Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-1 > Sumqayıt – mədəniyyət tədbirləri sosial həyatın ayrılmaz hissəsidir

Sumqayıt – mədəniyyət tədbirləri sosial həyatın ayrılmaz hissəsidir


26-11-2019, 16:28. Yazar: sevinc1
Sumqayıt – mədəniyyət tədbirləri sosial həyatın ayrılmaz hissəsidir




Mehman Şükürovun rəhbərlik etdiyi Sumqayıt Regional Mədəniyyət İdarəsi və qurumun tabeliyində olan müəssisələr bu sahədə səmərəli fəaliyyət göstərirlər

Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin şəhər, rayon və bölgələrimizdə milli-mədəni irsimizin qorunması, təbliği və inkişafı istiqamətində uğurla fəaliyyət göstərən struktur bölmələrindən biri də Sumqayıt Regional Mədəniyyət İdarəsidir. Hazırda bu qurumun tabeliyində Zəngilan, Şuşa, Qubadlı, Xızı və Abşeron rayonlarına, həmçinin Sumqayıt şəhərinə aid olan 2 Heydər Əliyev Mərkəzi, 4 rayon mədəniyyət mərkəzi, 4 tarix-diyarşünaslıq muzeyi, 3 ev muzeyi, 6 mərkəzləşdirilmiş kitabxana sistemi, kənd, şəhər və rayon statuslu 24 uşaq musiqi və incəsənət incəsənət məktəbi, 2 dövlət rəsm qalereyası və 9 rayon mədəniyyət evi fəaliyyət göstərməkdədir. Quruma rəhbərlik Mehman Şükürov tərəfindən həyata keçirilir

Qısa arayış:




Mehman Şükürov 1965-ci ildə Ağsu rayonunun Birinci Qaraqaşlı kəndində anadan olmuşdur. 1987-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-maarif” fakültəsində təhsil almışdır. 1990-1993-cü illərdə S.Vurğun adına Mədəniyyət Sarayında xalq teatrının rejissoru; 1993-1997-ci illərdə S.Vurğun adına Mədəniyyət Sarayının direktoru; 1997-2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində çalışmışdır. Sumqayıt Dövlət Musiqili Dram Teatrında işlədiyi müddət ərzində teatrın kollektivi onun rəhbərliyi ilə Hindistan, Türkiyə, Ukrayna, Türkmənistan, Rusiya və Gürcüstanda beynəlxalq teatr festivallarında uğurla çıxış edərək müxtəlif diplomlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür. 2015-ci il iyun - noyabr aylarında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktor müavini; 2015-2017-ci illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi vəzifəsifələrində çalışmışdır. 2017-ci il 5 yanvar tarixindən Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi vəzifəasinə təyin edilmişdir. 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisidir.



Mehman müəllimin həyat tarixçəsindən də məlum olur ki, o, mədəniyyət sahəsində kifayət qədər bilik və təcrübəyə malik olan bir insandır. Mehman Şükürovun peşəkarlığı həm də özünü Sumqayıt Regional Mədəniyyət İdarəsinin, eləcə də onun tabeliyində olan müəssisə və təşkilatların fəaliyyətində qabarıq şəkildə göstərir. Belə ki, idarənin fəaliyyət dairəsinə daxil olan rayonlarda əhalinin asudə vaxtlarını səmərəli təşkil etmək üçün mədəni-maarif müəssisələri tərəfindən mütəmadi olaraq konsertlər, ədəbi-bədii gecələr, məruzə və mühazirələr təşkil edilir, tarixi günlər, əlamətdar hadisələr geniş surətdə qeyd olunur, bu münasibətlə bir çox irimiqyaslı mədəni-kütləvi tədbirlər hazırlanaraq geniş ictimaiyyət qarşısında nümayiş etdirilir. Xüsusi olaraq, hər il təşkil olunan Yeni il şənlikləri, 8 mart – Beynəlxalq Qadınlar günü və Novruz bayramları ilə əlaqədar keçirilən tədbirlər özünün kütləvililiyi ilə digər tədbirlərdən daha çox fərqləndiyi üçün bu səpkidə keçirilən tədbirlərə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rayon nümayəndəlikləri tərəfindən daha çox diqqət və qayğı göstərilir. Həmçinin mütəmadi olaraq, əlamətdar tarixi günlərdə və bayramlarda rayonun incəsənət işçiləri hərbi hissələrdə də konsert proqramları ilə çıxış edirlər.

