Ana Sayfa > Yazar1 > Nərminin bənövşələri

Nərminin bənövşələri


28-06-2019, 11:32. Yazar: sevinc1
Nərminin bənövşələri


Şəcahan Gün

Nərmin bənövşələri çox sevirdi. Bir dənəsini belə dərməyə əli gəlməzdi. Bənövşələr əzilməsin deyə fırlanıb ətrafına dolanar, onlara baxa – baxa durardı. Xüsusilə, səhərlər bənövşələr daha da füsunkar görünərdi. Sanki boynlarını büküb Nərminin gəlişini gözləyərdilər.

Bahar gəlincə Nərmin bənövşələr üçün lap şox darıxardı. İlk bənövşənin hansı kolun dibində bitdiyini də bilirdi. Hər gün məktəbə gedəndə kolun dibinə baxırdı ki, görsün bənövşələri hələ açmayıb?

Bənövşələr açanda qızın sevinci yerə - göyə sığmazdı. Heş kəsi də bənövşələri dərməyə qoymazdı. Amma hər kəsi çağırardı ki, “gəlin görün bənövşələrim necə gözəldir, ətirlidir”?

Nərminin atası təqaüdçü idi. Az miqdarda aldığı təqaüd ailənin ehtiyaclarını ödəyə bilimirdi. Onlar kasıb yaşayırdılar. Buna baxmayaraq Nərmin çox xoşbəxt bir qız idi.Bütün günü ataya kömək edir, onun yanından əl çəkmirdi. Atası da Nərmini çox sevirdi. Axşamlar ona maraqlı nağıllar danışar, tapmaca deyər, yanıltmac söyləyərdi. Nərmin də maraqla atasını dinləyər, tapmacaların cavabını tapar, yanıltmacları əzbələyərdi. Ata da Nərminin hazırcavablığına çox sevinər, qızını qucaqlayar, tərifləyərdi.

Beləliklə, günlər, aylar ötür, balaca daxmada xöşbəxt bir qızcığaz böyüyürdi.

Bu gün Nərmin sübh tezdən oyanmışdı. Gəlib bənövşələrin yanında dayandı. Çox kədərli idi. Atası ona demişdi ki, bazara gedəcəklər. Nərmin sevimli bənövşələrini dərməli idi. Çünki onun səndəlləri köhnəlib. Təzə səndəllər almağa pul çatmır. Atanın təqaüdünü almağa hələ çox var. Deməli əlac qalıb Nərminin bənövşələrinə.

Nərmin qəmgin- qəmgin dayanıb bənövşələrinə baxırdı. Əli gəlmirdi ki, bircəsini belə dərsin. Amma düşünəndə ki məktəbə geyməyə ayaqqabısı yoxdur, könülsüz – könülsüz bənövşələrini dərməyə başladı. Hər bənövşəni dərdikcə gözlərindən yaş axırdı. Dəstələr düzəltdi.

Atası qabaqda, Nərmin də onun arxasınca bazara tərəf gedirdilər. Ata toyuqların yumurtasından, yağdan – şordan bağlama düzəltmişdi ki, bazarda satıb əvəzində qənd – çay alsın.

Sübh tezdən olduğunddan Nərmin bir az da üşüyürdü. O, bənövşələrini satacağını və özünə gözəl bir səndəl alacağğını düşünə - düşünə atasının

dalınca addımlayırdı. Atası söhbət etmirdi. Ara –sıra cibindən siqaretini çıxardıb yandırır və yoluna davam edirdi.

Nərmin ürəyində bənöşələrini dərdiyinə peşmançılıq çəkirdi. Onları sinəsinə sıxıb geriyə qaçıb getmək istəyirdi. Ona belə gəlirdi ki, yol çox uzanır, bitmək bilmir.

Nəhayət, onlar gəlib bazara çatdılar. Atası gətirdiyi şeyləri piştaxtanın üstünə düzdü. Nərmin də bənövşələrini ehtiyatla çıxarıb, atasının satdığı şeylərin yanına düzdü.

Nərminin bənovşələri dərdiyi kimi deyildi, soluxsumuşdu. Elə bil qızın onları dərdiyindən incimişdilər. Nərmin bənövşələrinə baxırdı. Bazar adamla dolu olsa da, Nərmindən başqa heç kəs onun soluxmuş bənövşələrinə fikir vermirdi. Ata gətirdiyi şeyləri satıb qurtardı.

-Hə, qızım, yığış gedək. Anan yəqin bizi çoxdan gözləyir. Nərmin bürüşmüş bənövşələrini götürüb sevinə - sevinə sinəsinə sıxdı.Atasının ardınca düşüb evə gəldi. Evə çatan kimi bənövşələrini suya atdı ki, özlərinə gəlsinlər. Elə bil bənövşələr də sevinirdilər. Onlar suyun içində yavaş – yavaş özlərinə gəlirdilər.Nərmin bənövşələrinin dirçəldiyini görüb çox sevindi. Ürəyində düşünürdü: “Yaxşı ki, bənövşələrimi heç kəs almadı. Eybi yox. Atanın təqaüdünə kimi bir təhər dözər”.

Anası onu səslədi:-

-Qızım, gəl, süfrəyə otur, yəqin çoxdan acmısan. Nərmin anasının yanına qaçdı. Stolun üstündə bir çüt ağappaq səndəl vardı. Anası gülümsəyərək Nərminə baxırdı...


Geri dön