Ana Sayfa > Manşet / Ölkə > Lənkəran -

Lənkəran -


29-05-2019, 12:00. Yazar: sevinc1
Lənkəran -




Cari ilin ilk rübündə rayonun sosial-iqtisadi və mədəni həyatında mühüm uğurlar əldə olunub

Son illər ərzində digər bölgələrimizlə yanaşı Lənkərana da göstərilən dövlət qayğısı və Lənkəran Şəhər İcra Hakimiyyəti rəhbərliyinin yüksək səviyyədə apardığı təşkilatçılıq və idarəçilik işi sayəsində rayonun bütün sahələrində böyük nailiyyətlər əldə olunmuş, iqtisadiyyatın sürətli inkişafı üçün əlverişli zəmin yaradılmışdır. O cümlədən, 2018-ci ildə Lənkəranda sosial-iqtisadi inkişaf uğurla davam edib. Regionların 3-cü sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayon üzrə nəzərdə tutulmuş bütün tədbirlər yüksək səmərəliliklə həyata keçirilib. Ən əsası, Proqramın icrası illəri ərzində rayon sakinlərinin maddi rifah halı əhəmiyyətli dərəcədə yüksəlib.

Bu gün Lənkəranda gedən sosial-iqtisadi proseslərin təhlili bunu deməyə əsas verir ki, rayonun ümumi inkişaf dinamikası cari ilin ilk rübündə də artan templə davam etmişdir.

Əhalinin yaşayış səviyyəsi durmadan yüksəlir



Cari ilin ilk 3 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi və mədəni həyatında mühüm uğurlar əldə olunub. Əvvəlki vaxtlarda olduğu kimi 2019-cu ilin birinci rübündə də Lənkəran rayonunun ictimai-siyasi və mədəni həyatında inkişaf meylləri davam edib, iqtisadi göstəricilər artan templə yüksəlib. İlk 3 ayda rayonda bir sıra həyati əhəmiyyətli infrastruktur layihələr icra olunub, sənayedə, kənd təsərrüfatında, tikintidə, yol-abadlıq işlərində işin həcmi artıb, yeni iş yerləri açılıb, əhalinin yaşayış səviyyəsi durmadan yaxşılaşmaqda davam edib. Qeyd edək ki, bu məlumatlar mayın 4-də Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində keçirilmiş, 2019-cu ilin birinci rübü ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş tərkibdə yığıncağında Lənkəran ŞİH başçısı cənab Taleh Qaraşovun etdiyi geniş hesabat məruzəsində öz əksini tapıb. Öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrə xüsusi önəm verən Taleh Qaraşov qeyd edib ki, cari ilin ilk 3 ayı ərzində ölkədə sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində islahatlar sürətlə davam edib, iqtisadi göstəricilər dəfələrlə yüksəlib, nəzərdə tutulan layihələr vaxtında icra olunub, vətəndaşların həyat şəraiti bu müddətdə daha da yaxşılaşıb. Natiq bu dövrdə respublikanın bütün digər bölgələri kimi, Lənkəranda da dinamik inkişafın davam etdiyini bildirib. Qeyd olunub ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışı 1.1 faiz artaraq 698.3 milyon manat təşkil edib. Sənayedə 9.4 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 8.4 faiz çox olub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 6.8 milyon manat, ümumi həcmdə onun xüsusi çəkisi 18.4 faiz təşkil edib. Cari ilin birinci rübündə rayonda iqtisadiyyatın prioritet istiqaməti olan aqrar sahədə də işlər uğurla davam edib, məhsul istehsalı əvvəlki dövrə nisbətən çoxalıb. Sahibkarlığın inkişafı nəticəsində rayonda sənayedə istehsalın həcminin 72.1 faizi, aqrar bölmədə 99 faizi və ödənişli xidmətlərin 76.2 faizi özəl bölmənin payına düşüb.

İqtisadi-sosial sferanın inkişafına investisiya qoyuluşu artıb

İlin ilk üç ayı ərzində rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 9.6 milyon manat investisiya yönəldilib.Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 8.8 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ticarət xidməti 4.5 faiz, ödənişli xidmətlər 1.5 faiz artıb, orta aylıq əmək haqqı 310 manat təşkil edib.



