Ana Sayfa > Manşet / Ölkə > Tərtər rayon İcra Hakimiyyətinin işində vətəndaş məmnunluğu əsas meyardır

Tərtər rayon İcra Hakimiyyətinin işində vətəndaş məmnunluğu əsas meyardır


6-11-2019, 17:55. Yazar: sevinc1
Tərtər rayon İcra Hakimiyyətinin işində vətəndaş məmnunluğu əsas meyardır




Cəbhəyanı bölgələrə münasibətdə obyektivliyə daha çox riayət olunmalıdır

Bu günlərdə ölkə mətbuatına aid olan saytlardan birində maraqlı bir layihə diqqətimi cəlb etdi. İdeya bundan ibarətdir ki, bu və ya digər bölgədə yaşayan, həm də müxtəlif sahələrdə çalışan insanlar öz rayonlarının icra başçıları haqqında xüsusi ayrılmış rubrikada rəy söyləmək, öz düşündüklərini demək imkanı əldə edirlər. Həqiqətən də maralı bir yenilikdir. Amma bu layihənin də müəyyən mənfi cəhətləri yox deyil. Məsələn, müəyyən insanlar əldə etdikləri imkandan yararlanaraq sadəcə icra başçısı barədə deyil, həmçinin həmin rayonda gedən proseslər haqqında da ictimaiyyətə subyektiv fikirlərini, bəzən isə hətta həqiqətə uyğun olmayan məlumatları təqdim edə bilərlər. Bu isə əlbəttə ki, yolverilməz bir haldır. Məhz belə bir hal da layihənin Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova həsr olunmuş rubrikasında yer almışdı. Məsələ bundadır ki, bəzi respondentlərin fikirləri Tərtərdə uzun müddətdən bəri olmayan insanın ifadələrini daha çox xatırladırdı. Dediklərimi əsaslandırmaq üçün bəzi məlum faktları oxuculara yenidən təqdim etmək qərarına gəldim.



İlk növbədə rəy söyləyən vətəndaşlardan birinin ifadəsinə diqqət edək:

“Mən Müstəqim Məmmədovun fəaliyyəti ilə maraqlanmıram, amma o da bütün icra başçılarına oxşayır, yəni yuxarıdan nə göstəriş verirlərsə, onu yerinə yetirir. Mən istərdim ki, Tərtərdə gənclər arasında hərbi vətənpərvərlik ruhunu yüksəltmək üçün ciddi tədbirlər görsünlər...”
Maraqlıdır ki, vətəndaş icra başçısının fəaliyyətilə maraqlanmadığı halda artıq onu kiminləsə müqayisə edir, kiməsə oxşadır... Ən maraqlısı da budur ki, o, icra başçısını “yuxarıdan verilən göstəriş”lərə əməl etməkdə ittiham edir. Deməli belə çıxır ki, bu rəyçi üçün ideal icra başçısı onu bu vəzifəyə təyin edən dövlətin təlimatlarına etinasızlıq göstərən bir məmur olmalıdır..?




Gənclər arasında hərbi-vətənpərvərlik ruhunu yüksəltməyə gəlincə isə, bu məqamla bağlı Tərtərdə sentyabrın 30-da və oktyabrın 16-da keçirilmiş iki tədbirə diqqət yetirməyinizi xahiş edərdim.

...sentyabrın 30-da Tərtərdə 1992-ci ildə yaranmış “Babək 44” taborunun keçmiş döyüşçülərinin görüşü təşkil edilib. Müdafiə Nazirliyi, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə keçmiş döyüşçülər Tərtərdəki Şəhidlər abidə kompleksinin, Azərbaycanın Milli qəhrəmanları Vəzir Orucovun və Elman Hüseynovun büstləri önünə əklil və tər gül dəstələri qoyublar. Sonra rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər. Qeyd edək ki, 1992-ci ildə yaradılmış 703 saylı hərbi hissənin tərkibində şərəfli döyüş yolu keçmiş “Babək 44” taboru ən qızğın döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlıqla seçilib. Tabor 400 nəfərə qədər əsgər və zabitdən formalaşıb, döyüşlərdə 174 şəhid və itkin verib. Taborun döyüşçülərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, yeddi nəfər “Azərbaycan Bayrağı” ordeni, iki nəfər isə "Hərbi Xidmətlərə görə" medalı ilə təltif edilib...



