Ana Sayfa > Gündəm > Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılması üçün kifayət qədər hüquqi faktlar var -

Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılması üçün kifayət qədər hüquqi faktlar var -


26-02-2020, 11:07. Yazar: sevinc1
Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılması üçün kifayət qədər hüquqi faktlar var -


Xocalı soyqırımı cinayətini törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir sıra mexanizmlər mövcuddur. Bunlardan biri Xocalı soyqırımı cinayətinin araşdırılması və bu cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılmasıdır.

Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, beynəlxalq tribunallar beynəlxalq cinayətlərin törədilməsində ittiham olunan fiziki şəxslər və dövlətlər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün yaradılan bir mexanizmdir.

A.Səfixanlı qeyd edib ki, tarixdə müxtəlif vaxtlarda müxtəlif hadisələrlə bağlı beynəlxalq tribunallar yaradılıb. İlk dəfə ikinci dünya müharibəsindən sonra, sülh və bəşəriyyət əleyhinə cinayətlərdə təqsirləndirilən şəxslərin cəzalandırılması üçün Nürnberq və Tokio tribunalları təsis olunub, daha sonra keçmiş Yuqoslaviya və Ruanda ərazisində baş vermiş genosid, sülh və bəşəriyyət əleyhinə olan cinayətləri törətmiş şəxslər üzərində ədalət mühakiməsinin həyata keçirilməsi üçün beynəlxalq cinayət tribunalları yaradılıb:

"Hesab edirəm ki, Xocalı faciəsi zamanı törədilən əməllər genosid və insanlıq əleyhinə cinayətlərin tərkib hissəsini yaratdığından Xocalı soyqırımı üzrə beynəlxalq tribunal yaradılmalıdır. Xüsusi olaraq vurğulamaq istərdim ki, “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” 26 noyabr 1968-ci il tarixli Konvensiyanın tələblərinə əsasən, törədilmə vaxtından asılı olmayaraq, genosid cinayətini törətmiş şəxslərin istənilən vaxt cinayət məsuliyyətinə cəlb oluna bilməsi tələbi də məsələnin aktuallığını daim saxlamış olur. Xocalı soyqırımı cinayətinin törədilməsində məsuliyyət daşıyan şəxslərin cəzalandırılması istiqamətində atılacaq digər addım isə bu cinayətin törədilməsində iştirakı sübuta yetirilmiş şəxslərin beynəlxalq axtarışa verilərək Azərbaycana gətirilməsinə nail olmaq və barələrində cinayət təqibini həyata keçirməkdir".

Aparat rəhbəri əlavə edib ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Xocalı soyqırımı ilə bağlı başlanmış cinayət işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılıb və 39 nəfərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib.

BMT Baş Məclisinin 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərdə, bəşəriyyətə qarşı cinayətlərdə müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair belnəlxalq əməkdaşlıq prinsipləri”nə müvafiq olaraq, hərbi cinayətlərdə və bəşəriyyətə qarşı cinayətlərdə təqsirkar olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət var.

A.Səfixanlı qeyd edib ki, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və harada törədilməsindən asılı olmayaraq araşdırılmalı, belə cinayətlərin törədilməsində təqsirləndirilən şəxslər barəsində axtarış elan olunmalı, tutularaq ədalət mühakiməsinə təhvil verilməlidir.

O hesab edir ki, Azərbaycan Respublikasının dövlət sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirən şəxslərin Azərbaycana gətirilməsi ilə bağlı təcrübəni Xocalı soyqırımı cinayətinin törədilməsində məsuliyyət daşıyan şəxslərə münasibətdə də davam etdirmək olar.

28 il bundan əvvəl, fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək xalqımıza qarşı törətdiyi soyqırım aktı nəticəsində bəzi ailələrin bütünlüklə məhv edildiyini, mülki əhalinin görünməmiş qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərə amansız işgəncə verildiyini xatırladan A.Səfixanlı hesab edir ki, Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq, həmçinin, dövlətdaxili hüquqa əsasən məhz genosid kimi tövsif edilməlidir.

A.Səfixanlı bildirib ki, beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Genosid cinayətinin hüquqi əsası, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilib. Həmin Konvensiyaya görə, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə genosid sayılır. Analoji normalar Yuqoslaviya beynəlxalq cinayət tribunalının Nizamnaməsində, Ruanda beynəlxalq cinayət tribunalının Nizamnaməsində və bir sıra dövlətlərin cinayət qanunvericiliyində, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsində təsbit olunub. Xocalı soyqırımı zamanı ermənilər tərəfindən adıçəkilən beynəlxalq sənədlərdə və cinayət qanunvericiliyimizdə təsbit olunmuş genosid cinayətinin tərkibini təşkil edən bütün əməllər törədilib:

"Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımının beynəlxalq miqyasda hüquqi qiymətini almaması, bu cinayəti törədənlərin cəzalandırılmaması, günahkarların özlərini cəzasızlıq mühitində hiss edərək kütləvi insan qırğınları ilə müşayiət olunan yeni cinayətlər törətməsinə rəvac verib ki, bu da sülhə və bəşəriyyətə açıq təhdiddir. Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb. Bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək, bu cinayəti törədənlərin cəzalandırılmasını tələb edib. Ümummilli liderin müraciəti əsasında 1994-cü ilin fevralında ilk dəfə olaraq Azərbaycanın Milli Məclisi tərəfindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib".

A.Səfixanlı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev mötəbər beynəlxalq tədbirlərdə etdiyi çıxışlarda, digər dövlət başçıları ilə keçirdiyi ikitərəfli görüşlərdə hər zaman Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edərək, beynəlxalq təşkilatların bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsini, nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizminin olmasını, ikili standartlara yol vermədən beynəlxalq hüquq və normalara uyğun fəaliyyət göstərməsini qətiyyətlə tələb edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxışı zamanı tarixi və beynəlxalq hüquqi sənədlərə istinad etməklə bir daha Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, azərbaycanlıların tarix boyu ermənilər tərəfindən etnik təmizlənməyə və soyqırıma məruz qaldıqlarını, ermənilərin Xocalıda 613 dinc sakini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək hərbi cinayət törətdiyini panel iştirakçılarının diqqətinə çatdırıb. Prezident, eyni zamanda beynəlxalq hüququn təmin olunmasında, o cümlədən münaqişələrin həllində hüquq və səlahiyyətlərə malik beynəlxalq və regional təşkilatlara və bu təşkilatlara üzv olan dövlətlərə müraciət edərək onları qəbul etdikləri qərar və qətnamələrə hörmətlə yanaşıb hüququn aliliyini təmin etməyə, ikili standartlara yol verməməyə çağırıb:

"Xüsusi olaraq vurğulamaq istərdim ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilməkdədir".

aia.az
Geri dön