Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Aydın Əliyev: "İdxal olunan malların və nəqliyyat vasitələrinin gömrük..

Aydın Əliyev: "İdxal olunan malların və nəqliyyat vasitələrinin gömrük..


27-01-2016, 13:08. Yazar: admin
Aydın Əliyev: "İdxal olunan malların və nəqliyyat vasitələrinin gömrük..
"Bu yenilikdən istifadə sahibkarlara mal və nəqliyyat vasitələrinin daha sürətli keçidinin təmin olunması imkanını verəcək"

"2015-ci il üçün Dövlət Gömrük Komitəsi üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib. İl ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 milyard 590 milyon manat proqnoza qarşı, faktiki olaraq 1 milyard 591,91 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoz 100,12 faiz yerinə yetirilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 81,1 milyon manat və ya 5,4 faiz çoxdur".

Bunu APA-ya müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev deyib.

O bildirib ki, ötən il ölkənin iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması məqsədilə qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı mübarizə istiqamətində də tədbirlər görülüb.

Belə ki, ötən il gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 9206 hüquqpozma faktı aşkar edilib: "Bu faktlardan 574-ü cinayət xarakterli olub, həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 163 min 100 manatdan çox təşkil edib. Bu əməllərin törədilməsində şübhəli bilinən 633 nəfərin (553 Azərbaycan vətəndaşı, 80 xarici) barəsində müvafiq tədbirlər görülüb".


Eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 213 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 91 kq-dan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

Ötən il narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 250 nəfər: 220-si kişi və 30-u qadın olmaqla 213 Azərbaycan vətəndaşı və 37 xarici (33 İran, 3 Ukrayna, 1 Rusiya vətəndaşı) barəsində tədbirlər görülüb, 30 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib. Həmçinin 69 halda narkotik vasitələrin daxili bədən boşluqlarında (mədədə, düz bağırsaqda və s.) keçirilməsinə cəhdin qarşısı alınıb.

Hesabat dövründə kinoloji xidməti itlərin tətbiqi nəticəsində 19 fakt üzrə ümumilikdə 210,927 qram tiryək, 51,98 qram həşiş, 737,37 qram marixuana, 1 kq 850 qram heroin, 1,553 qram metadon, 0,405 qram metamfetamin, 46 qram fenobarbital aşkar olunub.

Keçən il gömrük orqanları tərəfindən aşkar olunmuş 8632 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 349 hüquqi şəxs (o cümlədən 211 xarici hüquqi şəxs) və 8291 fiziki şəxs (o cümlədən 4669 xarici) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 milyon 615 min 172 manat cərimə tətbiq olunmaqla, dəyəri 367 min 048 manat olan mallar müsadirə edilib.

A. Əliyev bildirib ki, “Valyuta tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 863412 ABŞ dolları, 59700 avro, 4000 funt sterlinq, 10737400 rus rublu, 129907 manat dəyərində qızıl-zinət əşyaları, 1312 manat dəyərində 767,290 qram gümüş aşkar edib.

Bundan əlavə, 553353 ədəd və 115764 qutu petarda və digər pirotexnika məhsulları, 93 ədəd elektroşoker, 1 ədəd odlu silah, 63 ədəd odlu silah patronu, 1827 ədəd ov silahlarının sursat və ləvazimatları, 4 ədəd qaz silahı, 99 ədəd pnevmatik silah və 42551 ədəd pnevmatik silahın patronları, 257 ədəd soyuq silah, 63565 qram partlayıcı maddələr, 897 ədəd televizor, 184309 manat dəyərində 4887 ədəd məişət texnikası, 1130 ədəd mobil telefon və 1702 ədəd mobil telefonların aksessuarları, 9855 manat dəyərində olan dərman vasitələri, 3173 manat dəyərində baytarlıq və bitki dərmanları, 42 kq-dan çox kürü, 1246 ədəd parfümeriya və kosmetika ləvazimatları və külli miqdarda digər mallar tutulub.

Hesabat dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər görülmüş, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 2311095 ədəd xaricdə istehsal olunan siqaret, 2332 litr və 1695 ədəd spirtli içki saxlanılıb.


A. Əliyev vurğulayıb ki, DGK-nın fəaliyyətində biznes -gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq gömrük orqanlarında iş adamları ilə görüşlər keçirilir: "Ötən il Dövlət Gömrük Komitəsində, Bakı Baş Gömrük İdarəsində və Şirvan Gömrük İdarəsində iş adamları ilə keçirilən ənənəvi görüşlər də faydalı olub. Bununla yanaşı, noyabr və dekabra aylarında Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Avropa Regional Ofisində “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusunda seminarlar da keçirilib. Seminarlarda sahibkarlığın inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi istiqamətində gömrük orqanlarının atdığı addımlar barədə məlumat verilib, gömrük prosedurlarına dair iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb".

Komitə sədri ötən il ərzində gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində də mühüm addımlar atıldığını vurğulayıb.

Həmçinin, “elektron bəyanetmə”, “elektron ilkin bəyanetmə”, XİF iştirakçılarına idxal-ixrac əməliyyatları barədə rəsmi arayışların, müvəqqəti idxal olunan yüngül minik avtomobillərinin vaxtının uzadılması ilə bağlı müvafiq xidmətlərin bundan sonra DGK ilə yanaşı “Asan xidmət” mərkəzlərində də olması müzakirə edilib. “Asan xidmət” mərkəzlərində DGK-nın informasiya köşkləri də quraşdırılacaq.


A. Əliyev qeyd edib ki, fiziki şəxslər tərəfindən ölkənin gömrük sərhədindən keçirilən malların gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurlar daha da sadələşdirilib: " Tətbiq olunan yeni xidmət “vətəndaş-məmur” təmasının minimuma endirilməsini, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın, həmçinin gömrük-sərhəd buraxılış məntəqələrində vətəndaşlar tərəfindən vaxt itkisinin qarşısının alınmasını təmin edəcək. Onu da qeyd edim ki, idxal-ixrac əməliyyatları zamanı qadağan olunmuş və dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı da sərhəd-gömrük keçid məntəqələrində xüsusi ayrılmış guşələrdə və məlumat köşklərində yerləşdirilib".

Komitə sədri bildirib ki, idxal olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsilə bağlı növbəti yenilik edilib: "Sahibkarlar artıq idxal etdikləri mallar və nəqliyyat vasitələri barədə qısa idxal bəyannaməsi təqdim etməklə beynəlxalq praktikada müsbət təcrübə kimi qəbul olunmuş ilkin bəyanetmə elektron xidmətindən yararlana bilirlər. Gömrük rəsmiləşdirilməsilə bağlı tətbiq olunan yeniliyə əsasən, artıq idxal-ixrac əməliyyatlarını həyata keçirən fiziki və hüquqi şəxslər mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçənədək gömrük orqanlarına qabaqcadan, müvafiq olaraq qısa idxal və ya qısa ixrac bəyannaməsi təqdim etməklə, gömrük orqanlarını apardıqları xarici iqtisadi fəaliyyət barədə məlumatlandırırlar".

A. Əliyev bildirib ki, bu yenilikdən istifadə sahibkarlara mal və nəqliyyat vasitələrinin daha sürətli keçidinin təmin olunması imkanını verəcək.
Geri dön