Ana Sayfa > Siyasət > Prezident İlham Əliyev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşdü - YENİLƏNİB - FOTO

Prezident İlham Əliyev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşdü - YENİLƏNİB - FOTO


15-04-2016, 12:04. Yazar: admin
Prezident İlham Əliyev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşdü - YENİLƏNİB - FOTO






AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 14-də İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ziyafətdə iştirak ediblər.

23:14

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də İstanbulda BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Beltman ilə görüşüb.

Görüşdə Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyi bildirildi. Azərbaycanın BMT ilə birgə bu il Bakıda təşkil edəcəyi Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bu əməkdaşlığın yaxşı göstəricisi kimi səciyyələndirildi. Foruma hazırlıq prosesinin başa çatmaqda olduğu vurğulandı, tədbirlə bağlı bir sıra təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı BMT-nin Baş katibi Pan Gi Munun VII Qlobal Forumda iştirakının mühüm əhəmiyyət daşıyacağı, bunun Azərbaycan və region üçün önəmli hadisə olacağı qeyd edildi. BMT Baş katibinin Azərbaycana səfərinin sülh, sabitlik, təhlükəsizlik məsələləri ilə bağlı dünyaya mühüm mesaj olacağı da vurğulandı.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı. Pan Gi Munun Bakıda bu münaqişənin həlli, habelə Ermənistanın təxribatçı əməllərinin qarşısının alınması ilə bağlı verəcəyi mesajın mühüm əhəmiyyət kəsb edəcəyi diqqətə çatdırıldı.

* * *

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf edərək yüksək səviyyəyə qalxması məmnunluqla vurğulandı. Əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş imkanların olduğu qeyd edildi. Bu baxımdan belə görüşlərin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin mühüm rol oynadığı bildirildi.

Söhbət zamanı aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı geniş fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev qeyd etdi ki, biz müharibə istəmirik. Ancaq Ermənistan hərbi birləşmələrinin təxribatçı əməllərinə cavab verməli olmuşuq. Dövlətimizin başçısı hadisələr zamanı telefonla zəng etdiyinə və narahatlığını ifadə etdiyinə görə İran Prezidentinə təşəkkürünü bildirdi. Münaqişənin nizamlanması ilə bağlı Minsk qrupunun fəaliyyəti ilə əlaqədar fikir mübadiləsi aparıldı.

Görüşdə neft-qaz sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlar prosesinin davam etdirilməsinin əhəmiyyəti vurğulandı. Bildirildi ki, bütün bunlar ölkələrimiz arasında siyasi, təhlükəsizlik və digər sahələrdə əlaqələrin daha yüksək səviyyəyə çatmasına xidmət edəcək.

Azərbaycan və İran prezidentləri müxtəlif sahələrdə, o cümlədən viza rejimi, turizm, maliyyə-bank sahələrində əlaqələrin inkişaf etdirilməsi, eyni zamanda, ekstremizmə, terrorizmə və radikalizmə qarşı mübarizədə əməkdaşlıq və digər istiqamətlərdə münasibətlərin genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi apardılar.

14.04.2016

18:51

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də İstanbulda Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olması bildirildi, ölkələrimiz arasında dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edildi.

Söhbət zamanı 30-dan çox dövlət başçısının iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin əhəmiyyəti vurğulandı.

Azərbaycan Prezidenti İlham Əliyev Sammitin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi və İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzuladı.

Görüşdə son vaxtlar Dağlıq Qarabağda cəbhə bölgəsində baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıldı.

-----------

17:55

Aprelin 14-də Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun adından İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin iştirakçılarının şərəfinə nahar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev naharda iştirak edib.

Mərasimdə çıxış edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu İslam Əməkdaşlıq Təşkilatının bu Zirvə görüşünün səmərəli olacağına əminliyini ifadə etdi. Bu Sammitin dünyanın çox mürəkkəb vaxtında keçirildiyini deyən Türkiyə hökumətinin başçısı İslam dünyasının İstanbuldan beynəlxalq aləmə sülh və əməkdaşlıq mesajı verdiyini diqqətə çatdırdı.

"İslam dünyası tarixdə bütün mədəniyyətlərin mərkəzi olub, ən güclü dövlətlər bu məkanda yaranıb", - deyən Əhməd Davudoğlu ümidvar olduğunu bildirdi ki, İslam Əməkdaşlıq Təşkilatı bu coğrafiyada sülh və sabitliyin bərqərar olmasına yardım edəcək.

