizin elm aləmində xoş ovqat yaratmışdı. Bu mükafatın diqqəti cəlb edən üstün cəhətlərindən biri də ondan ibarət idi ki, Zərifə xanım akademik M.İ. Averbax adına mükafata layiq görülən ilk qadın oftalmoloq-alim olmuşdur. Belə birincilik fədakar əməyin, böyük zəhmətsevərliyin, sənətə vurğunluğun, insanlara olan bəşəri sevginin sayəsində qazanılmışdır.
Görkəmli alimin 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikanın akademiklər ailəsinə yeni istiqamət, yeni nəfəs gətirdi. Adı Azərbaycan oftalmoloqları arasında Azərbaycan EA-nın həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixə düşdü.
Dünya şöhrətli alimin elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr edib. Onun "Herpetik göz xəstəliyi", "Ağır virus konyunktivitləri" əsərləri bu qəbildəndir.
Akademik Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin bir qismi görmə orqanının bədxassəli şişlərinin, qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. Onun "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası", "Gözün yaşla əlaqədar dəyişiklikləri və görmə-sinir yolları" adlı monoqrafiyaları və digər əsərləri göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, "Göz sulanmasının fiziologyiası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" və digər monoqrafiyaları isə daktriologiyaya həsr edilmişdir. Zərifə xanım Əliyevanın qələmə aldığı fundamental "Terapevtik oftalmologiya", "Oftalmologiyanın aktual məsələləri", "İridodiaqnostikanın əsasları" və sair kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, faydalandıqları əsərlərdəndir.

Zərifə xanım elm və texnologiyaların etikası, həkimlik deontologiyası haqqındakı zərif və saf düşüncələrini öz dəyərli əsərlərində təsbitləndirə bilib. Onun qələmə aldığı "Yüksək etimad" kitabı və bu mövzuya həsr etdiyi digər əsərləri həm bu gün, həm də gələcəkdə gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların bir həkim, bir şəxsiyyət kimi formalaşmalarında ümdə əhəmiyyət kəsb edən əsərlər olaraq qalacaq, aktuallığını heç vaxt itirməyəcəkdir.

Akademik çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin də müəllifi olub. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Onlarca elmlər doktoru və elmlər namizədlərinin elmi rəhbəri və məsləhətçisi olub, bu sahədə sanballı elmi məktəb yaradıb. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan akademik Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərlə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Azərbaycanın "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Akademik həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışıb, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək dəyərli çıxışlar, məruzələr edib, dünya xalqlarını hər çıxışında sülhə, əmin-amanlığa səsləyib. O, respublika "Bilik" cəmiyyəti idarə heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti idarə heyətinin, Moskvada çıxan "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin də üzvü olub.
Bu gün Zərifə xanım Əliyevanın doğum günüdür. Bu gün onun unudulmaz xatirəsi ölkəmizin səhiyyə və tibb işçiləri tərəfindən səmimiyyətlə, hörmət və ehtiramla yad edilir. Təqdirəlayiq haldır ki, akademik Zərifə Əliyevanın adını daşıyan və möhtəşəm elm, tədris, müalicə-diaqnostika, reabilitasiya mərkəzi kimi tanınan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzi öz xeyirxah qapılarını xəstələrin, həkimlərin, tələbələrin, tədris və elmi-tədqiqat işçilərinin üzünə geniş açaraq, regionlarda xeyriyyə müalicə-profilaktika tədbirləri keçirilməsi ənənəsini yaşadan nümunəvi tibb müəssisəsinə çevrilib. Mərkəzin əməkdaşları akademik Zərifə Əliyeva əməllərini yaşadır və davam etdirirlər. Onun bəşəri duyğularının saflığından süzülüb gələn şəfqətli ideyaları bu gün də insanlara fərəhli anlar yaşatmaqda davam edir.

Dünya siyasətçiləri sırasında ön cərgədə dayanan, müasir Azərbaycanın memarı ümummilli lider dahi Heydər Əliyevlə ömrünün sonuna qədər çiyin-çiyinə çalışan, hər sahədə ulu öndərə dayaq duran Zərifə xanım Əliyeva həm də dünyaya İlham Əliyev kimi dünya şöhrətli siyasətçi, Azərbaycana isə böyük sərkərdə, Ali Baş Komandan, torpağının, millətinin, vətəninin ləyaqətini qorumaq qüdrətinə malik olan bir Prezident bəxş edib.

Akademik Zərifə Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində, ölkəmizin tibbi salnaməsində dünya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq, şəfaverici şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş kimi, eləcə də məğrur Azərbaycan qadını, nur çöhrəli Azərbaycan anası kimi daim yaşayacaq.

Aia.az
Geri dön