... oktyabrın 16-da Tərtər Rayon İcra Hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı iləyürüş keçirilib. Keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib. Tərtər şəhərindəki Bayraq Meydanından işğaldan azad edilmiş Şıxarx qəsəbəsinədəki “Marağa–150” abidəsinin qarşısınadək davam edən yürüşdə əllərində Azərbaycan Respublikasının Dövlət Bayraqlarını tutmuş gənclər “Müstəqilliyimiz əbədidir”, “Qarabağ Azərbaycandır” şüarları səsləndiriblər. Aksiya gənclərin hazırladığı fləşmobla başa çatıb.

Rubrikada Müstəqim Məmmədova qarşı iradlarını ifadə edən başqa bir vətəndaş isə bunları deyib: “Tərtərin su problemini həll etmək üçün icra başçısı həyəcan təbili çalmalıdır. İldə bir dəfə artezan quyusu qazdırmaqla su problemi həll edilmir...”



Bu barədə Tərtər rayonunda 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Məlumatda deyilir ki, əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2019-cu ilin 6 ayı ərzində suvarma sistemlərində 4 ədəd hidrotexniki qurğu və 7 ədəd hidrotexniki post təmir edilib, 392 min kubmetr lildən təmizləmə işi aparılıb. İnvestisiya vəsaiti hesabına Qaraağacı kəndində kanalın 1000 metri, Buruc-Sarıcalı kanalının 200 metri beton üzlük çəkilməsi üçün hazırlanıb, 480 metr arxa beton üzlük çəkilib. 2018-ci ildə rayonun müxtəlif kəndlərində yeni qazılmış 13 ədəd subartezian quyusu cari ildə balansa götürülərək istismara verilib. 2019-cu ildə daha 13 yeni subartezian quyusunun qazılması və 4 ədəd quyunun təmir-bərpası nəzərdə tutulub. Göründüyü kimi, yuxarıda ifdə olunmuş fikrin müəllifi heç də obyektivliyə meyilli deyil.



Rubrikada öz fikirlərini bildirən bir xanım isə, ümumiyyətlə aşkar bir uydurma ilə Müstəqim Məmmədovu ittiham etməyə çalışıb: “Onu da vurğalıyım ki, yerli sakinlər onun üzünü yalnız internet və televiziya ekranlarından görürlər...”



Diqqət edin, təkcə oktyabr ayı ərzində Tərtər Rayon İcra Hakimiyyəti başçısı Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin Bayandur kəndində, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndəliyin Qazyan kəndində, Buruc kəndində və Hüsənli kəndində olmaqla əhali ilə dörd səyyar qəbul-görüş keçirib. Bütün bu görüşlər rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və əlbəttə ki, kənd sakinlərinin iştirakı ilə baş tutub. Hər bir görüşdə isə konkret insanların konkret problemləri öz həllini tapıb. Bundan başqa da hər həftənin ikinci günü Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun İH-nin inzibati binasında qəbul günüdür.




Bütün bunlar əlbəttə ki, Tərtər sakinlərinə hər kəsdən daha çox məlumdur. Mənim isə bu məlum həqiqətləri təkrarlamaqda yeganə məqsədim, ilk növbədə həmkarlarımızı öz yenilikçi ideyalarının realizasiyasında bir qədər daha diqqətli, rəy verən müsahiblərimizi isə daha obyektiv olmağa dəvət etməkdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov

Geri dön