Daha sonra Taleh Qaraşov öz məruzəsində qeyd edib ki, Ölkə Prezidentinin ardıcıl diqqəti və qayğısı ilə rüb ərzində rayonda abadlıq və quruculuq işləri geniş vüsət alıb, şəhərdə 150 nəfərin çalışacağı qənnadı fabrikinin tikintisinə və dövlət başçısının müvafiq sərəncamı ilə 11 min nəfər əhalinin gündəlik olaraq istifadə etdiyi Hirkan-Mamusta-Siyavar magistral avtomobil yolunun əsaslı təmiri və asfaltlanması işlərinə başlanılıb. Eyni zamanda da magistral yollar boyu və şəhərdaxili küçələrdə hasar və barıların suvaqlanaraq rənglənməsi, şəhərin park və bağlarında 7 min ağacın, 10 min ədəd dekorativ ağac və gül kolunun əkilməsi, şəhərdaxili yollara 3500 kv/m isti asfaltın döşənməsi, 4 çoxmənzilli yaşayış binasının dam örtuyünün dəyişdirilməsi, 2 binada liftlərin təmiri ilə bağlı işlər görülərək başa çatdırılıb.

Təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni iş yerləri açılır...

İlin ilk rübü ərzində rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar Lənkəran Dövlət Universiteti üçün əlavə tədris korpusunun və yataqxananın, Şıxakəran kəndində 432 şagird yerlik yeni məktəb binasının, 4 ucqar dağ kəndində modul tipli məktəblərin tikintisi işləri davam etdirilib. Gəgiran kəndində 264 şagird yerlik təzə məktəbin tikintisi ilə bağlı hazırlıq işləri görülüb. Diqqətəlayiq haldır ki, birinci rübdə rayonda ümumilikdə 324 iş yeri açılmışdır ki, onlardan 183-ü daimi iş yerləri olub. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən rayonda 135 nəfəri qadın olmaqla 1120 nəfər kommunal sahələrdə haqqı ödənilən ictimai işlərə cəlb edilib, eyni zamanda Regional Qaz İdarəsinə 135 nəfər, Regional Elektrik Şəbəkəsinə 55 nəfər, ümumilikdə 1310 nəfər işlə təmin olunub. Xüsusi olaraq vurğulamaq istərdik ki, haqqı ödənilən ictiami işlərə cəlb olunmalar təkcə Lənkəran şəhərini və ətraf kəndləri deyil, eyni zamanda rayonun digər ərazilərində işləməyə ehtiyacı olan insanları da əhatə etmişdir və bu hal əhali tərəfindən də minnətdarlıqla qarşılanıb.




Vətəndaşların qəbulu və müraciətlərinə baxılması ilə bağlı məsələlər xüsusi diqqət mərkəzindədir

Bir mənalı olaraq demək lazımdır ki, bu gün Lənkəranda vətəndaşların qəbulu və müraciətlərinə baxılması ilə bağlı bütün məsələlər birbaşa Lənkəran ŞİH başçısı tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Qəbul və yerlərdə keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq operativ tədbirlər görülür, rəhbərlik tərəfindən aidiyyatı üzrə müvafiq instansiyalara problemin həllinə dair konkret göstəriş və tapşırıqlar verilir. Son belə səyyar qəbul-görüşlərdən biri də mayın 15-də baş tutub. Lənkəran ŞİH başçısı Taleh Qaraşov rayonun Xanbulan kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib. İcra aparatının məsul işçilərinin, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi qəbulda sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər yerindəcə araşdırılaraq həllindən ötrü aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib. Səyyar qəbula görə razılıqlarını bildirən sakinlər vətəndaş müraciətlərinin diqqətlə araşdırılması, onları narahat edən problemlərin həlli ilə bağlı dövlət səviyyəsində görülən işləri yüksək dəyərləndiriblər. Çıxışlarda müxtəlif məsələlərlə bağlı arzu və təkliflər səsləndirilməklə yanaşı inzibati ərazi dairəsinə daxil olan kəndlərdə çoxmənzilli yaşayış binalarının dam örtüklərinin əsaslı təmirinə, əhalinin maddi-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qəbul olunan qərarlara, ən ucqar kəndlərdə müasir yol infrastrukturunun qurulmasına, yeni məktəblərin tikilməsinə və kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dəstəyə görə ölkə başçısına minnətdarlıq ifadə olunub.