Qeyd edək ki, hazırda davam edən noyabr ayı da Sumqayıt Regional Mədəniyyət İdarəsinin xətti ilə təşkil olunan tədbirlərlə kifayət qədər zəngin olmuşdur.

Cəfər Cabbarlı – 120



Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxana və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə görkəmli şair, nasir, dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar istedadlar müsabiqəsi keçirilib. Noyabrın 5-də S.Vurğun adına Mərkəzi kitabxanasında baş tutan tədbiri giriş sözü ilə açan abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva ədibin həyatı və yaradıcılğı haqqında geniş məlumat verib. Sonra iştirakçıların ifasında monoloqlar dinlənilib. Müsabiqənin qalibləri Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb, fərqlənənlərə təşəkkürnamə təqdim edilib.

9 noyabr Bayraq günü münasibətilə silsilə tədbirlər keçirilib

Noyabrın 12-də Sumqayıt şəhər İcra hakimiyyətinin dəstəyi, Sumqayıt Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram teatrının qarşısında bayram konserti keçirilib. Konsertdə ölkənin xalq və əməkdar artistləri Mübariz Tağıyev, Yusif Mustafayev, Baloğlan Əşrəfov, Nüşabə Ələsgərli və digərlərinin ifasında maraqlı konsert proqramı təqdim olunub. Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə kamança və fortepiano şöbəsi şagirdlərinin ifasında musiqi nömrələri, xalq çalğı alətləri ansamblı şöbəsi şagirdlərinin ifasında xalq və bəstəkar mahnıları, şagirdlərin ifasında vətənpərvər mahnılar dinlənilib.

S.Vurğun adına Mərkəzi kitabxananın oxu zalında “Zirvələrdə dalğalanan şanlı Bayrağım” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Azərbaycan bayrağına həsr olunmuş məruzələr, biblioqrafik xülasə dinlənilib, şeirlər, mahnılar səslənib. Mərkəzi kitabxanın uşaq şöbəsində, filiallarında və Mərkəzi uşaq kitabxanasında da bayram tədbiri keçirilib. Oxucuların ifasında şerilər və mahnılar dinlənilib.



Bayram tədbirləri həmçinin Nizami Gəncəvi adına Kitabxana Klubda, Xızı rayon Heydər Əliyev Mərkəzində, Şuşa şəhər Dövlət Rəsm Qalereyasında keçirilib.

Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə mədəniyyət müəssisələrində İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirlər keçirilib. Sumqayıtın Tarixi Muzeyində keçirilən tədbiri giriş sözü ilə muzeyin kütləvi – ekspozisiya şöbəsinin müdiri Sevinc Əmirova açıb, dahi şairin həyatı və yaradıcılğı haqqında geniş məlumat verib. Sonra mövzu ilə əlaqədar məruzələr dinlənilib.
Nizami Gəncəvi adına Kitabxana Klubda “Dünyanı sözlə bəzəyən həqiqət aşiqi” adlı ədəbi-bədii gecə keçirilib. Tədbir “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək içtimai birliyinin üzvləri ilə birlikdə hazırlanıb.

Göründüyü kimi, Mehman Şükürovun rəhbərlik etdiyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin kollektivi regionda milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin daha da inkişafı yönümündə səmərəli fəaliyyətini konkret əməli işlərlə təsdiqləyir. Əminliklə demək olar ki, bu fəaliyyət Azərbaycanda mədəniyyət sahəsində yürüdülən dövlət siyasətinin tələblərindən irəli gələn vəzifələrin icrasına tamamilə düzgün istiqamətləndirilmişdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Geri dön