Türkiyənin Baş naziri İslamı terrorla eyniləşdirməyə çalışan qüvvələrə qarşı birgə mübarizənin əhəmiyyətini vurğuladı, İslamla bağlı formalaşdırılan mənfi rəylərin aradan qaldırılması, Suriya, İraq və Liviyadan olan qaçqınlara yardımın göstərilməsi, İslam ölkələri arasında yüksək səviyyəli dialoqun baş tutması, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, İslam dünyasını parçalamaq təşəbbüslərinə qarşı birgə mübarizə aparılması, İslam dünyasına məxsus bütün işğal edilmiş ərazilərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tezliklə işğaldan azad olunması ilə bağlı ortaq mövqedən çıxış edilməsinin vacibliyini bildirdi.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə yaradılıb və özündə 60-a yaxın İslam dövlətini birləşdirir. BMT ilə sıx əməkdaşlıq edən təşkilatda bəzi ölkələrin müsəlman icmaları birləşib. Bir sıra beynəlxalq təşkilatların nümayəndələri də İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdirlər.

----------

17:19

Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti işini sessiyalarla davam etdirib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci sessiyada çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab sədr,

Hörmətli cənab baş katib.

Zati-aliləri, sammit iştirakçıları.

İlk növbədə əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İslam Əməkdaşlıq Təşkilatının Sammitinə dəvətə və tədbirin əla təşkilinə görə təşəkkür edirəm.

Son illərdə qardaş Türkiyə beynəlxalq aləmdə artan nüfuzu sayəsində "Böyük İyirmiliyin" üzvü kimi qlobal inkişafa mühüm töhfə verir. İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzulayıram. İslam Əməkdaşlıq Təşkilatının baş katibi cənab Mədəniyə təşkilatımızın inkişafı üçün göstərdiyi səylərə görə təşəkkür edirəm.

Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir. Son illər ərzində Bakıda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü olmuşdur. Mən İƏT-in qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün dünyada islamofobiya ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qətiyyətlə pisləyirik. Əslində İslam sülh, mərhəmət, dözümlülük, ədalət dinidir. İslamı terrorla eyniləşdirmək isə səhv və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir.

Hörmətli Sammit iştirakçıları, mən sizin diqqətinizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyirəm. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilmiş, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Bu qətnamələrdə erməni silahı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilmişdir. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olmuşlar. Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını aldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İƏT qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm.

Hörmətli sammit iştirakçıları, Azərbaycan mütəmadi olaraq mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verir. Aprelin sonunda biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirəcəyik. Azərbaycan İslam ölkələri arasında həmrəyliyə böyük əhəmiyyət verir. 2017-ci ildə IV İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Bu münasibətlə mən sizin hamınızı bu oyunları seyr etmək üçün Bakıya dəvət edirəm. İnanıram ki, bu tədbir İslam aləmində sülhün və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Sonda mən bir daha Prezident Rəcəb Tayyib Ərdoğana səmimi qonaqpərvərliyə görə təşəkkür edir, Zirvə görüşünün işinə uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram.

----------

14:54

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak edirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

İƏT-in qurucu üzvlərindən olan Türkiyənin ev sahibliyi etdiyi XIII Sammit "Ədalət və sülh üçün birlik və həmrəylik" devizi altında keçirilir. Bu Sammit İslam dünyasının layiq olduğu ədalətə və sülhə təhlükə yaradan mövcud problemlərin həll edilməsi, risklərin və təhdidlərin qarşısının alınması yollarının tapılması ilə bağlı İslam aləmində birlik və həmrəyliyə ehtiyac yarandığı bir dövrdə təşkil olunur.

Sammit müqəddəs "Qurani-Kərim"dən ayələrin oxunması ilə başladı.

İslam Əməkdaşlıq Təşkilatının XII Sammitinə sədrlik edən Misirin xarici işlər naziri Sameh Şukri çıxışında müsəlmanların və İslam ölkələrinin maraqlarının qorunması baxımından İƏT-in fəaliyyətini yüksək qiymətləndirdi. O, Misirin sədrliyi dövründə üzv ölkələrlə əməkdaşlıq şəraitində İslam dünyasında mövcud problemlərin həlli istiqamətində fəal səy göstərdiyini vurğuladı. Hazırda İslam dünyasında, ərəb ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranların yaşandığını vurğulayan sədr dedi ki, bu münaqişələrin, terrorun arxasında xarici qüvvələrlə yanaşı, daxili narazılıqlar da var.

Sameh Şukri son aylarda bölgədə silahlı münaqişələrin, terror hadisələrinin daha da şiddətləndiyini vurğulayaq, bunun ciddi bir təhdid olduğunu bildirdi. O, İslam dünyasında mövcud problemlərin, o cümlədən Fələstin məsələsinin, Suriya böhranının, həmçinin son illər artmaqda olan islamofobiyanın və digər problemlərin həlli üçün səylərin birləşdirilməsinin vacibliyini bildirdi. Misirin xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatına sədrliyin Türkiyə Respublikasına keçdiyini elan etdi.