Daha 3 dövlət proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub

May ayının 22-də Lənkəran ŞİH-də rayonda abadlıq-quruculuq sahəsində görülən işlər, kənd təsərrüfatında və baramaçılığın inkişafında həyata keçirilən tədbirlərlə bağlı aparat müşavirəsi keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, İcra nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə İcra başçısı Taleh Qaraşov geniş nitq söyləyərək ölkədə siyasi sabitliyin möhkəmlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifah halının durmadan yaxşılaşdırılması istiqamətində cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticələri barədə ətraflı məlumat verib. Natiq qeyd edib ki, radikal müxalifətin və onların xarici havadarlarının təxribatçı əməllərinə, böhtan, şər kampaniyalarına baxmayaraq Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir, dünyada nüfuzu artır. Ölkədə siyasi sabitlik və vətəndaş həmrəyliyi getdikcə möhkəmlənir. Əhaliyə göstərilən dövlət qayğısı hər bir ailənin sosial rifahını yüksəldir. Cənab Prezidentin davamlı diqqəti və qayğısı ilə ölkənin hər yerində olduğu kimi, Lənkəran rayonunun da sosial-iqtisadi sahəsində böyük uğurlar qazanılır. Rayonun ictimai-siyasi həyatında baş verən müsbət tendensiyaların bütün sahələrdə olduğu kimi quruculuq-abadlıq sahəsində və aqrar sektorda da işlərin uğurlu gedişinə əlverişli imkanlar yaratdığını önə çəkən natiq, göstərilən sahələrdə qazanılan yüksək nəticələrin həyata keçirilən sosial siyasətin bəhrəsi olduğunu diqqətə çatdırıb. İcra başçısı yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulan obyektlərdə tikinti işlərinin vəziyyəti barədə danışaraq bu işlərin daha da sürətləndirilməsinin vacibliyini qeyd edib. Eyni zamanda natiq aqrar sahədəki işlər barədə də danışaraq rayonda çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına dair həyata keçirilən 3 dövlət proqramının icrasında qarşıda duran vəzifələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırmaqla mövcud imkanlardan və yem bazasından səmərəli istifadə etməklə rayonda baramaçılığın inkişafının iqtisadi əhəmiyyəti barədə fikirlərini söyləyərək müvafiq tövsiyyə və tapşırıqlarını verib.



Yazının sonluğu olaraq bir məsələyə də münasibət bildirmək istərdik. Hərçənd bu məsələnin nə ruhuna, nə mahiyyətinə, nə də formasına görə təqdim etdiyimiz bu materialda əks olunan fakt və proseslərə qətiyyən heç bir uyğunluğu yoxdur. Bununla belə, diqqətimizi belə bir məqam cəlb edib ki, Taleh Qaraşovun öz çıxışlarında radikal müxalifətin və onların xarici havadarlarının təxribatçı əməllərinə, onların ölkəmizə qarşı apardıqları çoxsaylı böhtan, şər kampaniyalarına qarşı sərt etirazlarını ifadə etməsi ona gətirib çıxarmışdır ki, bu gün artıq Lənkəran ŞİH başçısı özü də infotəxribatçıların hədəfinə çevrilmişdir. İş o yerə gəlib çıxmışdır ki, Taleh Qaraşovun sadəcə özünün deyil, həmçinin onun ailə üzvlərinin və hətta azyaşlı nəvələrinin belə şərçilər tərəfindən müzakirə obyekti kimi ictimaiyyətə təqdim olunmalarına cəhd göstərilir. Təbii ki, şər və böhtan dolu belə hücumlar xalqına və dövlətinə sədaqət və fədakarlıqla xidmət edən insanlardan heç nə apara bilməz. Sadəcə olaraq demək istəyirik ki, bu informativ hücumların məhz icra başçısının radikal müxalifətə qarşı tənqidi çıxışlarının intensivləşməsi ilə eyni vaxta təsadüf etməsi, Taleh Qaraşova qarşı “qara-piar” kampaniyalarının hansı mənbələrdən qaynaqlandığına dair heç bir şübhə yeri qoymur.

aia.az
Abbas Abbasov
Elbrus Bağıriv
Geri dön