Ana Sayfa > İqtisadiyyat > Bu il Vergilər Nazirliyinin Apelyasiya Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb

Bu il Vergilər Nazirliyinin Apelyasiya Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb


11-07-2019, 16:03. Yazar: sevinc1
Bu il Vergilər Nazirliyinin Apelyasiya Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb


2019-cu ilin birinci yarımilliyində Vergilər Nazirliyinin Apelyasiya Şurasında ümumilikdə 69 şikayətə baxılıb.

Nazirlikdən aia.az-a verilən məlumata görə, bunlardan 7-si səyyar vergi yoxlamaları, 23-ü kameral vergi yoxlamaları, 11-i operativ vergi nəzarəti tədbirləri, 25-i vergi hesabatının müəyyən olunmuş müddətdə təqdim edilməməsi və 3-ü digər məsələlərlə bağlı olub.

Daxil olmuş şikayətlərdən 20 vergi ödəyicisinin müraciətinə mahiyyəti üzrə baxılıb, bunlardan 11-i tam, 1-i qismən təmin edilib, 8 şikayət isə təmin olunmayıb. 49 vergi ödəyicisinin şikayətinə qanunvericiliyin tələbləri rəhbər tutulmaqla mahiyyəti üzrə baxılmamış saxlanılıb. Buna səbəb şikayətin predmeti üzrə məhkəməyə şikayət verilməsi və ya şikayətin məhkəmədə icraatda olması, şikayətin verilmə müddətinin buraxılması və şikayətlə bağlı qanunla müəyyən edilmiş forma və məzmuna əməl edilməməsi olub.

Eyni zamanda, Şura tərəfindən icraata qəbul edilmiş şikayətlər üzrə baxılaraq qəbul edilmiş qərarlardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına təkrar şikayətlər verilməyib.

Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl edilməsi, həmçinin vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi, bununla belə dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergi ödəyiciləri barədə Vergi Məcəlləsinə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə Şuranın qərarları Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilir.


aia.az
Geri dön