İƏT-ə sədrliyi qəbul edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə çıxış edərək bu tədbirin bütün İslam dünyası üçün uğurlu olmasını arzuladı.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Amin Madani Sammitə yüksək səviyyədə ev sahibliyinə, eləcə də dünyada İslam ölkələrinin mənafeyini fəal müdafiə etməsinə görə Türkiyəyə minnətdarlığını bildirdi. İƏT-in baş katibi təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasəti barədə məlumat verib. Müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasını müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu deyən baş katib diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır. O qeyd edib ki, İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcəkdir. Baş katib əminliklə vurğulayıb ki, İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləyərək toplantının əsas mövzusu olan prinsiplərin dünyada baş verən böhranların, xüsusən də İslam aləmində yaşanan gərginliklərin həll edilməsi baxımından qısa zamanda bərqərar olunmasının əhəmiyyətini vurğuladı. Rəcəb Tayyib Ərdoğan bu problemlərin əsas səbəbinin dünyada irqçilik, məzhəbçilik, etnik və dini ayrı-seçkiliyin olduğunu qeyd edərək həmin münaqişələr, böhranlar nəticəsində milyonlarla insanın əziyyət çəkdiyini dedi. "Dünyada yaşanan problemlərdən, münaqişələrdən, böhranlardan daha çox əziyyət çəkən sadəcə İslam dünyası və müsəlman ölkələridir", - deyən Rəcəb Tayyib Ərdoğan bu Sammitin müsəlmanların səylərini birləşdirməsi, əməkdaşlığı inkişaf etdirməsi yolunda dönüş nöqtəsi olacağına əminliyini bildirdi.

Son illərdə Türkiyədə baş verən terror hadisələrinə diqqət çəkən Prezident Rəcəb Tayyib Ərdoğan bəzi Qərb ölkələrinin terror təşkilatlarına və onların qanlı aksiyalarına ikili standartlarla yanaşdığını, Parisdə, Brüsseldə baş verən terror hadisələri anıldığı halda, Ankara, İstanbul və Lahorda baş verənlərin yad olunmadığını dedi. İslam ölkələrinin qarşıdakı dövrdə sülh, inkişaf və təhlükəsizlik məsələlərinə daha çox diqqət göstərmələrinin əhəmiyyətini vurğulayan Rəcəb Tayyib Ərdoğan qardaşlığı sadəcə sözdə yox, siyasi, iqtisadi, mədəniyyət və bir çox istiqamətlərdə qurulan əməkdaşlıqla da göstərməyin vacib olduğunu bildirdi, gənclərin fəaliyyətinin təşkilatlanmasının, qadın hüquqlarının qorunmasının zəruriliyinə diqqət çəkdi. İƏT-in qadınlarla bağlı konfransının keçirilməsi, bu sahədə qadın təşkilatının yaradılması təşəbbüsü ilə çıxış edən Rəcəb Tayyib Ərdoğan ortaq Qızıl Aypara Cəmiyyətinin yaradılmasının mümkünlüyünü bildirdi, İslam İnkişaf Bankını bu təşəbbüslərə fəal dəstək verməyə çağırdı.

Sonra müsəlman ölkələrində baş verən proseslərlə bağlı qısa film nümayiş etdirildi.

Daha sonra Asiya, ərəb və Afrika ölkələri qrupları adından çıxışlar dinlənildi.

Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya, İraqın daxil olduğu Asiya qrupu adından çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Sammitin işinə və yeni sədrlik dönəmində Türkiyəyə uğurlar arzuladı.

Sonra ərəb ölkələri qrupu adından Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Afrika ölkələri qrupu adından isə Qambiya Prezidenti Yəhya Camme çıxış etdilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlara görə dövlət başçılarına minnətdarlığını bildirdi.

Sonra Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud çıxış etdi.

---------

11:33

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sammitdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.

-----------------

13.04.2016

23:46

Aprelin 13-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın adından İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün İstanbula gələn dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva naharda iştirak ediblər.

--------

21:04

Aprelin 13-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulandı. Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olundu. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırıldı. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində rolu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edildi.

Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olundu. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

--------

20:41

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü olub.

Trend Türkiyə Prezidentinin saytına istinadən məlumat verir ki, İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti ərəfəsində İstanbulda görüşlər keçirən R.T.Ərdoğan tədbirdə iştirak etmək üçün Türkiyəyə səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşüb.

------------

19:35

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə münasibətlərimizin dinamik inkişafından məmnunluq ifadə edildi, qarşılıqlı əlaqələri bundan sonra daha da genişləndirmək üçün yaxşı imkanların olduğu bildirildi. Söhbət zamanı enerji sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xüsusilə son vaxtlar qoşunların təmas xəttində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıldı.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.

Dövlətimizin başçısı dəvətə görə minnətdarlığını bildirdi, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini Azərbaycana səfərə dəvət etdi
Geri dön