Ana Sayfa > Manşet / Siyasət > Prezident İlham Əliyev MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib -

Prezident İlham Əliyev MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib -


10-07-2019, 15:40. Yazar: sevinc1
Prezident İlham Əliyev MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib -


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Qonaqları salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Mən MEDEF-dən belə böyük nümayəndə heyətini görməyə şadam. Bu, bizim əməkdaşlığımızın yaxşı nümunəsidir. Bilirsiniz ki, mən Parisdə və Bakıda MEDEF-in üzvləri ilə dəfələrlə görüşmüşəm. Üç il əvvəl böyük bir nümayəndə heyətinin səfərini xatırlayıram və indi müxtəlif şirkətlərin 40 nümayəndəsi ölkəmizdə səfərdədir. Bu, həqiqətən də tərəfdaşlığımızın çox yaxşı nümunəsidir. Bu, Azərbaycanda fəaliyyət göstərməyə böyük marağın olduğunu nümayiş etdirir. Sizin təmsil etdiyiniz bir çox şirkətlər ölkəmizdə müxtəlif layihələrdə artıq iştirak edir.

Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir. Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki, bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq.

Prezident İlham Əliyev bu ilin iqtisadi göstəricilərinə nəzər salaraq bildirdi ki, qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir. “Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir”, - deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, yerli və xarici şirkətlərin fəal iştirakı ilə Azərbaycan öz məqsədlərinə çatacaq. Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycanda bir çox görüşlər keçirəcəyini deyərək səfərin çox səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi.

Sonra MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö çıxış edərək dedi:

-Zati-aliləri, minnətdaram. Bizi burada qəbul etdiyinizə görə təşəkkür edirik. Burada olmaq bizim üçün böyük məmnuniyyət və şərəfdir. Şəxsən mən ilk dəfədir ki, Azərbaycanda, Bakıda səfərdəyəm. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu, mənim Avropa İttifaqından kənara ilk səfərimdir. Mən ilk ölkə kimi Azərbaycanı seçmişəm. Bu da fransız biznes ictimaiyyətinin ölkəyə olan marağının göstəricisidir. Bildiyiniz kimi, MEDEF 170 min şirkətin üzv olduğu təşkilatdır. Bu gün mən böyük bir nümayəndə heyətinin tərkibindəyəm.

Jofrua Ru de Beziö nümayəndə heyətinə bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiyalar sahələrini təmsil edən şirkətlərin daxil olduğunu və onların 12 sektoru əhatə etdiyini bildirdi. “Bizim üçün bu şirkətləri dəstəkləmək və onları Azərbaycanın böyük potensialı olduğuna inandırmaq çox vacibdir”, - deyən MEDEF Biznes Şurasının prezidenti nümayəndə heyətində qeyri-neft sektorunu təmsil edən şirkətlərin əksəriyyət təşkil etdiyini vurğuladı.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez fransız şirkətləri ilə yüksək səviyyədə görüşə görə Prezident İlham Əliyevə təşəkkür etdi. O, fransız şirkətlərinin Azərbaycanda həvəslə fəaliyyət göstərdiklərini bildirdi. Prezident İlham Əliyevin çıxışlarında iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı söylədiyi fikirlərin diqqət doğurduğunu deyən Orelia Buşez Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı artıq nəticələrin göründüyünü və bunun burada təmsil olunan şirkətlərin fəaliyyət müxtəlifliyində də öz əksini tapdığını vurğuladı. Səfir fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyinə əminliyini bildirdi.

MEDEF-in beynəlxalq Fransa-Azərbaycan qrupunun rəhbəri, “SUEZ” qrupun baş direktorunun müavini xanım Mari-Anj Döbon bugünkü qəbula görə minnətdarlığını bildirərək “SUEZ” şirkətinin Azərbaycanda fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına təşəkkür etdi. Bir sıra yerli şirkət və agentliklərlə infrastrukturun təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq etdiklərini deyən Mari-Anj Döbon ölkəmizdə bu sahədə görülən işlərin iqtisadi inkişaf baxımından, həm də vətəndaşların həyatı üçün önəmli olduğunu bildirdi, “SUEZ”in bu işlərə bundan sonra da töhfə verəcəyinə ümidvar olduğunu dedi. Mari-Anj Döbon ətraf mühitin qorunması sahəsində ölkəmizdə icra olunan layihələrə dəstək göstərməyə, bu sahədə infrastrukturun inkişafına töhfə verməyə hazır olduqlarını bildirdi.

Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, bərpa olunan enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


aia.az
Geri dön